“Elman Rüstəmov özü bu vəzifədən imtina etməli idi...”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib.
"Xeberinfo.com": Həmin müsahibəni təqdim edirik:
- Qüdrət bəy, bildiyiniz kimi İranla “altılıq” ölkələri arasında birincinin nüvə proqramı ilə bağlı razılaşma əldə olunub. Necə hesab edirsiniz, bu razılaşma regionda və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına müsbət təsir göstərə biləcəkmi?
- Düşünmürəm ki, İranla “altılıq” ölkələri arasında baş verən razılaşma regionda və dünyada sülhü və təhlükəsizliyi təmin edəcək, yaxud təhlükəni artıracaq. Nüvə dövlətləri başqa ölkələrin onlarla eyni statusa yiyələnməsində maraqlı deyillər və baş verənlər də bunun sübutudur. Çünki onlar da yaxşı bilirlər ki, yeni gücə çevrilmənin yeganə yolu hərbi gücə sahiblənmək, hərbi güc olmanın isə tək yolu nüvə dövlətinə çevrilməkdir.
- O zaman İranın gücə çevrilməkdən imtina etməsinin səbəblərini necə izah edərsiniz?
- İran uzun müddət müqavimət göstərdikdən sonra belə bir razılaşmaya getdi. Bunun isə müxtəlif səbəbləri var: İlk növbədə, İran nüvə obyektlərinə İsrail tərəfindən zərbə endirələcəyindən və yeni bir müharibəyə cəlb olunacağından qorxaraq “altılıq” ölkələri ilə razılaşmaq məcburiyyətində qaldı. Çünki belə bir müharibədə İranın qalib gəlmək şansı yox idi. Müharibə nəticəsində İranda yeni bir inqilabın baş verə biləcəyi və mövcud rejimin dəyişəcəyi ehtimalı vardı. Ona görə də, mövcud rejim öz hakimiyyətini qorumaq üçün bu güzəştlərə getdi. Şübhəsiz ki, sanksiyalar da İrana öz təsirini göstərmişdi. Bunun nəticəsində bu ölkədəki iqtisadi vəziyyət xeyli ağırlaşmışdı. Eyni zamanda, korrupsiyanın kəskin şəkildə artmasını, sahibkarlığa yaradılan süni əngəlləri, yeni texnologiyaların olmamasını və s. də İranın mövqeyinə təsir göstərən amillər kimi qiymətləndirmək olar. Şübhəsiz ki, İranla “altılıq” ölkələri arasındakı razılaşma təkcə İranın güzəştləri hesabına əldə olunmadı, Amerika Birləşmiş Ştatları da bu məsələdə ciddi güzəştlərə getdi. ABŞ da bu problemin tezliklə öz həllini tapmasında maraqlı idi. Yəni Vaşinqtonun marağı ona hesablanmışdı ki, problem öz həllini tapsın, nəticədə İrana qarşı sanksiyalar qaldırılılsın və dünya bazarına neftdən başqa çıxarmağa heç bir şeyi olmayan İranın enerji resurslarının hesabına dünya bazarında neftin qiyməti aşağı salınsın. Bildiyiniz kimi, razılaşmanın əldə olunması elan edildikdən dərhal sonra “Brend” markalı neftin 1 barelinin qiyməti təxminən 5 dollar aşağı düşdü.
- Neftin qiymətinin aşağı düşməsində ABŞ-ın fundamental marağı nədir?
- ABŞ-ın əsas marağı, şübhəsiz ki, Rusiyanı sıxışdırmaqdır.
- Rusiya bilirdi ki, İranla razılaşma əldə olunduqdan sonra neftin qiyməti aşağı düşəcək. Necə hesab edirsiniz, Moskvanı belə bir addım atmağa nə vadar etdi?
- İran razılaşdıqdan sonra Rusiyanın razı olmaqdan başqa yolu qalmırdı. Digər tərəfdən, Rusiya regionda ikinci nüvə dövlətinin olmasını istəmir. İndiki halda Rusiya həm İranı, həm də region dövlətlərini işğal edə bilər. Yəni Ukraynada elədiklərini bu dövlətlərə münasibətdə də edə bilər. Amma nüvə potensialına sahib olan dövlətə qarşı belə bir addımın atılması xeyli çətin və təhlükəlidir. Çünki nəticədə regionda nüvə müharibəsi baş verə bilər.
- Bəs bu razılaşma Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur?
