Vüqar Əliyev ƏFV üçün prezidentə müraciət etdi
“Vüqar Əliyevlə görüşdüm. Onu deyə bilərəm ki, səhhətində problemlər var, ürəyi narahatdır”.
"Xeberinfo.com": Məlumata görə, bu barədə Modern.az-a Şəmkirin eks-icra başçısı Aslan Aslanovun oğlunun qətlində günlandırılan Vüqar Əliyevin vəkili Adəm Məmmədov məlumat verib.
Vəkil qeyd edib ki, Lamiyə Quliyevanın həbsxanada nikahdankənar uşaq dünyaya gətirməsi keçmiş nişanlısı Vüqar Əliyevi çox sarsıdıb:
“Çünki onlar bir-birilərini çox seviblər. Buna görə də Vüqar iki gün özünə gələ bilməyib. Keçmişdə də olsa, Lamiyəyə qarşı dərin sevgisi olub”.
Vəkil deyib ki, Vüqar Əliyev əfv ərizəsini imzalayıb: “Əfv ərizəsini imzaladı. Prezidentin onun əfv edəcəyinə, haqqa, ədalətə çox inanır. Ümid edir ki, ölkə başçısı eyni zamanda ədalət onun azadlığa çıxmasını təmin edəcək”.
Vüqar Əliyev və Lamiyə Quliyeva 2003-cü ildə həbs ediliblər. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər.
Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Lamiyə Quliyeva barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Bir müddət əvvəl – 2014-cü ilin oktyabrında Lamiyənin həbsxanada nikahdankənar uşaq doğması cəmiyyətdə rezonans doğurub.
Lamiyə Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin hökmünə gəldikdə isə cəzanın ağırlığı ilə bağlı həmin hökmdən Baş Prokurorluq tərəfindən apellyasiya protesti verilib protestə fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Proses saat 12:30-da başlayacaq.
Vüqar Əliyev hazırda Qobustan həbsxanasında cəza çəkir. O, həbsdə olarkən yaxın qohumu olan bir qadınla ailə qurub.