“Həddimi aşmıram, yerimi bilirəm, problem də yaranmır”
Bu il Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək
"Xeberinfo.com": Virtualaz.org saytı seçkiyə qədərki müddətdə Milli Məclisin üzvləri ilə həmsöhbət olmağa, deputatların geridə qalan 4 ildən çox bir vaxtda gördüyü işlərin nədən ibarət olduğunu, növbəti parlament seçkilərində iştirak edib-etməyəcəyini öyrənməyə çalışacaq.
Saytımızın budəfəki qonağı 42 saylı Sumqayıt II seçki dairəsindən Milli Məclis üzv seçilən professor Musa Qasımlıdır.
-Musa müəllim, son seçkidən bəri 4 ildən çox bir zamanı geridə qoymuşuq. Bu müddət ərzində millətvəkili olaraq hansı işləri görmüsünüz? Qısaca olaraq bu zamanı necə şərh edə bilərsiniz?
-Ötən 4 il ərzində deputat olaraq bir neçə səviyyədə fəaliyyət göstərmişəm. Milli Məclisin plenar və komitə iclaslarında müntəzəm çıxışlar etmişəm. Müəyyən təklifləri irəli sürmüşəm. Qanun layihələri haqqında fikir və mülahizələrimi söyləmişəm. Seçicilərimlə görüşlərim olub. Azərbaycanda olduğum müddətdə həftədə bir dəfə Sumqayıta getmişəm. İndiyədək dairədə yerləşən bütün məktəblərdə, digər müəssisələrdə olmuşam. Mobil telefonum seçicim üçün daim açıq olub. Hər bir seçici istədiyi zaman mənə zəng edə bilib. Şəhərdə keçirilən toplantılarda iştirak etmişəm. Yəni seçici üçün əlçatan deputat olmuşam. Ölkə KİV-lərində - qəzet, radio, televiziya və saytlarında çıxışlarım olub, müsahibələrim dərc edilib. Ölkənin ictimai həyatında fəal iştirak etmişəm. Sumqayıtın “Dünya TV”-si ilə dəfələrlər canlı yayımda çıxışlarım olub. Həm parlament, həm də elmi fəaliyyət xətti ilə xarici ölkələrdə ölkəmizin tarix elmini təmsil etmişəm. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin yayılması istiqamətində bacardığımı etmişəm.
-Geridə qalan müddətdə millət vəkili olaraq gördüyünüz işlərdən razısınızmı?
-Məncə, “razı” və “narazı” ifadələri burada bütün fəaliyyəti tam əks etdirmir. Təkcə deputat deyil, hər hansı bir işdə olan adam öz fəaliyyətindən razı qalırsa, bu, artıq durğunluqdur. Əsas odur ki, insan qarşıya qoyduğu məqsəd üçün faydalı fəaliyyət göstəribmi. Məncə, ötən 4 ildə faydalı işlər görə bilmişəm. Ancaq görüləsi işlər hələ çoxdur.
-Seçicilərinizlə axırıncı dəfə nə vaxt görüşmüsünüz?
-Sumqayıtda sonuncu dəfə fevralın 8-də, bazar günü olmuşam. Görüş bir neçə seçicimin istəyi ilə baş tutub.
-Ümumiyyələ, seçicilərinizlə görüşləriniz konkret plan üzrə olurmu? Yəni mütəmadi olaraq görüşürsünüzmü?
-Xeyr. Konkret plan üzrə olmur. Seçicilərim mobil telefonuma zəng edib görüşmək istədiklərini deyirlər. O zaman görüş yerinin seçimini onlar edir. Ya Milli Məclisə gəlirlər, görüşürük, ya da mən gedib yerində görüşürəm. Seçicimin Milli Məclisə gəlməsinə isti yanaşmıram. Niyə narahat olsunlar? Özüm gedirəm. Bəzən də məktub yazan seçicimlə gedib yerində görüşür, problem və istəyi ilə tanış oluram, məsələni izah edirəm. Özümün təşkil etdiyim görüşlər çox az olub. Görüş xatirinə görüş keçirmək, seçiciyə zəhmət vermək istəmirəm. Seçicilərimin xeyir-şər məclislərində iştirak etməyə çalışıram. Dəvət olunsam, toylarına da gedirəm. Xəbərim olduqda mütləq hüzr məclislərində el adəti ilə iştirak edirəm.