- İran əhalisinin təxminən yarısını Azərbaycan türklərinin təşkil etməsinə baxmayaraq, qənaətimə görə, azərbaycanlıların marağı İranın nüvə dövlətinə çevrilməsini tələb edirdi. Çünki İran nüvə potensialına sahiblənəcəyi təqdirdə, çox keçmədən Türkiyədə də nüvə dövlətinə çevriləcəkdi. Türkiyə nüvə dövləti olduqdan sonra isə bölgədə Rusiyanın təsir imkanları, yeni müharibələrin baş vermə ehtimalı xeyli dərəcədə azalacaqdı. Bu prosesdə Azərbaycan üçün önəmli olan ölkəmizə qarşı yönələ biləcək təhlükənin haradan qaynaqlanması və ehtimal olunan təhlükələrin qarşısını ala biləcək, balans yaradacaq alternativlərin meydana gəlməsidir. Çünki Ukraynada baş verən hadisələr sübuta yetirdi ki, nəinki bir ölkənin, hətta bir neçə dövlətin zəmanəti belə real təhdid və təhlükələrin, işğalın qarşısının alınması üçün yetərli deyil. Rusiyanın aqressiv davranışlarına qərbin adekvat cavab verə bilməməsinin əsas səbəbi də bu ölkənin nüvə dövləti olmasıdır. Hindistanın və Pakistanın nüvə dövlətinə çevrilməsi bölgədə təhlükəni artırmayıb, əksinə xeyli azaldıb və hər iki ölkənin iri miqyaslı hərbi əməliyyatlara başlamasının qarşısını alıb. Əks təqdirdə, Kəşmir məsələsinə görə müharibənin hər an başlaya biləcəyi ehtimalı qalacaqdı.
- İranın nüvə proqramını yenidən bərpa etməsi nə dərəcədə mümkündür?
- Hələlik İran 15 illik bir müddət götürüb. Ola bilsin, Tehranda elə hesab edirlər ki, bu müddət ərzində İran iqtisadi cəhətdən güclənəcək, regionda və dünyada şərtlər dəyişəcək və onlar yenidən nüvə proqramına qayıtmaq imkanı əldə edəcəklər. Bir daha qeyd edirəm ki, daha öncə vurğuladığım səbəblərə görə İranın nüvə dövlətinə çevrilməsi Azərbaycanın maraqlarına uyğun idi. Amma təəssüf ki, dünyanın reallıqları fərqlidir və güclü dövlətlər istədikləri zaman özlərindən zəiflərinin “gözünü vurub çıxara bilirlər”. Son hadisə də növbəti gözçıxarma faktının təsdiqi oldu.
- Razılaşma nəticəsində neftin qiymətinin aşağı düşəcəyini vurğuladınız. Belə bir fakt baş verərsə, yəni neftin qiymətinin aşağı düşməsi sürətlənərsə, bu, ölkəmizə necə təsir göstərə bilər?
- Şübhəsiz ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycana təsir göstərəcək və bu da qaçılmazdı...
- Qüdrət bəy, Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında bildirmişdi ki, milli valyutanın məzənnəsi dünya bazarlarındakı vəziyyət, xüsusilə də neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar dəyişə bilər...
- Təbii ki, İran neft hasilatını və ixracını artıracağı təqdirdə dünya bazarında neftin qiyməti aşağı düşəcək. Elman Rüstəmov da Milli Məclisdə bəyan etmişdi ki, neftin qiyməti kəskin aşağı düşəcəyi halda manatın kursu sərbəst buraxılacaq. Bu zaman sözsüz ki, manat öz dəyərini ciddi şəkildə itirəcək. Bu baxımdan, Azərbaycanın çox çevik maliyyə-kredit siyasəti yürütməsinə ehtiyac var. Bu səbəbdən, Elman Rüstəmovun yenidən Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təqdim olunmasına etiraz etməməsini başa düşə bilmədim. Bu şəxs xalq qarşısında və təmsil etdiyi iqtidar qarşısında ən azı mənəvi məsuliyyət daşıyırdı. Ona görə ki, Elman Rüstəmov 2015-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi və Prezidentin keçirdiyi müşavirədəki çıxışı zamanı bütün dövlət rəsmilərini və millət vəkillərini inandırmışdı ki, mili valyutamızın dəyərdən düşməsinə zəmin yarada biləcək təhlükə yoxdur, manatın kursu qorunub saxlanılacaq və s. Məhz Elman Rüstəmovun bu fikirlərinə istinad edən bir çox dövlət rəsmiləri və millət vəkilləri manatın kursunun dəyişməyəcəyi barədə bəyanatlar vermişdilər. Bu bəyanatlar da bildiyiniz kimi sonradan özünü doğrultmadı. Beləliklə insanların dövlət rəsmilərinə və dövlət strukturlarına olan etimadı zəifləmiş oldu. Bu qəbildən olan açıqlamaların mötəbərliliyinə inam azaldı.
