"Dəmir yolunun həyatında yeni dönəm başlayıb”
Milli Məclisin deputatı və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolundakı mövcud durum, həyata keçirilən layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında “Milli Məclis” jurnalına müsahibə verib
"Xeberinfo.com": Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda yeni dönəm başlayıb. Yeni dövrün çağırışlarına cavab vermək üçün rəhbərlik etdiyiniz qurumda nə kimi islahatlar aparılır?
- Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı indi özünün yeni inkişaf dönəminə qədəm qoyub.
Yeri gəlmişkən bir faktı da demək istəyirəm. Bilirsiniz ki, son illər ərzində ölkə nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunub, sərəncamlar imzalanıb. Bununla da dəmir yolunun tarixində yeni bir dönəm başlayıb. Görülən işlərin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi nəticəsində bu sahənin inkişafı təmin edilib.
Dövlət proqramına uyğun olaraq dəmir yolunun Bakı - Böyük Kəsik sahəsində 370 km yol əsaslı təmir olunuv. Həmin sahədə elektrik təchizatı sisteminin sabit cərəyandan 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmini istiqamətində işlər görülür, enerji təchizatı üzrə keçirilmiş tenderin qalibi olan ATEF Şirkətlər Qrupu (podratçı) yarımstansiyaların quraşdırılmasını davam etdirir. Eyni zamanda, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində işlər özünün yeni mərhələsinə qədəm qoyub. Dünya Bankının layihəsi çərçivəsində dəyişən cərəyanla işləyən 50 ədəd yeni yük lokomotivinin alınması üzrə işlər müvafiq prosedurlara uyğun olaraq davam etdirilir.
- Dəmiryol daşımalarının sürətinin, keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi dövrün tələbidir. Bu baxımdan dəmiryollarında bu gün hansı işlər görülür?
- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə ciddi yanaşır. Bu yöndə, XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Layihəni iqtisadi və siyasi cəhətdən əhəmiyyətli edən Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşımalarının asanlaşdırılması, Mərkəzi və Şərqi Asiyadan Avropaya və əks istiqamətdə nəqliyyat dəhlizi rolunu oynamasıdır. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti ilə yük dövriyyəsinin ilkin mərhələdə 5 milyon ton nəzərdə tutulsa da, sonradan onun 15 milyon tona çatdırılması planlaşdırılır.
İcrası 2007-ci ilin dekabr ayından başlayan layihə çərçivəsində Türkiyənin Qars stansiyasından Gürcüstanın Axalkalaki stansiyası daxil olmaqla uzunluğu 96 km olan yeni xəttin tikintisi, Gürcüstan ərazisində uzunluğu 153 km olan Marabda-Axalkalaki (stansiya istisna olmaqla) dəmir yolu sahəsində reabilitasiya, rekonstruksiya və tikinti işləri aparılır.
Layihənin əsas obyektlərindən biri Gürcüstanı Türkiyə ilə birləşdirəcək uzunluğu 4450 m olan tunelin tikintisidir. Tunelin Gürcüstan ərazisində uzunluğu 2070 m olan (240 m uzunluğunda portalla birlikdə) sahənin 1827 metrində, Türkiyə ərazisində uzunluğu 2380 m olan hissəsində üst keçid qazma işləri tam başa çatdırılmış, Gürcüstan ərazisində portalda, Türkiyə ərazisində üzləmə işləri davam etdirilir. Marabda-Türkiyə sərhədi (Kartsaxi) dəmir yolu sahəsində (Gürcüstanı Türkiyə ilə birləşdirən, tikintisi davam etdirilən tunelin girişinədək - Kartsaxi sərhəd stansiyasınadək) işçi qatarların hərəkəti təmin edilib.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin nəzərdə tutulan vaxtda istismara verilməsi üçün işlər davam etdirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının 2015-ci ildən isə istismara verilməsi planlaşdırılır.
Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat layihələrindən biri də «Şimal-Cənub» beynəlxalq dəhlizidir. Ölkəmiz bu prosesdə aktiv iştirak edir. Rusiya, Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsi məsələsi 2014-cü ilin oktyabrında Bakıda keçirilmiş MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası çərçivəsində müzakirə olunmuşdur.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşması çərçivəsində Azərbaycan Dəmir Yolunun İran Dəmir Yolları şəbəkəsi ilə birləşdirilməsi üçün Astara (Azərbaycan) və Astara (İran) dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub. Azərbaycan tərəfi bu dəhlizin açılması ilə əlaqədar 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini aparacaq. Tikinti üçün torpaq sahəsi ayrılıb. Gələcəkdə daşıma həcmi artdıqca əlavə tədbirlər görüləcək.
Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.
- “Azərbaycan Dəmir Yolları” QSC-nin Rusiya Federasiyasının Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası QSC arasında Azərbaycan dəmir yollarının vaqon parkının yenilənməsi ilə bağlı əldə olunan razılaşmaya əsasən “Uralvaqonzavod” Azərbaycanın sifariş etdiyi vaqonların ilk hissəsini göndərir. Ümumiyyətlə, Azərbaycan dəmir yollarının vaqon parkının yenilənməsi ilə bağlı planlar barədə məlumat verərdiniz.
- Azərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsinə böyük ehtiyac var. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rusiya Federasiyasının Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyasının nümayəndə heyəti ilə keçirilən görüş də bu zərurətdən yaranıb. Danışıqların nəticəsi olaraq “Uralvaqonzavod”dan 2900 ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması qərara alınıb. “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif təmayüllü vaqonların ilk hissəsi ölkəmizə gəlmək üzrədir.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, sərnişin vaqonu parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. İstifadədə olan vaqonlar təmir olunur. Ukraynanın və Rusiya Federasiyasının vaqon təmiri zavodlarında 85 sərnişin vaqonu təmir olunaraq Azərbaycana gətirilmiş, Bakı-Tbilisi, Bakı - Moskva, Bakı-Xarkov, Bakı-Ağstafa-Qazax və Bakı-Balakən istiqamətlərində xəttə buraxılıb. Bu günlərdə daha 5 vaqon əsaslı təmir olunaraq ölkəmizə gətirilib.
Bilirsiniz ki, 18 oktyabr 2014-cü ildə Prezident İlham Əliyev “Stadler” Gəncə Vaqon İstehsalı Zavodunun təməlqoyma mərasimində iştirak edib.
İsveçrənin “Stadler Rail Group” şirkəti Gəncə şəhərində ilkin olaraq istehsal gücü ildə 60 vaqon olan zavod inşa edəcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq. Zavodun 2016-cı ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Bu zavodun fəaliyyətə başlaması ilə Azərbaycan Dəmir Yolunun sərnişin vaqonu parkında yeni bir mərhələ başlayacaq.
- Azərbaycan dəmiryollarında yeni texnologiyaların və innovasiyaların tətbiqi ilə bağlı hansı layihələr nəzərdə tutulub?
- Hazırda daha bir neçə layihə icra olunmaqdadır. Son illər ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasında yüksək inkişafa nail olunub, həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın davamlı inkişafı üçün şərait yaradıb. Bu da, paytaxtımıza xarici ölkələrdən gələn vətəndaşların günbəgün artmasına səbəb olub.
Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Artıq Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.
Eyni zamanda 3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur. Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.
Hazırda dəmir yolunun həyatında yeni dönəm başlayıb. Bu nəhəng qurumun infrastrukturunun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldiləsi istiqamətində bütün qüvvələr səfərbər olunub.