"Çalışıram mənəvi cizgiləri heç vaxt keçməyim"
Nazir özü haqqında gəzən şayiələrə “Yeni Müsavat”da aydınlıq gətirdi; Mədəniyyət və turizm naziri “Şahdağ” Turizm Kompleksində restoran bağlatması haqda yayılmış informasiyaları təkzib etdi; o, ciddi ipucları və mesajlar verdi; “Kiməsə “yox” deyirsən, kiminsə istədiyini eləmirsən, bununla da düşmənlərin əmələ gəlir”
Xeberinfo.com: Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adı son iki gündə mətbuatda hallandırılır. Yayılan xəbərlərə görə, “Şahdağ” Turizm Kompleksinə ailəvi istirahətə gedən nazir oradakı restoranlardan birini bağlatdırmaqla yüzlərlə turistin ora girişinə mane olub.
“Yeni Müsavat”ın əməkdaşları bu xəbərin izi ilə nazirlə telefon əlaqəsi yaradıb. Xoşbəxtlikdən Ə.Qarayev ona etdiyimiz telefon zənginə cavab verib. Fürsətdən istifadə edib həm bu şayiə, onun necə yaranması barədə ondan soruşduq, həm də mədəniyyət və turizm sektoru ilə bağlı bizi, həmçinin cəmiyyəti maraqlandıran bəzi məsələlərə aydınlıq gətirməsinə çalışdıq.
- Əbülfəs müəllim, çox istərdik ki, öncə “Şahdağ”da restoran bağlatdırmanızla bağlı yayılan xəbərlərə münasibətinizi öyrənək. Digər suallara sonra keçərik...
- Haqqımda çoxlu belə şayiələrin mövcud olması məni təəccübləndirmir. Bir dəfə maşınla Qubaya getmişdim. Xəbər çıxdı ki, guya maşınla inək vurmuşam. Bu da təxminən həmin inək vurma məsələsinə bənzəyir. Çünki bu, yanlış bir məsələdir. Birincisi odur ki, "Şahdağ"da bir neçə restoran var. Onların birində onlarla, yüzlərlə insanı gözlətdirmək olmaz. Ümumiyyətlə, bu sistem mümkün deyil. İkincisi, mən Şahdağa ayda iki-üç dəfə, özü də həftəsonları gedirəm. Nəzarət edirəm, vəziyyətə baxıram. Mən oranın tikintisində yaxından iştirak etmişəm. Cənab prezidentin tapşırığı ilə oranı ərsəyə gətirmişik. “Şahdağ”a indən sonra da getməyə davam edəcəm, bu, mənim vəzifə borcumdur.
Üçüncüsü, mən o restoranda yemək də yeməmişəm. Cəmi bir dəfə, səhər yeməyi zamanı ora düşmüşəm. Səhər yeməyində də restoran bağlatdırmaq ənənəsi nə Azərbaycanda, nə də dünyanın hansısa ölkəsində var. Kimsə məni görüb, bəlkə kimsə salam verib, görməmişəm, xətrinə dəyib. Götürüb bu cür yalan məlumatı yayıb cəmiyyətə. Allah canını sağ eləsin. Mən bu şeylərə tamamilə biganə münasibət bəsləyirəm. Mənə maraqlı deyil. Öz işimlə məşğulam, məni də bundan heç kim yayındıra bilməz. Dövlət adamıyam, heç vaxt özümə rəva bilməmişəm ki, mənəvi cizgilərdən çıxım. İndi bunu kimlər qəbul edirsə etsin, etməyənlərin də Allah canını sağ eləsin. İndi yazırlar da, nə edim? Gedib hamısına bir-bir deyim ki, yazma?
- Dediyiniz məsələ bu qədər sadə və bəsit ola bilərmi? Bəlkə bu sayaq xəbərin yayılmasında sizi sevməyən hansısa qüvvələr var?
- Ola bilər ki, bunun arxasında məni istəməyənlər, düşmənlərim var. Mümkündür.
- Təxminləriniz hansı istiqamətdədir? Kimlər ola bilər?
