Mehman Əliyev:“Prezident İlham Əliyevin yeni komandası olacaq”
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev seçkidən sonrakı proqnozlaşdırılan proseslərlə bağlı “Yeni Müsavat”a müsahibə verib.
Yenixeber.org müsahibəni oxucularına təqdim edir:
– Mehman bəy, Azərbaycanda keçirilən 11 aprel prezident seçkisindən sonra nələr baş verəcək, ölkənin birinci şəxsi hansı addımları atacaq, komandada əsaslı dəyişikliklər olacaqmı? Bu barədə nə deyə bilərsiniz?
– Seçkidən sonra həm institusional, həm kadr islahatları getməlidir. Mən bunu gözləyirəm. Ümumiyyətlə, getdikcə cəmiyyətdə də münasibətlərdə dəyişikliklər olmalıdır, həm iqtisadi, həm də siyasi zəmində. Yetişib artıq…
– Nə mənada?
– O mənada ki, seçkilərin özünün də tez, çevik şəkildə keçirilməsi onu göstərir ki, tələsirlər. Artıq İlham Əliyev özü də tələsir. Onu heç kəs tələsdirmirdi. Yəni o, seçkini payızda da normal şəkildə keçirə bilərdi. Ancaq o da başa düşür ki, artıq prosesləri sürətləndirmək lazımdır.
– Söhbət islahatlardan gedir?
– Bəli.
– Yeni komanda necə, olacaqmı?
– Məncə, hə. Açığı, mən fərdlər səviyyəsində yeni komandada kimlərin olacağını bilmirəm. Amma yeni komandanın formalaşması aktualdır, lazımdır.
– Nazirlər Kabinetinin ləğv olunması realdır?
– İnanmıram ki, ləğv olunsun. Amma rəhbərliyinin dəyişməsi qaçılmazdır.
– Baş nazir də?
– Baş nazir, baş nazirin müavinləri və s. Bəzi nazirlər gedəcək.
– Deməli, “Yol Xəritəsi”nin icrasına başlanılacaq?
– Əlbəttə ki. Əslində seçkidən qabaq bəzi işlər görülürdü, demək olmaz ki, heç nə etmirdilər. Amma getdikcə daha da sürətli olacaq.
– Maraqlısı budur ki, əvvəlki dövrlərdən fərqli olaraq, beynəlxalq səviyyədə budəfəki seçkiyə çox sakit reaksiya verildi. Bu, nəyin əlamətidir?
– Mən beynəlxalq nümayəndələrin özlərinə də demişəm ki, siz bu seçkiləri legitimləşdirməyə gəlmisiniz. Bu proses, yəni beynəlxalq ictimaiyyətin, ilk növbədə ABŞ və Avropa Birliyinin susqun müşahidəsi onu göstər ki, seçkidən öncə razılaşma var. Onlar bilirlər ki, İlham Əliyev haraya gedir və neyləyəcək və bu proseslər razılaşdırılmış formadadır. Yəni seçki prosesi texniki məsələdir, formaldır. Əsas proseslər seçkidən sonrakılardır. ABŞ-ın səfiri də seçkidən qabaq ölkəmizi tərk edib. Bu, onu göstərir ki, amerikanlar bu prosesdə iştirak etmirlər, kənarlaşıblar. İkincisi, mən hesab edirəm ki, yaxın bir neçə ay ərzində də ABŞ-ın burada səfiri olmayacaq. Bu da onu göstərir bu müddətdə hakimiyyət, ilk növbədə İlham Əliyev haraya və necə getdiyini nümayiş etdirməlidir. Ondan da çox şey asılı olacaq ki, gələcək münasibətlər nəyin üstündə qurulacaq və tərəflə hansı səpkidə əməkdaşlıq edəcək, yaxud etməyəcəklər.
– ATƏT missiyasını çıxmaq şərtilə, digər qurumların mövqeyi hakimiyyət üçün qənaətbəxş oldu…
– Aydındır ki, Azərbaycanda demokratik mühit, söz azadlığı yoxdur, insan hüquqları tapdanır. Belə olan halda hansısa seçkinin normal keçirilməsi mümkün deyil. Əslində namizədlərə, personalara baxsaq, bu, onu göstərir ki, onların seçkidə iştirakı formal xarakter daşıyırdı və bu, seçki görüntüsü idi.
