Afrin əməliyyatı ilə bağlı yalanları kim və niyə yayır? -Şərh
PKK/PYD terror qruplaşması Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatına qarşı apardığı qarayaxma kampaniyası çərçivəsində fərqli vaxtlarda, fərqli ərazidə çəkilmiş fotolardan istifadə edir, sosial şəbəkələrdə paylaşdığı görüntülərlə türk ordusunun Afrində ağır itkilər verməsi ilə bağlı yalan informasiyalar yayır.
Yenixeber.org: Məsələ ilə bağlı analitik Elçin Mirzəbəyli bir sıra böyük informasiya agentlikləri tərəfindən bu cür əsassız xəbərlərin tirajlamasının məqsədyönlü kampaniya olduğunu və Rusiyanın maraqlarına xidmət etdiyini söyləyib:
““Zeytun budağı” əməliyyatı kifayət qədər uğurla həyata keçirilir və ayrı-ayrı ölkələrin, o cümlədən Rusiya ekspertlərinin şərhlərindən də görünür ki, Türkiyə ordusunun qısa müddət ərzində terrorçulara vurduğu zərbə onlar üçün gözlənilməz olub. Görünür, Türkiyənin terrorçulara qarşı hərbi əməliyyatlarında maraqlı olmayan ölkələr, həmçinin türk ordusunun uğursuzluğa düçar olacağını ehtimal edən, ənənəvi olaraq ikili oyun oynayan dövlətlər hərbi əməliyyatların nəticəsindən razı qalmayıblar. Transmilli kütləvi informasiya vasitələrinin müxtəlif güc mərkəzlərinin nəzarətində olduğu heç kimə sirr deyil. “RİA Novosti” isə dövlət agentliyidir və burada belə xəbərlərin yayılması siyasi razılıq olmadan mümkün deyil. Rusiyanın hərbi ekspertləri Türkiyə ordusunun döyüş qabiliyyətinin olmadığı, əməliyyatın çox pis hazırlandığı barədə rəylər verirlər. Bu gün əminliklə deyə bilərəm ki, Türkiyə ordusunun uğursuzluğa düçar olmasında ən maraqlı ölkələrdən biri də Rusiyadır”.
Avropa.info saytının baş redaktoru, tanınmış jurnalist Ruslan Bəşirli isə savaş dövründə bu kimi təxribat xarakterli materialların yayılması hallarının tez-tez baş verdiyini deyib:
“Ümumiyyətlə, bu cür dezinformasiyaların yayılması ilə ilk dəfə deyil ki, rastlaşırıq. Lakin indi məsələ fərqlidir. Türkiyə PKK terror təşkilatına qarşı savaşır. Türkiyəyə qarşı bu savaş zamanı “qara piardan” istifadə edənlər həmin terror təşkilatının himayəçilərinə çevrilirlər.
Türkiyə ordusu PKK/PYD terrorçularına qarşı uğurlu bir əməliyyat həyata keçirir və dəlilləri də mövcuddur. Xatırladım ki, Türkiyə bir müddət öncə, İŞİD-ə qarşı "Fərat qalxanı" əməliyyatını keçirəndə də adlarını çəkdiyiniz media orqanları "qara piar" aparırdılar. Sonu nə oldu? Türk ordusu Azad Suriya Ordusu ilə birgə böyük bir ərazini İŞİD-dən azad etdi. Həmin "qara piar" kampaniyası iflasa uğradı. Bu cür dezinformasiyaların ömrü uzun çəkmir. Ümid edirəm ki, "Zeytun budağı" əməliyyatında da belə olacaq”.