- Bilmirəm. Elə düşünürsünüz ki, nazirin vəzifəsi hamıya yaxşılıq eləməkdən ibarətdir? Kiməsə “yox” deyirsən, kiminsə istədiyini eləmirsən, bununla da düşmənlərin əmələ gəlir. Belə şayiələrin xüsusi olaraq yayılmasını həm də dövlətə, hökumətə qarşı təxribat hesab edirəm. Mən cənab prezidentin siyasətini öz sahəmdə yerinə yetirən adamam. Hər hansı müxalifət qəzeti, hansısa sayt yazır ki, Əbülfəs Qarayev bir iclasda oturub, onun arxasında da Qarabağı çıxarmaqla, Azərbaycanın xəritəsini veriblər. Bunlar lap uşaq danışıqlarıdır. Bizim Azərbaycan mədəniyyəti üçün beynəlxalq səviyyədə, UNESCO-da Azərbaycanın təbliğatı üçün etdiklərimizin müqabilində götürüb belə şeylər yazırlar. Kim kampaniya başlayıb, niyə başlayıb - bilmirəm.
- Daşın sizə hansı istiqamətdən atılması ilə bağlı yəqin ki, təxminləriniz var...
- Bu, mənim daxili düşüncələrim və qənaətlərimdir. Onları bölüşmək fikrində deyiləm. Mən özümü hamı ilə bərabər tuturam. Özümə, hərəkətlərimə, davranışlarıma, danışıqlarıma arxayınam. Ona görə də kimsə nəsə yazırsa, yazsın.
“Müğənnilər arasındakı ziddiyyətlər qoy məhkəmə çərçivəsində həll olunsun” |
- “Şahdağ”dan söz düşmüşkən, orda qiymətlərin baha olması barədə ciddi narazılıqlar var. Xüsusən də istirahət kompleksindəki xidmətlərdə, kafe-restoranlarda.
- Orda qiymətlər bildiyimə görə normaldı. Dünən (srağagün-red.) orda olduğum zaman da müşahidə etdim. Yanımda Rusiyadan gəlmiş üç nəfər vardı. Onlardan biri başqasına telefonla zəng edib dedi ki, “mən burda qalacam, çünki burdakı otağın əlimdən çıxmasını istəmirəm, adamları da gətirin bura, çünki qiymətlər əlverişlidir”. Digər tərəfdən, qiymətlərin də çox aşağı salınmasına imkan görmürəm. Çünki bunun binası var, yeməyi var, servisi var. Orda Avropa standartlarına uyğun servis var. Hotelin dərəcəsi müəyyənləşdirilib. Hər kəs öz büdcəsinə uyğun olan hoteli seçir. İndi bir çoxları deyir ki, orda qiymətlər yüksəkdir. Amma mən belə hesab etmirəm. Bugünkü manatın məzənnəsinə uyğun olaraq daha da çox xaricdən gələn turistlər üçün uyğundur.
- Belə başa düşdük ki, siz “Şahdağ”ı daha çox xarici turistlərin axını üçün nəzərdə tutmusuz, nəinki orta statistik yerli turistlərin...
- Xeyr. Mən belə bölgü aparmıram. Az öncə də dedim ki, orda hər turistin büdcəsinə uyğun olan, ulduzlarının sayına görə hotellər var. Dördulduzlu, beşulduzlu hotellər var ki, onların orta hesabla qiymətləri ölkədəki həmin səviyyəli hotellərdən nə yüksəkdir, nə də aşağı. Normal qaydadır. Ümumiyyətlə, qiymət tənzimləməsi daxili bazarda müəyyənləşdirilir. Dövlət tərəfindən “get, filan qiyməti qoy” demək mümkünsüzdür.
- Amma Azərbaycanda qış turizminin bərbad durumda olması ilə bağlı rəylər də geniş yayılıb. Həm qiymət, həm də servis baxımdan...
- Azərbaycanda, ümumiyyətlə, qış turizmi mədəniyyəti, ənənəsi olmamışdı. Bütün dünyada qış turizmi yay turizmindən bahadır. Bu, təbiidir. Çünki onun avadanlıqları, onlara sərf olunan elektrik enerjisi, kanatların gecə-gündüz işləməsi, süni qarın, göllərin yaradılması xərc tələb edir. Orda gündəlik xərclər daha çox olur, nəinki yayda günəşin altında, dənizdə, qumda yaradılan turizm obyektlərində. Ona görə də gözləmək lazım deyil ki, “Şahdağ”dakı qiymətlər yay turizm obyektlərindəkindən ucuz olacaq. Bu, reallıqdır.
- Siz özünüz də zaman-zaman mediaya açıqlamalarınızda ölkəmizdə yay turizmi obyektlərinin də ürəkaçan olmadığını demisiz. Mətbuat da bunu faktlarla, rəqəmlərlə dəfələrlə araşdırma kimi işıqlandırıb.