-Yəqin ki, deputatlığa namizəd olarkən seçicilərinizə verdiyiniz vədlər olub. Bu vədləri yerinə yetirmisinizmi?
-Seçkiqabağı kampaniya zamanı demişdim ki, mobil telefonum daim açıq olacaq, mən sizin üçün əlçatan deputat olacağam, problemlərinizin həllinə sizinlə birlikdə çalışacağam, mənə səs verdiyiniz üçün utanmayacaqsınız, mənim seçilməyim sizin seçilməyiniz olacaq. Buna da əməl etmişəm.
-İndi elə bir mövsümdür ki, sosial məsələlərlə bağlı şikayətlər daha çoxdur. 42 saylı Sumqayıt II seçki dairəsindən seçilən millət vəkili olaraq seçicilərinizdən ən çox hansı şikayətlər gəlir? Nədən narazıdırlar?
-İndiyədək seçicilərimdən təqribən 200-250 məktub almışam. Bütün məktubları özüm oxuyuram. İnsanlar indi artıq adi sosial məsələləri günədəliyə çox da gətirmir. Məsələn, onlar əgər əvvəllər şəhərdəki iri prospektlərin asfaltının dəyişdirilməsini istəyirdilərsə, indi həyətlərində asfaltın dəyişdirilməsini, əvvəllər binaların damının təzələnməsini istəyirdilərsə, bu gün blokların giriş qapılarının təzələnməsini istəyirlər və s. Səhv etmirəmsə, ötən ilin son altı ayında Sumqayıt şəhər sakinləri 10 mindən çox avtomobil alıblar. Elələri də var ki, digər şəhərlərin və Bakının nömrələri ilə özlərinə avtomobil alıblar. Bu, artıq sosial məsələ deyil, insanların daha yaxşı, rahat yaşamaq istəyinin göstəricilərindən biridir. İnsanlar bu gün dünənkindən, sabah bugünkündən yaxşı yaşamaq istəyir. Bu, qətiyyən pis deyil, yaxşı, xoş bir istəkdir. Bu istək inkişafımızın və cənab prezidentimiz İlham Əliyev başda olmaqla indiki hakimiyyətə etimadın, inamın göstəricisidir.
-Deputatların fəaliyyətinə əsasən vətəndaşlarla görüşlərinə, Milli Məclisdəki çıxışlarına, təkliflərinə, bir də beynəlxalq təşkilatlarda fəaliyyətinə görə qiymət verilir. Sizə daha çox hansına görə qiymət vermək olar?
-Deputatın fəaliyyətinə qiymət verməyin dünya ölkələrində konkret, dəqiq bir meyarı yoxdur. Deputat vətəndaşla görüşür, seçicisinin düşüncələrini və öz fikirlərini Milli Məclisdə çatdırır, qanunyaradıcı fəaliyyətdə iştirak edir, beynəlxalq tədbirlərdə ölkəni təmsil edir, KİV-lərdə çıxış edir və s. Bütün bunların hamısı eyni səviyyədə olmaya bilər. Ancaq son nəticədə edilənlərin hamısı elə seçicinin maraqlarının qorunması, ona xidmət deməkdir.
-Necə düşünürsünüz. Seçiciləriniz sizdən razıdırmı?
-Bu sualın cavabını seçicilər verə bilər. Məncə, razı olmalıdırlar. Razı olmayanlar da ola bilər. Deputat səlahiyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərə heç vaxt qarışmamışam, yalnız yol göstərməyə çalışmışam.
