“İndi qəlbim məşğuldur”
Müğənni-bəstəkar Emin Rusiyanın “hellomagazine.com” saytına müsahibə verib.
Xeberinfo.com: Həmin müsahibənin qısaldılmış formasını təqdim edirik:
– “Ryadom prosnutsya” klipinizdə Bakıdan görüntülər yer alıb…
– Bəli, 4 yaşımda Moskvaya getməzdən əvvəl mən həmin yerdə yaşamışam. Həmin vaxtlar bizim balaca, ikiotaqlı mənzilimiz varıydı. Buna görə də məni “İçərişəhər”in yerli sakini adlandırmaq olar. Orada klip çəkən zaman bütün qonşular və qohumlar evlərindən bayıra çıxıb, mənimlə ünsiyyət qurmağa çalışırdılar. Çəkiliş zamanı ətrafdakı hərəkəti dayandırmadığımız üçün hər dəfə “Stop! Çəkildi” sözündən sonra insanlar mənə yaxınlaşırdılar.
– Böyüdüyünüz küçələri yenidən görəndə nə hiss etdiniz?
– Keçmişi xatırladım… Tətil günlərimdə ora qayıdanda uşaqlarla küçədə oynayırdım. Yadıma düşür, bir dəfə oyun zamanı mən yanmışdım. 3 yaşım var idi, uşaqlarla küçədə polietilen yandırırdıq, bir hissəsi ayağıma düşdü və yandım. Qışqırmağa və evə qaçmağa başladım. Məni su ilə dolu vannaya saldılar (gülür). Küçədə dondurma satanlar keçirdilər, “Morojena! Morojena1” deyə qışqırırdılar. Həmin vaxt atamın “Moskviç 412″ markalı maşını varıydı. Bir dəfə maşında sükan arxasında anam oturmuşdu. Həmin vaxt Bakıda ilk qadın sürücü bəlkədə o idi. Hətta benzindoldurma məntəqəsində ondan pul da götürməmişdilər. Yaxşı vaxtlar idi, mehribançılıq və istilik.
– İndi hər şey fərqlidir?
– Bakı yaxşılığa doğru çox dəyişib: çoxlu müasir və rahat kafelər, dəbdəbəli binalar tikilib. Təəssüf ki, son illər Bakının küçələrində rahat gəzə bilmirəm, tanıyırlar.
– Amma Bakıdakı klip zamanı özünüzə sərbəstlik verdiniz: maşını rənglədiniz, marketdən səbət oğurladınız.
– Əgər düzünü desəm, bu ad üstümdə olmasaydı, özümü hər gün belə aparardım. Məktəb vaxtları avara idim, həmişə sinifdə qalırdım. İndi də işdən sonra motosikletlə gəzir, dostlarımla qolf oynamağa gedirəm.
– Ofis, iş, qastrol səfərləri… Uşaqlara necə vaxt ayırırsınız? Onları özünüzlə səyahətlərə aparırsınız?
– İmkan olanda aparıram. Əli və Mikayılın artıq 7 yaşı var, ona görə də onlarla harasa getmək rahatdır. Bu yaxınlarda Leyla ilə (Heydər Əliyev Fondunun vitse-prezidenti, keçmiş həyat yoldaşı Leyla Əliyeva – red.) onları ilk dəfə ayırdıq. Əli və Əminə (L.Əliyevanın övladlığa götürdüyü qız uşağı – red.) Leyla ilə Londona getdi. Mikayıl isə mənimlə iki həftə Moskvada qaldı. Təcrübə uğurlu alındı. Uşaqlar birlikdə olduqlarını görür, valideyn sevgisini hər zaman yarı-yarı bölürlər. Burada isə onlar sevginin tək sahibi oldular. Mikayıl bütün günü mənimlə olur, işə gedir, tikintidə olurdu, axşam restorana, məşqə və ya konsertə yollanırdıq. Bizim birlikdə olmağımız bu qədər səmərəli keçdi.
Mənimlə “RU.TV”nin təqdimat mərasiminə qatıldı. Orada sevdiyi müğənni Sergey Lazarevlə tanış oldu, foto çəkdirdi və Əliyə göndərdi: “Bax, paxıllığın tutsun, mən Lazarevləyəm”.
– Əli nə cavab verdi?
– O, yazdı: “Mika, narahat olma, anam söz verib ki, məni Ronaldo ilə tanış edəcək”.(gülür)
– Mən “Bu cür sözlərdən necə bezdim” deyənlərdən deyiləm. Əgər yorulmusansa, getmək üçün hər zaman şans var. Düşünürəm ki, ictimaiyətə açıq olmaq ayrı bir bacarıqdır: insanlar mənim mahnımı sevirlər, həyatımla maraqlanırlar, baxmayaraq ki, bu həyat şəxsidir. Əlbəttə, uyğunsuz vaxtlar olur, nəsə paylaşır, cavabında neqativ fikirlər eşitdim. Sevənlərim mənim xoşuma hansısa qızın gəlməsi həqiqətini qəbul edə bilmirlər. Çalışıram həyatımla bağlı heç nəyi gizlətməyim. Niyə özümü olmadığım biri kimi təqdim edim? Mən bir il qabaq boşanma xəbərimdə də açıq idim. İndi də müsahibələrdə məndən hansı statusda olduğumu soruşurlarsa, cavab verirəm.
– Bəs indi hansı statusdasınız?
– Belə cavab verəcəm: indi qəlbim məşğuldur (gülür).
Gununsesi.info