– Amma ənənəvi müxalifətin ən azı xalqa sözünü demək imkanı var idi, lakin bundan istifadə etməyib boykot yolunu tutdu. Həm də parlament seçkiləri üçün siyasi kapital toplaya bilərdilər…
– İş ondadır ki, onlar formal olaraq kənardan müşahidə edirdilər və fikir bildirirdilər. Bu, öz yerində. Amma fakt budur ki, müxalifət də seçkiyə qatılmadı.
– Bu, normal idi?
– Müxalifətçilik nöqteyi-nəzərdən normal deyildi. Amma proses nöqteyi-nəzərdən, məncə, normal idi. O mənada ki, Qərbin də, müxalifətin də yekdil münasibəti var idi.
– Amma heç Qərb müxalifətin seçkidən imtinasını təqdir etmədi.
– Söhbət ondan gedir ki, İlham Əliyevə seçkilərin texniki keçirilməsi üçün şərait yaradıldı, bu, reallıqdır. Seçki sırf texniki xarakter, görüntü xarakteri daşıyırdı. Burada seçki prosesi yox idi. Orda rəqabət var idimi?
– Ənənəvi müxalifət seçkidə iştirak etsəydi, mənzərə dəyişə bilməzdimi?
– Əslində onlar elə bir vəziyyət yaratdılar ki, heç bir rəqabət, seçki prosesi olmadı, seçki texniki xarakter daşıdı.
– Mehman bəy, Ermənistan tam şəkildə parlament üsul-idarəsinə keçdi. Mümkündürmü ki, Azərbaycanda da bu prosesə start verilsin?
– Hələ tezdir. Bizdə hələ buna hazırlıq yoxdur. Ermənistanda real müxalifət parlament sistemində təmsil olunurdu. Cəmiyyətdə müxalifət və hakimiyyət bölgüsü var idi. Özü də bu bölgü təkcə siyasi meydanda yox, biznes meydanında da, informasiya məkanında da var idi. Yəni Ermənistanın real müxalifəti sferalarda az və ya çox olmaqla, müəyyən formada təmsil olunurdu. Bizdə müxalifətin biznes dəstəyi yoxdur. Orda isə biznesmenlər var ki, deyir, mən Ter-Petrosyanı dəstəkləyirəm, pul da verirəm, partiyasının da üzvüyəm. Azərbaycanda bu, mümkün deyil. İnformasiya məkanını götürəndə, onlarda telekanallar və internet resursları da var, qarşı tərəfin mövqeyini yayır. Həmçinin azad, sərbəst toplaşmaq, piket, mitinq keçirmək problemi yoxdur.
– Bizdə də müxalifətin mitinqlərinə icazə verilir. Elə sabah növbəti mitinq olacaq…
– Yox, mitinqlərə hərdən icazə verilir. Siz sonuncu dəfə hansı tədbirdə iştirak etmisiniz ki, orada müstəqil QHT-lər, ya siyasi partiyalar tədbir keçirib. Harda olub? Bir dənə zalı imkan vermirlər ki, camaat toplaşsın, tədbir keçirsin. “Məhsul”da mitinq keçirməyə icazə verirlər, bu, başqa məsələdir. Amma gündəlik toplaşmaq, nə isə keçirmək, mübarizə eləmək, bunlar yoxdur. Son illərdə İctimai Televiziyada müxalifət liderlərinin, müstəqil ictimai xadimlərin sifətlərini görmüsünüzmü?
– Ola bilərmi ki, buna doğru hakimiyyət açılım elan etsin?
– Belə tez olmayacaq, amma ona doğru gedəcək.
– Bu seçki ərəfəsində ortaya radikal, söyüşcül müxalifət çıxdı və ənənəvi deyilən müxalifətin heç də radikal olmadığı qənaəti çoxlarında formalaşdı, aparıcı siyasi partiyaların davranışları, siyasi mədəniyyəti hətta təqdir olundu. Bundan sonra həmin qüvvələrə tribuna veriləcəyini güman etmək olar?