“Mən dövlət adamıyam, çalışıram mənəvi cizgiləri heç vaxt keçməyim” |
- Azərbaycanda turizm yüz faiz özəl sektordur. Azərbaycan dövlətinin fəaliyyəti Azərbaycan turizm məhsulunun bazara çıxarılması, onun populyarlaşdırılması, təkmilləşdirilməsi, kadr, xüsusi dövlət proqramının hazırlanması və bu sənayenin inkişafına təkan verməkdən ibarətdir. Mən qiymətləri formalaşdırmıram. Gedib orda hansısa hotel tikmirəm. Və bu, hamısı özəl sektorun işidir. Özəl sektorun sərmayəçisi qoyur sərmayəsini və bunun müqabilində öz gəlirini əldə etməlidir.
- Hər halda, dövlətin hər hansı formada müdaxiləsi olmalıdır.
- Dövlətin müdaxiləsi yalnız regional proqramların işlənməsi, burda xidmətlərin səviyyəsinə nəzarət, təhlükəsizliyin təminatı, lazımsız müdaxilələrin aradan qaldırılması istiqamətində olmalıdır. Bu istiqamətlərdə də dövlət tərəfindən işlər görülür. Regional inkişaf proqramları, cənab prezidentin turizmə verdiyi xüsusi diqqət - bunlar hamısı əyani sübutdur. Bu yaxınlarda bir neçə önəmli qərarlar da verilib. Vizaların sadələşdirilməsi də buna misaldır. Bu, bir prosesdir. Azərbaycan turizm sahəsində özünə layiqli bir yer tutmaqdadır. Biz beynəlxalq səviyyədə çox yüksək qəbul olunuruq. Çünki ölkəmiz turizm sahəsində çox düzgün işlər görür. Bu da beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Amma heç kim gözləməsin ki, hər şey bir günün içində düzələcək. Sehrbaz deyiləm ki, bir gün içində hər şeyi düzəldim. Proqram olmalıdır, bunlar vaxt alır. İnsanlar bunu anlamalıdır, kadr hazırlığı üçün də müəyyən dövr lazımdır. Azərbaycan dövləti də bunun üçün lazımi işlər görür. Amma tamamlanmamış hansısa problemlər, nöqsanlar varsa, bununla da razılaşıram. Çünki reallıqdır. Bu işlərin hansınınsa zəif görülməməsini də nəzarətsizliyin ucbatından buraxılmış səhvlər kimi qəbul edə bilərəm. Amma demək ki, Azərbaycanda turizm yoxdur, inkişaf etməyib, bu, ədalətsizlikdir. Çünki yay-qış demədən bütün hotellər doludur, insanlar istirahəti ölkə daxilində edir. Yayda bütün hotellərin 90 faiz dolu olması bir faktdır və ciddi göstəricidir.
"Sehrbaz deyiləm ki, bir günün içində hər şeyi düzəldim” |
- Amma rəylər var ki, yay aylarında xüsusən Türkiyənin turizm şəhərlərinə bilet qiymətlərinin artırılması yerli turizmin süni şəkildə inkişafına xidmət göstərir. Süni rəqabətin yaradılması bahasına bunun edilməsi qənaəti formalaşıb.
- Mən belə deməzdim. Bu, iki tərəfə də təsir edir. Yəni təkcə Azərbaycandan gedənlərə yox, Azərbaycana gələnlərə də. Bizim belə marağımız yoxdur ki, camaat gəlməsin. Əksinə, istəyərdik ki, Azərbaycana daha ucuz uçuşlar olsun və bu istiqamətdə işlər gedir.
- Hazırda “Şahdağ”a turist axını varmı?
- Mən bazar günü “Şahdağ”da oldum, orda 40-a qədər avtobus gördüm. Bu, müstəqil turizm şirkətləridir, "Şahdağ"ın rəhbərliyi ilə müqavilə bağlayırlar, müqavilə əsasında turistləri gətirirlər. Çox ucuz qiymətə. Avtobus bir qiymət verir, turistlərin daşınması, ora gətirilməsi güzəştli qiymətlərlə başa gəlir. Biz görürük ki, ora nə qədər turist gəlir və hamısı da istirahət edir. Hərənin öz cibinə uyğun istirahətini təşkil etmək imkanını biz yaradırıq. Sözsüz ki, avtobusla gələn turistləri biz heç beşulduzlu hoteldə yerləşdirməyi təklif etmirik. Onların proqramına bu, daxil deyil.