-Milli Məclisdəki fəaliyyətinizi necə qiymətləndirə bilərik? Aktiv deputatlardansınızmı?
-Doğrudur, parlament elə danışmaq üçün yerdir. Ancaq bu, o demək deyil ki, deputat elə nədən gəldi danışmalıdır. Mən hər bir məsələ barəsində söz deməyə can atan, çox danışmağa meylli adam deyiləm. Mükəmməl bilmədiyim bir məsələ haqqında populist danışmaq xarakterimə uyğun deyil. Hər kəs özünün dəqiq bildiyi məsələ üzrə çıxış etsə, onda zaman da boşuna getməz, yeni fikir və ideyalar meydana çıxar, qanunlarımız daha mükəmməl olar.
-Milli Məclisin iclaslarında buna görə az çıxış edirsiniz?
-Məncə, çox çıxış etmək deyil, mahiyyəti üzrə mənalı danışmaq önəmlidir. Əsas odur ki, çıxışında dövlətin və millətin maraqları naminə səmərəli bir fikir söyləyəsən. Ötən 4 ildə Milli Məclisin təqribən 84 iclası keçirilib. Mən isə 50-dək plenar iclasda və komitə toplantısında çıxış etmişəm. Yalnız həllini zəruri saydığım məsələlər haqqında danışmışam. Bu, azdır, çoxdur, yoxsa normaldır - buna siz qiymət verə bilərsiniz. Fikrimcə, başlıca məsələ kəmiyyətdə deyil, keyfiyyətdədir.
-Deputatlar parlamentdə nadir hallarda tənqidi fikirlər səsləndirir. Siz də çıxışlarınızda tənqidə çox üstünlük vermirsiniz. Bu cür məsələlərlə qarşılaşmırsınız, yoxsa çıxış etmək istəmirsiniz?
-Parlamentdə tənqidi fikirlər istənilən qədər səsləndirilir. Kim nəyi istəyirsə, bacardığı formada deyir. Məncə, tənqid sağlam olmalı, problemlərdən çıxış yollarını göstərməli, ümumi işə fayda verməli, inkişafa xidmət etməlidir. Tənqid xatirinə tənqid, mətbuat səhifələrində manşetə çıxmaq üçün danışmaq mənim xarakterimə yaddır.
-Millət vəkili seçilməmişdən əvvəl elmi işlə məşğul olurdunuz. Elmlə məşğul olmaq asandır, yoxsa millət vəkili kimi fəaliyyət göstərmək?
-Dünyada asan heç bir iş yoxdur. Bilmirsənsə və öyrənmək istəmirsənsə, o zaman içində olduğun iş sənin üçün çətin, əzab olur. Millət vəkili olmaq da, tariximizə dair tədqiqatlar aparmaq da şərəfli və məsuliyyətlidur. Seçiciyə də, Azərbaycan elminə də xidmət etməkdən zövq alıram.
-İndiyədək şəhər icra hakimiyyəti ilə aranızda fikir ayrılığı və ya ixtilaflar olubmu?
-Ötən 4 ildə şəhər icra hakimiyyəti ilə aramızda heç bir fikir ayrılığı, ixtilaf olmayıb. Bilirsiniz ki, dövlət hakimiyyətinin müxtəlif qanadları olan icraedici və qanunverici orqanların səlahiyyətləri qanunlarla tənzimlənir. Mən səlahiyyət həddimi aşmıram. Yerimi bilirəm. Mən icra hakimiyyətinin, icra hakimiyyəti də mənim işlərimə qarışmır. Ona görə də problem yaranmır. Normal, səmimi əməkdaşlıq şəraitində işləyirik.
-Növbəti parlament seçkilərində iştirak etmək istəyirsinizmi? Qərar vermisinizmi?
-Seçkilərdə iştirak etmək haqqında hələ ki, qərar verməmişəm. Ağsaqqallar, seçicilər məsləhət bilsələr, namizədliyimi verəcəyəm.
Virtualaz.org