“Bizə raket atsalar, Rusiya nüvə düyməsini basacaq...”
“Amerikalılar Ukrayna üzərindən Üçüncü dünya müharibəsini başlatmaq istəyirlər. Onlar gözəl başa düşürlər ki, ABŞ uzaqdadır və bu müharibədə avropalılar iştirak edəcək. Onlar isə avropa xalqlarının yeni bəlalarından istifadə edib varlanacaqlar”.
"Xeberinfo.com": Məlumata görə, bu sözləri virtualaz.org və haqqin.az saytlarının Moskvaya ezam olunmuş əməkdaşları ilə söhbətində Rusiya Dövlət Dumasının deputatı (Liberal-Demokrat Partiyasından) Roman Xudyakov deyib.
Onun sözlərinə görə, ABŞ Avropanı Rusiya ilə müharibəyə çəkə bilməz, çünki avropalılar bu müharibəyə qadir deyil-orada döyüşməyə adam yoxdur. Geridə isə Ukrayna qalır.
Roman Xudyakov son zamanlar Rusiyada nüvə silahından istifadəyə dair hədələrin artması haqda danışarkən deyib ki, nüvə silahının Moskva tərəfindən tətbiqi real deyil.
“Bizim ölkənin siyasi rəhbərliyi heç vaxt düyməyə birinci basmaz. Bizdə nüvə düyməsinə ancaq o zaman basacaqlar ki, Rusiyaya tərəf raket buraxsınlar”-Xudyakov bildirib.
Deputat deyib ki, Rusiya öz tarixi boyu heç vaxt müharibəni birinci başlatmayıb. Həmişə istənilən dövlətin suverenliyinə hörmət edib: “Biz başqa ölkələrin daxili işlərinə qarışmırıq-dövlətlər öz siyasi kurslarını özləri müəyyən etməlidir. Biz heç vaxt başqalarına öz mövqeyimizi zorla sırımırıq. Mən sizə başqa məsələni deyə bilərəm: əgər ABŞ indiki siyasətini davam etdirsə dağılacaq. Yaxın 5-10 ildə ABŞ dağılacaq. Obama ölkəni xaosa və defolta aparır. Və amerikalılardan fərqli olaraq Rusiya bu prinsipdən çıxış edir ki, pis sülh müharibədən yaxşıdır. Bunu biz amerikalıların başlatdığı qırğını dayandırmağa çalışdığımız Suriyada sübut edirik”
Deputat Ukraynanın xəritədən silinəcəyini də deyib. Roman Xudyakovun sözlərinə görə, Ukrayna artıq iflasa məhkumdur. Belə dövlət yaxın gələcəkdə mövcud olmayacaq: “Ukrayna artıq Krımı, Donbası itirib... Polşa və Rumıniya isə onun qərb hissələrini götürəcək. Ukraynanın rusdilli əhalisi Rusiyaya keçəcək. Və dünyanın siyasi xəritəsində Ukrayna adlı dövlət olmayacaq.
Və digər tərəfdən məlumdur ki, tarixdə belə dövlət heç olmayıb da. Heç kim heç vaxt Kiyev Ukraynası, kiyev ukraynalısı haqda danışmayıb. Həmişə Kiyev Rus dövləti deyiblər. Ukrayna rus dövlətinin olub, ukrayna dili mövcud olmayıb. Ukrayna dili nədir-hansısa qurama dil”.
Onun fikrincə, Ukrayna dövləti ancaq Rusiyanın sayəsində mövcud olub. Rusiya onu dəstəkləyib, iqtisadiyyatına milyardlarla dollar yatırıb, ukraynanlıları öz qardaşı hesab edib. Ancaq Kiyevdəki çevrilişdən sonra hakimiyyəti “faşistlər” ələ keçirib. Rusiya isə bu faşizm dalğasını yatırmaqda qətidir.
Roman Xudyakov Bolqarıstanın daxili işlər nazirinin bu yaxınlarda qəfil istefaya getməsinin maraqlı səbəbini də açıqlayıb: “Bu yaxınlarda mən Bolqarıstanda, Sofiyada idim. Orada Rusiyanı dəstəkləmək üçün 20 minlik mitinq keçirildi. Bu, Bolqarıstanın bütün tarixi boyu bizi dəstəkləməyə yönələn ən iri aksiya idi. Bolqarlar bizə qarşı sanksiyaları pislədilər, Bolqarıstanın indiki rəhbərliyinə qarşı çıxdılar, Rusiyanı dəstəklədiklər. Biz Dövlət Dumasının nümayəndələri olaraq mitinqdə iştirak etdik. Və budur, ertəsi gün ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Sofiyaya gəldi və cəmi bir sutka sonra Bolqarıstanın daxili işlər nazirini istefaya göndərdilər. Təsəvvür edirsiniz, FTB direktoru Bolqarıstanın daxili işlər nazirini vəzifədən çıxardı. Bilirsiniz nəyə görə? Ona görə ki, DİN rəhbəri Rusiyaya dəstək mitinqinin keçirilməsinə icazə vermişdi”.
Virtualaz.org