“Orada biədəb söyüşlər söyürmüş” - Hamlet İsaxanlı
“Xəzər” universitetinin rektoru Hamlet İsaxanlı qızının adı hallanan olayla bağlı "Yeni Müsavat"ın müxbirinin suallarını cavablandırıb
"Xeberinfo.com": Məlumata görə, H.İsaxanlı deyir ki, qızı olmayan bir məsələni öz üzərinə götürüb:
- Heç ağlına da gəlməyib ki, sonra belə bir video qoyacaqlar. Onlar 8 mart bayramını qeyd ediblər. Həmin vaxt mən Bakıda olmuşam. Bayramı qeyd etməyə getdilər, qayıdanda həmin Katya adlı qız xahiş edib ki, onu da özləri ilə götürsünlər. Yolda söyüş, biədəb sözlər olub, o qıza deyiblər ki, maşından düş. O da düşməyib. Onu düşürüblər.
- Videoya baxmısız?
- Yox, baxmamışam. Mən gecə gəlmişəm, video məni maraqlandırmır.
- Videoda görünür ki, qız maşından düşür və başqa maşına minir. Lakin onu maşından düşürürlər, saçından tutub təpikləməklə zorla digər maşına əyləşdirirlər.
- Ekspertiza var, təyin etsinlər, oradakıların kimliyini müəyyən etsinlər. Orada o qızı maşından düşürüblər, ona qarşı müəyyən bir kobudluq ediblər. Biədəb söyüşlər söyürmüş. O oğlanları sonra məhkəməyə çağırıblar, təbii ki, bir az da qorxudublar, deyiblər ki, başınıza bu işlər gələcək. Qızım da düşünmədən belə bir addım atıb. Deyib ki, o qız mən olmuşam və mənim də şikayətim yoxdur, istəyib ki, onları buraxsınlar. Ağlına gəlməyib ki, hay-küy çıxa bilər, bu məsələ belə bir hala gəlib çıxa bilər, video yayıla bilər. Həmin vaxt mən və yoldaşım xaricdə olmuşuq. Martın 11-də biz xaricdə olmuşuq. Bu məsələ ilə bağlı mənə zəng edəndə Kayseridə idim. Səhər saat 6 idi, zəng etdilər, dedi ki, müxbirdir. Soruşdu ki, xəbəriniz var, qızınızı döyüblər, qızınız ölüb. Mən şoka düşdüm. Telefonu qoyub evə zəng etdim. Qızıma dedim ki, bu nə məsələdir. Cavab verdi ki, narahat olma, mənə heç nə olmayıb, o videodakı mən deyiləm. Evə gəl danışaq. Mən evə gələndən sonra danışdı, dedi ki, məsələ belə olub. Mən də ona dedim ki, düz etməmisən, humanist kömək etməyin qaydası var. Onun ağlına belə gəlməyib ki, videonu yayarlar, videonu araşdırarlar.
- Belə məlumatlar var ki, videonu vaxtilə sizinlə qohumluq əlaqələrində olmuş şəxs yayıb. Sizin bu məsələ ilə bağlı məlumatınız var?
- Müəyyən şübhələrimiz var. Hamı bilir ki, mənim şəxsən düşmənçilik bəslədiyim insan yoxdur. Ola bilər ki, kiminsə məndən xoşu gəlməsin, bizim ailə ilə münasibəti yaxşı olmasın. Hətta belə olsa da, bu cür iş tutmaq olmaz. Düşünürəm ki, bu məsələni araşdıracaqlar. Bu gün videonun yayılmasını araşdırmaq çox asandır. Videodakı adamların kimliyini araşdırmaq da çox rahatdır. Bir qiymətli olan odur ki, bəli, mənim qızım ehtiyatsızlıq edib, heç olmasa bizə zəng etməyib ki, belə bir iş olub, siz nə deyirsiz. Onun yoldaşlarını qorxudublar, deyiblər ki, sizə 5-6 il iş verəcəyik. Uşaqlar da düşünməyiblər. Nə iş verəcəklər ki, orada Katya şikayətçi deyil. Orada çox uşaqlar olub, rəfiqələri olub. Mən o uşaqların adlarını bilmirəm, amma xeyli hissəsini üzdən tanıyıram. Səhv, ehtiyatsız addım mənim qızımda olub. O uşaqları müdafiə etmək üçün düşünüb ki, onları tutmasınlar, desin ki, mən olmuşam, mənim də şikayətim yoxdur. Sonra da götürüb o videonu yayıblar, ondan əvvəl də deyib ki, mən idim, mənə də heç nə olmayıb. Bundan sonra da deyiblər ki, o videodakı odur. Əvvəldən söylədiklərinə əsaslanıb deyiblər ki, qızım olub. O videonu kim qoyub, niyə qoyub bilmirik.
