"Maşınların şüşəsini yuyur, qazandığım pulla siqaret, pivə alırdım"
"Anam Bakıda doğulub, amma rusdur"
Xeberinfo.com: Müğənni-bəstəkar Emin Rusiyanın "OK” dərgisinə müsahibə verib.
- 35 yaşınız oldu. Bu yaşa qədər bir çox nailiyyət əldə etmisiniz. Bu uğurlarda atanız, iş adamı Araz Ağalarovun da rolu böyük olub. İndi biznesdə də, sənətdə də müəyyən uğurlarınız var.
- Hər dəqiqə nəsə öyrənməliyəm, amma bunu müəllim vasitəsilə etmirəm. Mənim adlı-sanlı atam var, ancaq biznesdəki ilk addımlarımı tək atmışam. Ondan məsləhət almırdım, bu, mənim üçün önəmlidir.
- 21 yaşınızda siz artıq idarəçi idiniz?
- 21 yaşıma qədər mənim artıq şəxsi biznesim var idi. Amerikada universitetdə oxuyanda saat və başqa əşyalar sataraq pul qazanırdım. Qazandığım pulun bir qəpiyini də xərcləmirdim, yığır, daha çox saat alır, satırdım. Sonra sayt açdım, özümə işçi götürdüm.
- Yəqin əmindiniz ki, biznesdə nə vaxt yıxılsanız, atanızın köməyi ilə ayağa qalxacaqsınız...
- Heç vaxt küçədə qalmaqdan qorxmamışam. Mən atamdan maddi dəstək istəməmişəm.
- Tərbiyənizlə atanız, yoxsa ananız daha çox məşğul olub?
- Məni anam tərbiyə edirdi: dərsdə otur, bunu etmə, siqaret çəkmə, ora getmə, evə vaxtında gəl. Hərəkətimdə nəsə atamın xoşuna gəlmirdisə, mənimlə danışmırdı. Sadəcə deyirdi: "Otaqdan çıxa bilərsən?”. Bu, hər şeyi başa düşməyimə kifayət edirdi.
- Ailənizdə hansısa adət-ənənə var?
- Biz Azərbaycan mətbəxini çox sevirik, ona görə də restoranlarımızın çoxunda bu yeməklərə üstünlük veririk. Ailəmizdə, məncə, adətlər yoxdur. Anam Bakıda doğulub, amma rusdur. Nənəm isə adət-ənənəyə çox əməl edir. Yanvarda onun yüz yaşını keçirəcəyik. Xatirələrini yazıb, onu kitab formasında təqdim edəcəyik. Əsas odur ki, bizim bir-birinə bağlı olan möhkəm ailəmiz var. Anamla bacım uzun illərdir Amerikada yaşayır, atam isə Moskvada. Həyat yoldaşım övladlarımla birlikdə gah Bakıda, gah da Londonda olur. Amma özəl bayramlarda bir araya gəlirik.
- Sizin əkiz oğlanlarınız var...
- Onlar Bakıda qalır. Hər həftə övladlarımı görməyə çalışıram. Onlarla istirahətə yollana bilmirəm, məktəbə gedirlər. Sonuncu dəfə avqustda istirahət etmişdik. Fransaya getmişdik, valideynlərim də gəlmişdilər. Uşaqlarımla istirahət edərkən telefonumu söndürüb çəkməcəyə qoyuram. Onlarla ən qayğısız vaxt keçirirsən. Bir-birləri ilə çox dalaşırlar. Deyirəm "dayanın”, məni eşitmirlər. Onları bir otaqda tək qoymaq mümkün deyil. Bu yaxınlarda yanlarında olanda dava etdilər. Dedim ki, vəssalam, futbol oynamağa icazə verməyəcəm. Başladılar ağlamağa. Səhəri onları qucaqlayıb, öpüb, könüllərini alıram.
- Belə halda atanızı daha yaxşı başa düşə bilərsiniz...
- Uşaq vaxtı sözə qulaq asan idim. Amma mənim üçün də maraqlı anlar çox idi. Məktəbdə oxuyurdum, uşaqlarla dərsdən çıxıb gedir, maşınların şüşəsini yuyur, qazandığım pulla siqaret, pivə alırdım. Bir dəfə atamın dostlarından birinin maşınının şüşəsini yudum. O da gedib atama dedi. Atam gəldi: "Biabırçılıq. Sən mənim oğlumsan”. Soruşdum: "Niyə mən sənin utancınam?”. Atamın cavabı belə oldu: "Çünki sən şüşə yuyursan, yola işıqfor yanmamış qaçırsan”. Həmin an düşündüm ki, ömür boyu atamın utancı olacam (gülür).
- Özünüzə çox şeyi icazə verirsiniz. Xüsusi arzunuz var?
- Çalışdığım sahələrdə yüksək uğurlar əldə etdiyimi düşünmürəm. Hər şey qarşıdadır. Biznesdə də, sənətdə də mən yolun başlanğıcındayam və startdayam. Hansı istiqamətə getmək lazım olduğunu da bilirəm.