“Heç bir şeyə görə Lamiyəni bədbəxt elədilər”
Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə günahlandırılan məhkum Lamiyə Quliyevanın anası Ulduz Quliyeva azvision.az-a müsahibə verib.
"Xeberinfo.com": Həmin müsahibəni təqdim edirik. O, qızı ilə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirib:
- Ulduz xanım, son günlər mətbuatda, ictimaiyyət arasında ən çox müzakirə olunan məsələ Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsidir. Bu yaxınlarda da onun məhkəməsi olacaq. İlk öncə bu olaylarla bağlı fikirlərinizi bilmək istərdik.
-Lamiyənin Apellyasiya Məhkəməsində mən də iştirak edəcəyəm. Mən çox inanıram ki, qızım bu məhkəmədən sonra azadlığa buraxılacaq. İndi Lamiyənin yanından gəlirəm. Qızım da, nəvəm də yaxşıdır. Lamiyə uşağını da məhkəməyə gətirəcək. Bu gün Lamiyəni Kürdəxanıdakı həbsxanaya aparırlar. Lamiyəni məhkəməyə oradan gətirəcəklər. Mən bilirəm ki, bütün Azərbaycan Lamiyənin tərəfindədir.
-Nəvəniz necədir?
-Mən nəvəmi adla çağırmıram. Qaqaş deyirəm. Nəvəm çox toppuşdur. O anasından ayrı durmur. Türmədə hamı uşaqdan ötrü ölür. Maşallah qəsəng uşaqdır.
-Qızınızın həbsxanaya düşməsindən danışmaq istərdik. Aslan Aslanovun oğlunu kim öldürmüşdü: Lamiyə, yoxsa Vüqar?
-Lamiyə günahsız olaraq həbsxanada yatır. Onun yalandan işin üzərinə iş açırlar. Qızım 10 ildir ki, günahsız olaraq həbsxanadadır. Heç bir şeyə görə Lamiyəni bədbəxt elədilər. Lamiyə barəsində biləndə danışır, bilməyəndə. Lamiyə özünə neçə dəfə qəsd eləmək istəyib. Bütün üzünü-gözünü cırıb. Onun başına nələr gəlməyib ki?
- Lamiyənin həbsxanada uşaq dünyaya gətirməsindən sonra çoxları iddia edirdi ki, onu zorlayıblar. Bu fikirlər nə dərəcə doğrudur?
-Lamiyəyə heç kəs zor tətbiq etməyib. Uşağı öz xoşluğu ilə dünyaya gətirib. Həbsxana işçiləri, rəislər ona zor tətbiq etməyiblər. Başımıza çox işlər gəlib. Lamiyənin nələr çəkdiyini heç kəs bilmir.
- Bəs, qızınızın uşağının atası kimdir?
- Lamiyənin uşağının atası var. Vüqar Əliyev onun uşağının atası deyil. Vüqar Lamiyənin nişanlısı idi. Uşağın atası türmə işçisi də deyil. Onun atası Bakıdandır. Deyilənə görə uşaq atasına oxşayır. Elə atası, da uşaq da qəşənqdir. Narahat olmasınlar, uşağın atası var. Yaxşı da oğlandır.
Lamiyə türmədə heç kəslə ailə həyatı qurmayıb. Uşağın atası nə Vüqardır, nə də türmə işçilərdir. O, adi bir gəncdir. Bakıda yaşayır. Şəmkirli də deyil. Lamiyənin uşağın atasını sevdiyinə inanıram.
- Qızınızın əvvəlki nişanlı Vüqar Əliyevin ailəsi ilə münasibətiniz necədir?
-Əvvəllər Vüqarın da ailəsi, mən də çox yerlərə müraciət etmişik. Aramız da heç bir düşmənçilik yoxdur. Onların oğulları da bədbəxt oldu, mənim qızım da! Bu hamımız üçün bir zülm oldu.
-Lamiyə sizinlə görüşəndə haqqında gəzib-dolanan bu söz-söhbətlərlə bağlı nə dedi? Xüsusən də uşaqla bağlı...
-Lamiyə azadlığa buraxılacağına inanmır. O, övaldının olduğuna görə çox sevinir. Uşaq Lamiyəyə həyat verir. O deyir ki, mama bu uşaq ömürlük mənim yanımda olacaq, heç vaxt məni tərk eləməyəcək. Lamiyə deyir ki, mən günahsızam. Nə qədər ağlamaq olar, nə qədər üz çırmaq olar?