""MTN işi" çərçivəsində daha 2 nazir vəzifəsini itirəcək"
“Akif Çovdarov bir neçə yerdə açıq şəkildə demişdi ki, Eldar Mahmudov Azərbaycanın gələcək baş naziridir”
Xeberinfo.com: Məlumata görə, “Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin rəhbəri, keçmiş MTN əməkdaşı Ərəstun Oruclu “Yeni Müsavat” qəzetinə müsahibəsində bu iddianı səsləndirib. Lakin söhbətin hansı nazirlərdən getdiyini dəqiqləşdirməyib.
Ə.Oruclu MTN-də baş verənlərin siyasi motivli olduğunu qeyd edib: “Maraqlı burasıdır ki, artıq bu komandada siyasi iddialar meydana gəlmişdi. Məsələn, MTN qurumlarından biri, Antiterror Mərkəzinin əməkdaşları və rəhbərləri nəylə məşğul idilər? Media ilə… 48 sayt yaratmışdılar. Bu, bizim hesabladıqlarımızdır. Burda siyasi faktor ortadadır. Çünki media siyasi gücdür həm də. Bütün qərbyönümlü və digər vətəndaş cəmiyyətlərini sıradan çıxarmışdılar. Və ya Qərb ölkələrində öz agenturasına daxil olan insanlardan siyasi mühacir qrupu yaratmışdılar. Hətta onların əli ilə Qərb mətbuatına dövlət başçısı, onun yaxınları haqda ifşaedici məlumatlar da ötürürdülər.
- Niyə? Kimin marağına xidmət edirdi bu?
– Hər halda Azərbaycanın və onun rəhbərinin marağını təmsil etmirdilər.
- Onlar “verbovka” olunmuşdu, təsirə düşmüşdü? Və ya maraq, gəlir əldə etmək, eləcə də gələcəkdə hakimiyyəti ələ keçirmək məqsədi idi?
– Düşünürəm ki, hamısı bir yerdə və bir-birilə əlaqəli idi. Tutaq ki, Eldar Mahmudovu çox önəmsiz, ağır bir durumdan çıxarıb gətirib, milli təhlükəsizlik naziri təyin eləmiş İlham Əliyevə qarşı bu adamın işləməsi hansı motivlərlə izah olunur?
- Bu, nonsens idi əslində.
– Bilirsiz ki, onu Daxili İşlər Nazirliyinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi təyin etmiş və bir həftə sonra oradan qovmuşdular. Bu qrupu ki, Eldar Mahmudov başına topladı və MTN-in bütün strukturunu əhatə etdilər, onların hamısı polisdən gəlmiş, bəzi hallarda oradan da qovulmuş əməkdaşlar idi.
- Müsahibələrinizdən birində Rusiya faktorunu da qabartmışdız. Məsələn, Rusiyada çalışan Akif Çovdarov Eldar Mahmudov tərəfindən sistemə gətirilib və sonuncu da Rusiya xüsusi xidmət orqanlarının himayəsi altında çalışıb.
– Şübhəsiz. Hamısı var. Vaxtilə Əli İnsanovun, Fərhad Əliyevin həbsində, buna “Qərb Azərbaycanda inqilab törətmək istəyir” platformasının verilməsində də indiki MTN rəhbərliyinin müstəsna rolu olmuşdu. Və onlar özləri haqqında hakimiyyətin yüksək eşalonunda belə bir fikir formalaşdırmağa nail olmuşdular ki, onlar hakimiyyətin təhlükəsizliyinin təminatçısıdırlar. Məhz bu səbəbdən də onların bir çox əməllərinə göz yumulurdu. Amma cinayətlər göz qabağında idi. Açıq deyirəm, Səid Dadaşbəylinin dəstəsi ilə bağlı cinayət işində açıqlandı ki, 6 nəfər həbs olunub, prokurorluq və MTN açıqlama verib. Amma məhkəməyə 5 nəfər çıxdı, biri işgəncə nəticəsində dünyasını dəyişibmiş… Bu gün bizə məlum olan faktlara əsasən, artıq prokurorluq bu işgəncə faktları ilə bağlı da istintaq aparır. Bu istintaq zamanı işgəncədən ölən tək şəxs deyil. Və ya Akif Çovdarovun gizli həbsxanası… Çox şey demək olar. Amma məsələyə konseptual yanaşaq. Burada yaranmış cəzasızlıq sindromu bu insanları elə bir həddə çatdırmışdı ki, onlar özlərini siyasi hakimiyyətin təminatçısı kimi görürdülər. Bundan sonra özlərini niyə siyasi hakimiyyət kimi görmək istəməsinlər ki?
- Siz burada Rusiya amilini qabartdınız. Amma Qərblə münasibətlər, hətta bəzi ekspertlərə görə eks nazirin İran kəşfiyyatı ilə əlaqələri də sadalanan iddialar sırasındadır. Hansıdır bunların? Kim düz deyir?
– Hamı düz deyir. Bunlar elə geniş əlaqələr sistemi qurmuşdular ki, bütün tərəflərlə münasibətlər vardı.
- Yəni, Hafiz Əsəd sistemidir də… Hamı ilə gizli dost olmaq…
– Bəli. Çox düzgün paralel apardız burda. Bilirsiz ki, Hafiz Əsəd və onun davamı olan Bəşər Əsəd rejiminin ən qatı düşməni olan İsrail bu rejimin qalmasında maraqlı idi. Çünki bütün münasibətlər qurulmuşdu və bu, İsraili qane edirdi. Amma onlar İranı da qane edirdi.
- Hesab edirsiz ki, bizimkilər bu gedişləri edəcək zəkaya sahib olublar?
– Bu, zəka deyil, avantüra idi. Biz siyasi komponentdən danışırıq. Bu komandanın qarşısında bir məqsəd dururdu, hakimiyyəti ələ keçirmək. Çünki Akif Çovdarov bir neçə yerdə açıq şəkildə demişdi ki, Eldar Mahmudov Azərbaycanın gələcək baş naziridir. Baş nazir nə deməkdirsə, bu, aydındır – prezidenti əvəzləyəcək şəxs. Əgər bu söhbət çıxmışdısa, yuxarılara da məruzə olunmuşdu. Bu baxımdan da MTN rəhbərliyi bir sıra xarici dövlətin rəhbərlərinə, onların ailələrinə qarmaq atırdısa, əlaqələr qurmaq istəyirdisə, bu, artıq siyasi iddialardan xəbər verir. Əgər Prezident Administrasiyasının əməkdaşlarının az qala hamısı nəzarətə götürülürsə, bu, artıq siyasi ambisiyalardan xəbər verir. Hakimiyyətə loyal olmayan siyasi qüvvələr, vətəndaş cəmiyyəti institutları sıradan çıxarılırsa, bu, artıq siyasi iddiadan xəbər verir. Hələ həbslər başlayanda mən qısa bir qeyd yazmışdım ki, maliyyə, kəşfiyyat komponenti var, qaldı siyasi və güc komponenti.”