- Əbülfəs müəllim, müğənnilər arasındakı qalmaqallar, onların əməlləri artıq şou-biznesin sərhədlərini aşıb, kriminal məcraya keçib...
- Şou-biznesin sərhədlərini aşıb? Ona görə də sual mənə deyil. Hüquq-mühafizə orqanlarının məşğul olduğu məsələdir. Əfsuslar olsun ki, xalq artistləri arasındakı münaqişə hüquq-mühafizə orqanlarının araşdırması səviyyəsinə çıxıb.
- Amma bu məqamda ictimaiyyəti, jurnalistləri düşündürən əsas məqam budur ki, niyə İlhamə Quliyevaya bu qədər meydan, imtiyaz verilir? Bu limitsiz imkanların nəticəsi hazırda göz qabağındadır...
- Kim ona meydan verir?
- Efirdə az qala hər gün meydan oxuyur. Az qalır desin ki, bu ölkənin mədəniyyət sahəsinə də mən nəzarət, rəhbərlik edirəm...
- Özünüz oxumursuzmu ki, gündə mənim haqqımda nə qədər yalan xəbər yayılır? Tutaq ki, biri gəlir mənim yanıma, qəbul edirəm. Sabah qəbulumdan çıxıb deyir ki, nazirin yanında olmuşam, mənə filan ad verəcək, filan şeyi edəcəm... Bu, insanın təbiətindən asılıdır. Heç kəs mənəvi çərçivələrdən çıxmamalıdır. Əgər hüquq-mühafizə orqanları bu gün bu məsələ ilə məşğuldursa, deməli, onların nəzarətindədir. Onun xalq artisti olub-olmaması araşdırmaya heç bir təsir göstərməməlidir. Qanun qarşısında hamı bərabər olmalıdır.
- İcazənizlə bir müqayisə aparaq. Məsələn, sizə mədhiyyə yazan bir şairi cəzalandırdız...
- O, mənə heç vaxt mədhiyyə oxumayıb...
- İlhamə Quliyevanın vəzifəli şəxslərlə bağlı dediyi mədhiyyələr də tez-tez efirdən səslənir. Müasir düşüncəli insan kimi, yəqin ki, bu, sizə də xoş gəlmir. Ən azı bir tövsiyə xarakterli nələrsə demək olmazdı ki, “İlhamə xanım, bu bayağı danışıqları, lazımsız tərifləri azaldın, cəmiyyətə xoş deyil”...
"...Biri gəlir yanıma, qəbul edirəm. Sabah gedib deyir ki, nazir mənə filan ad verəcək, filan şeyi edəcəm...” |
- Sizin fikrinizlə razıyam ki, insanlar başqalarının adlarını özlərinə arxa göstərmək niyyəti ilə çəkməməlidirlər. Bu, düzgün deyil. Heç kəs heç kəsin adına istinad edib, özünə imtiyaz qazanmamalıdır. Qaldı ki, tövsiyə verilməsinə, mən tövsiyəmi öz çıxışlarımda, nazirliyin fəaliyyətində, dövlət orqanlarının onlarla əlaqələrində hər dəfə, gündəlik verirəm. Bu, mətbuat üçün deyil, normal iş qaydasıdır. Burda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hansısa inzibati ölçü götürülməsi məntiqə və qanuna sığışmır. Artıq hüquq-mühafizə orqanları bununla məşğuldur. Onların (İlhamə Quliyeva ilə Aygün Kazımovanı nəzərdə tutur-red.) arasındakı ziddiyyətlər qoy məhkəmə çərçivəsində həll olunsun. Qaldı ki, mənim şəxsi münasibətimə, təəssüflənirəm ki, bizim tanınmış müğənnilər, vaxtilə Azərbaycan musiqisinin parlaq səhifələrini təşkil etmiş insanlar arasında belə ziddiyyətlər mövcuddur. Yaxşı olardı ki, onlar yeni yaradıcılıq uğurları üçün çalışaydılar, yeni, istedadlı gənc müğənnilərin yetişdirilməsi ilə məşğul olaydılar, onlar üçün yeni sənətə yol açaydılar. Amma onlar öz fəaliyyəti ilə bunun əksini edirlər. Son nəticədə də gənclərin bu sahəyə marağının yaranmasına yox, marağının ölməsinə nail olurlar. Bu, mənim şəxsi münasibətimdir.