“Dilənçi günündə yaşayırıq” – Nazirliyə ağır ittihamlar
Voleybol yığması 3 aydır maaş almır
“Nazirlik bəlkə də kişi voleybolçularinin mövcudluğundan xəbərsizdir”
Xeberinfo.com: Son vaxtlar Azərbaycan Voleybol Federasiyası, xüsusən də kişilərdən ibarət milli voleybol komandamızla bağlı qalmaqallar gündəmdən düşmür. Voleybolçular onlara qarşı diqqətsizlikdən şikayətçidirlər. Bildirirlər ki, nə Gənclər və İdman Nazirliyi, nə də federasiya yığmanın problemləri ilə maraqlanır.
Bu ərəfədə milli komandanın üzvü Elmin Alişanov AzNews.az-a müsahibə verib. O, problemlərin səbəblərindən danışıb.
– Elmin bəy, federasiyanın kişi voleybolçularla problemi nə vaxtdan başlayıb?
– İllərdir artıq…
– Bəs niyə indi daha çox üzə çıxıb?
– Çünki bizə söz verib, hər dəfə yaxşı olacaq deyirdilər. Biz də bu problemləri böyüdüb, onları pis vəziyyətdə qoymaq istəmirdik. Amma artıq səbrimiz qalmayıb. Bıçaq sümüyə dirənib. İtirəcək bir şeyimiz yoxdur. Ya komanda dağılacaq, ya da hər şey düzələcək.
– Bir müddət əvvəl Bülent Karslıoğlunu sizə baş məşqçi təyin etdilər. Amma onun da işi bir o qədər nəzərə çarpan olmadı.
– Bəli, birinci Avropa oyunları ərəfəsində… Nəzərə çarpmadı, çünki bir məşqçi kimi komandaya köməklik göstərə bilmədi.
– Sizcə niyə? Yaxşı məşqçi deyildi, yoxsa rəhbərliyə sözünü keçirə bilmirdi?
– Bülent bəy bizimlə 9 ay çalışdı. Mən demirəm pis məşqçi idi. Amma bir komandanın nəticə verməsi üçün illər lazımdır. Bu, 1-2 ilin işi deyil. Bizə də bu şəraiti heç vaxt yaratmayıblar.
Qarşıdan İslam Oyunları gəlir, amma biz hələ də məşqlərə başlamamışıq. 2 aydır nə bizimlə maraqlanırlar, nə bir şey deyirlər. Milli komandaya qarşı bu qədər diqqətsizlik olmaz axı…
– Şərait yaratmamalarının səbəbini nədə görürsünüz?
– Gücü veriblər ancaq qadın voleyboluna. Kişi voleybolu yaddan çıxıb. Nə çempionatımız var, nə təlim-məşqlərə gedirik, nə də normal maaş alırıq. Vəziyyət çox pisdir.
– İndi yığmanın baş məşqçisi kimdir?
– Fərid Cəlalov. Millinin köhnə oyunçusu olub.
– Yığmanın üzvləri hamısı yerli idmançılardır?
– Bəli.
– Müsahibələrinizdən birində demisiniz ki, sizə ayrılan pullar mənimsənilir. Əmək haqqı alırdınız?
– Bəli, mənimsənilir. Əmək haqqı ayrılırdı, lakin az miqdarda… O pulla da idmançı özünə lazım olanların heç yarısını təmin edə bilməz. Ailəmizə güclə baxa bilirik.
– Uzun müddət ərzində maaş almadığınız vaxtlar olub?
– İndi 3 aydır maaş almırıq.
– Elmin bəy, probleminizi federasiyada dilə gətirəndə reaksiyaları nə olur?
– Deyirlər ki, pul yoxdur, vəsait ayrılmır. Guya əvvəl də özlərindən pul düzəldib bizə verirmişlər. Halbuki bizə normal pul ayrılırdı.
– Bu dediklərinizi onların özünə demisinizmi?
– Demişik, həmişə də bizə nağıl danışıblar. Biz də inanmışıq. Amma indi onların heç bir sözünə inanmırıq, bezmişik. Dilənçi günündə yaşayırıq, utanırıq.
– Elmin bəy, iddialara görə, voleybolçu kişilərlə rəhbərlikdəki şəxlər arasında dava əlbəyaxa dava səviyyəsinə kimi böyüyüb, lakin araya girib qarşısını alıblar.
– Rəhbərliklə mübahisələr olub, amma əlbəyaxa dava məsələsi olmayıb.
– İndi millimizin üzvləri federasiyadan normal əmək haqqı almırsa, bəs pul qazanmaq üçün nə işlə məşğul olurlar? Başqa haradasa işləyənlər varmı?
– Başqa heç bir yerdə işləyənimiz yoxdur. Bizim iş yerimiz idmandır. İdmandan da xeyir gəlmir. Ailəmizin qarşısında çox utanırıq. Evə pul gətirə bilmirik. Komanda üzvləri borc içindədir. Belə biabırçılıq olmaz axı… Nəyə görə kimlərinsə şərəfsizliyinə görə sevdiyimiz işi buraxıb başqa işlə məşğul olmalıyıq? Haqqımızı tələb edirik. Ya komanda normal vəziyyətə gətirilsin, ya da bir dəfəlik desinlər ki, komanda dağıldı. Ondan sonra biz işimizi bilərik.
– Voleybolçulara deyilib ki, daha federasiyada işiniz yoxdur, bura gəlməyin?
– Federasiya ilə heç bir əlaqəmiz yoxdur. Amma elə söz də deməyiblər. Deyə də bilməzlər. Çünki onlar özbaşına deyillər ki, özlərindən qərar versinlər. Amma məsələni də həll etmək istəmirlər. Bizə heç bir söz demirlər. Nə maraqlanırlar, nə bir söz deyirlər.
– Gənclər və İdman Nazirliyindən məsələ ilə bağlı nə deyiblər?
– Nazirlik bizimlə heç maraqlanmır. Bəlkə də heç bilmir kişi voleybol millisi var, ya yox…