– Bilirsiniz, kimə harada yer verməyi heç kəs müəyyənləşdirmir, onu proses müəyyənləşdirir. Əgər hakimiyyət bu tipli məsələlərdən, yəni şərləmək və s. prosesdən əl çəksə, onda o biri tərəflər də bunu etməyəcək. Bu ənənəni hakimiyyət gətirib meydana və vaxtilə stimullaşdırırdı. İndi vəziyyət dəyişib.
– Bəzi namizədlər seçki təbliğatı dövründə əvəzlənəcək məmurlarla bağlı anons edirdilər. Seçkiyə bir gün qalmış prezident İlham Əliyev də “keçmiş xidmətlər nəzərə alınmayacaq, cəzalandırılacaq” deyə, sərt xəbərdarlıq etdi. Bu xəbərdarlıq sizə nə deyir?
– Əslində birinci dəfə deyil ki, xəbərdarlıq edir.
– Amma situasiya başqadır.
– Bəli, situasiya başqadır. Amma mən bu bəyanatlara o qədər də fikir vermirəm. Problem və böhran var. Böhrandan çıxış yolu bu münasibətləri, şəxsləri, çox şeyi dəyişməkdən keçir.
– Necə bilirsiniz, Şərq Tərəfdaşlıq Müqaviləsi də masadadır?
– Danışıqlar gedəcək. Məncə, o məsələni də həll etmək lazımdır. Orda bir problem var, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Cürbəcür bəhanələr gətirirlər ki, biz bazarı qoruyuruq və s. Ancaq əslində bizim bazar xarici bazardan asılıdır. Demək olar ki, biz ölkəyə hər şeyi xaricdən gətiririk. Ona görə də burada bazarın qorunmasından heç cür söhbət gedə bilməz. Əgər kimsə Azərbaycanda pomidoru 4 manatdan satmaq istəyirsə və Avropa, ya Türkiyə gətirib 1 manata satacaqsa, mən istehlakçı kimi istərdim 1 manata alım. İkincisi, biz soyuducu, televizor, maşın götürsək, Azərbaycanda heç nə istehsal etmirik, hamısını xaricdən gətiririk.
– Maşın istehsal olunur…
– Bir növ maşın yığırlar. Amma bağışla, mən niyə o maşını almalıyam? Yenə də orda kiminsə maraqları var? Biz avtomobil istehsalçısı deyilik. Sadəcə, hissələri gətirib burda yığırıq, əlimizdə bayraq edirik ki, biz maşın istehsal edirik. Yığma sexi o demək deyil ki, biz maşın istehsal edirik.
– Parlament seçkilərinin irəli çəkiləcəyi ehtimalı da ara-sıra səslənir. Bu barədə nə məlumatınız var?
– Bu söhbətlər var. Əgər hakimiyyətin icra sistemində dəyişikliklər baş versə, onda parlament seçkiləri məsələsi ortaya çıxa bilər. Yəni tərəfləri bir araya gətirmək, müəyyən keçid platforması yaratmaq üçün parlament meydançasında dəyişikliklərin olması mümkündür. Amma bundan öncə, əlbəttə ki, müəyyən proseslər getməlidir, bir ictimai saziş olmalıdır ki, biz haraya gedirik, neyləyirik, nəyi qururuq? Bunun üçün də “Yol Xəritəsi” lazımdır ki, nə baş verəcəyini biləsən.
– Prezident seçkisindən sonra Qarabağla bağlı nə baş verəcək sualına sizin cavabınız indi necədir?
– Qarabağla bağlı canlanma olacaq. Sadəcə olaraq, Azərbaycanda hər şey islahatlara gedilməsindən asılı olacaq. Mən sözümün üstündə dururam ki, Azərbaycanda demokratiya qurulmayana qədər Qarabağ məsələsi həll olunmayacaq. Seçkidən sonra canlanma olacaq. Amma mən bunlara paralel baxıram, yəni biz nə qədər çox islahatlara getsək, dəyişsək, Qarabağda da daha çox uğur qazana bilərik, bunsuz mümkün deyil.