Keçən günlərdə açıqlanan faktlardan da aydın oldu ki, AZƏRTAC-ın idarə heyətinin keçmiş sədri Aslan Aslanovun öz vəizfəsindən uzaqlaşdırılmasına səbəb onun korrupsiya əməllərinin olması barədə deyilənlər təsdiqini tapmaqdadır.
Yenixeber.org: Bildiririk ki, bu barədə son səfə Gununsesi.info portalı məlumat yaydı. Sözügedən saytın iddialarından belə aydın olurdu ki, Aslan Aslanovun fəaliyyəti zamanı həyata keçirdiyi bəzi korrupsiya faktları ifşa olunub.
Sayt yazırdı: "Aslan Aslanov bu əməlləri Konstitusiya Məhkəməsinin mətbuat xidmətində çalışan oğlu Tural Aslanov ilə birlikdə həyata keçirib. Belə ki, AZƏRTAC-ın jurnalistləri üçün Dübəndidə ayrılmış torpaq sahələri jurnalist olmayan və A.Aslanova yaxın 32 şəxsin adına rəsmiləşdirilərək, sonradan etibarnamə ilə Tural Aslanovun yaxın dostu və AZƏRTAC-da reklam şöbəsinin müdiri olan Əlişan Quluzadənin vasitəçiliyi ilə satılməşdır. Ayrı-ayrı vətəndaşlara ümumilildə 16 satış həyata keçirilib.
Həmçinin Tural Aslanovun şəxsi biznes məqsədilə açdığı idman zalı üçün nəzərdə tutulan avadanlıq sonradan AZƏRTAC tərəfindən saxta tenderlə satın alınmışdır. Söhbət hər iki proses üzrə milyonlarla manatdan gedir. Aslan Aslanovun qohumları bir yana, Şabran rayonunun Qalaltı kəndində tikdirdiyi villasının bütün tikinti xərci də AZƏRTAC balansından ödənilib. Bundan başqa tikinti rəhbərinə əməkhaqqı ödənilməsin deyə onun iki övladı da agentliyə tərcüməçi kimi işə alınıb".
Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, Aslan Aslanovun "vurulmasında" bu fakt yeganə təsiredici amil rolunda çıxış etməyib. Artıq bir neçə istiqamət üzrə araşdırma da aparılır.
Məlumatlı mənbə dia.aza bildirir ki, büdcə pulları AZƏRTAC-da rüşvət və korrupsiya yeminə çevrilib. Əməkdaşların materialların hazırlanmasında, yayılmasında rüşvətə yol verdikləri barədə də informasiyalar var.
AZƏRTAC-ın İdarə Heyətinin sədri olmuş Aslan Aslanovun yaxın günlərdə bu məsələ ilə bağlı təkrar hüquqi araşdırmaya cəlb olunacağı deyilir. Onun istintaqa cəlb olunub-olunmayacağı barədə qəti qərar verilməsə də, vəziyyəti heç də ürəkaçan deyil.
Qeyd edək ki, AZƏRTAC dövlət büdcəsindən maliyyələşən informasiya agentliyidir. Onun illik büdcəsi 10 milyon manata yaxındır. Təkcə bu fakt deməyə əsas verir ki, qurumdakı korrupsiyanın miqyası kifayət qədər çoxdur. Korrupsiya və talançılığın illərdir davam etdiyi, çox böyük məbləğlərdən söhbət getdiyi deyilir.(dia.az)
Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...