Buna görə də hesab edirəm ki, Elman Rüstəmov baş verənlərə görə məsuliyyət daşımalıydı. Əgər o rəhbərlik etdiyi sahədə baş verə biləcək prosesləri öncədən proqnozlaşdıra bilməyibsə, deməli yerində deyil. Yox əgər proqnozlaşdırıbsa və buna baxmayaraq, Prezidentin iştirak etdiyi tədbirdə, o cümlədən Milli Məclisdə yalan bəyanatlar veribsə bu daha pis... Hər iki halda onun məsuliyyəti olmalıydı. Ona görə də düşünürəm ki, Elman Rüstəmov özü bu vəzifədən imtina etməli idi. Yeni dövrün maliyyə-kredit siyasətini yürütmək üçün Avropa təhsilli gənclərin irəli çəkilməsinə ehtiyac var. Elman Rüstəmov AXC dövründən Mərkəzi Bankda çalışan, sovet düşüncəli bir maliyyəçidir. Düşünürəm ki, o, artıq yaxşı və pis mənada öz missiyasını yerinə yetirib.
- Ölkənin ümumi iqtisadi vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Azərbaycanın potensialı böyükdür. İnsanlarımız işgüzar və dözümlüdürlər. Doğrudur, bəzi hallarda dözümlülük mənfi xüsusiyyət kimi qiymətləndirilsə də, bu, ölkədə islahatların aparılması üçün çox mühüm və müsbət bir keyfiyyətdir. İnsanlarımız proseslərə ani və emosional reaksiya vermir, dözümlə yanaşır və müsbət dəyişikliklərə hər zaman dəstək verirlər. İslahatların keçirilməsi üçün ölkədə sabitliyin qorunub saxlanılması çox önəmli bir faktordur. Bu baxımdan, hesab edirəm ki, mövcud iqtidara islahatlar aparmaq üçün kifayət qədər əlverişli mühit var. Qeyd etdiyim kimi, insanlarımız bacarıqlı və işgüzardırlar.
Onlar üçün əlverişli biznes mühit yaradılarsa, hesab edirəm ki, Azərbaycan qısa bir zamanda bu vəziyyətdən çıxa bilər. Manatın kursu möhkəmlənər və biz iqtisadi müstəvidə bütün mümkün problemlərin, çətinliklərin qarşısını ala bilərik. Azərbaycan müharibə vəziyyətində olan bir ölkədir. Bizim güclü hərbi sənaye kompleksinə, orduya ehtiyacımız var. Hərbi sənaye kompleksini inkişaf etdirməyin, güclü ordu saxlamağın yeganə yolu isə güclü iqtisadiyyatdan keçir. Buna görə də ölkədə işgüzar mühit yaxşılaşdırılmalı, bunun nəticəsində yeni iş yerləri açılmalı, yeni istehsal müəssisələri yaradılmalıdır. Misal üçün deyirəm, səhiyyə müəssisələrinin, inzibati binaların inşası, Avropa Oyunlarından sonra isə idman komplekslərinin tikilməsi dərhal dayandırılmalıdır. Bir neçə gün öncə Vergilər Nazirliyinin 30 mərtəbəli bina tikdiyi barədə məlumat oxudum. İndiki halda, bu cür iqtisadi çətinliklərin olduğu bir zamanda bu cür tikintilərə qol qoyulması mənim üçün dəhşətdir. Fəaliyyət göstərmək üçün hazırda kifayət qədər normal inzibati binalar var. Fəaliyyət də göstərirlər... Səhiyyə obyektlərinin, idman komplekslərinin tikilməsi üçün isə sahibkarlara güzəştli kreditlər verilməlidir. İmkan olduğu təqdirdə pulsuz torpaq sahələri ayrılmalıdır. Mövcud olan neqativ halların, müdaxilələrin qarşısı alınmalıdır.
Əgər hansısa bir sahibkar ucqar bir kənddə ambulator müəssisə tikmək istəmirsə, əlbəttə bu halda dövlət işi görə bilər. Rayon və şəhər mərkəzlərində bu tipli müəssisələrin tikilməsi üçün isə sahibkarlara imkan yaratmaq lazımdır. Özəlləşdirmə prosesi sürətləndirilməli, səhiyyə müəssisələri, ali təhsil ocaqları, iri sənaye müəssisələri, səhmdar cəmiyyətlər özəlləşdirilməlidirlər. İdarəetmə sahəsində xərclərin azaldılmasına calışılmalıdır. Düşünürəm ki, indiki mərhələdə, yaxın 2-3 ay ərzində dövlət məmurlarının 30 faizi ixtisar olunmalıdır. İcra strukturları ilə bələdiyyələrin fəaliyyətində üst-üstə düşən istiqamətlər var, bu aradan qaldırımalıdır. İxtisara düşən məmurların öz bizneslərini qurmaları, onların biznes mühitinə cəlb olunmaları üçün dövlət müvafiq proqramlar həyata keçirə bilər. Şübhəsiz ki, bu islahatlar müəyyən çətinliklərlə müşayiət olunacaq, narazı qalanlar olacaq, lakin bunun alternativi yoxdur.