- Bu hadisənin baş verməsi haqda məlumatlı idiz?
- Bizə məlumat martın 16-da çatıb. O müxbir zəng edib, sanki muştuluq verirmiş kimi “sənin qızını öldürüblər” deyib. Mən pis vəziyyətə düşmüşəm, xeyli sonra özümə gəlmişəm, zəng edib aydınlaşdırmışam.
- 8 mart tədbirindən sonra qızınızla görüşmüşdüz?
- Əlbəttə. Biz bir evdə yaşayırıq. Rəfiqələri ilə birgə gedib və gəlib. Biz Kayseriyə martın 11-də getmişik. Yəni məlumatımız olmayıb, bizə heç nə deməyib.
- Videodan belə məlum olur ki, hadisə səhərə yaxın 5-in yarısı olub. Həmin vaxt qızınız evə gələndə demişdi ki, nəsə bir xoşagəlməz hadisə olub?
- Heç nə deməyib. Səhər söhbət etmişik, yəni nəsə problem olmayıb.
- Ölkə.az saytı xəbər yayıb ki, videonun yayılmasında keçmiş kürəkəninizin əli var. Bununla bağlı nə deyə bilərsiz?
- Elə bir söz deyirlər. Bir şey ki, gümana əsaslanır, mən heç nə deyə, iddia edə bilmərəm. Amma o, bu işləri çox yaxşı bacarır, bunu bilirəm. Yəni videolar, videoçarxlar düzəltməyi, yaymağı bacarır.
- Aydın Əhmədzadəni nəzərdə tutursuz?
- Bəli. Mən həmişə demişəm, bir şey ki, sübut olunmayıb, onu demək olmaz. Yəqin ki, prokurorluq bu məsələləri araşdıracaq ki, videonu kim yayıb, nə məqsədlə yayıb.
- Bunu Aydın Əhmədzadə edə bilər?
- O, bu işlərin mütəxəssisidir. O, videoların çəkilməsi, internetdə yayılması, reklam işlərinin görülməsinin ustasıdır. O, reklam işləri ilə məşğul olur. Amma mən bu haqda nəsə deyə bilmərəm. Çünki mən bu məsələni araşdırmamışam. Başqa birinin araşdırdığı haqda da məlumatsızam.
- Belə xəbər var ki, videonu yayan Rəşad Əhmədzadədir. Aydın Əhmədzadənin əmisi oğlu. Bu haqda nə deyə bilərsiz?
- Xəbərim yoxdur. Ona görə ki, Türkiyədə olmuşam, mətbuatı izləyə bilməmişəm.
- Yayılan xəbərdə deyilir ki, keçmiş qohumlarınızla aranızda məhkəmə çəkişməsi var və bu məhkəmə çəkişməsindən çıxış edərək belə bir video yayılıb.
- Məhkəmə olub və bitib. Biz yay vaxtı xaricə istirahətə gedirik. Təbii ki, qızımızı və nəvəmizi də özümüzlə götürürük. Nəvəmizi götürmək üçün formal olaraq valideynin icazəsi olmalıdır. Onlar ayrılandan sonra biz onu deyirdik ki, yayda istirahətə gedəndə uşaq bizlə getsin. Buna görə balaca bir məhkəmə oldu və həll edildi.
- Əmlak məsələsinə görə də məhkəmə çəkişməsinin olduğu və məhkəmə dövründə Aydın Əhmədzadənin ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
- Birinci dəfədir ki, eşidirəm. Biz elə bir məsələ qoymamışıq, onları elə bir əmlakı da olmayıb. Lap elə bir məsələ olsaydı belə, biz onu məhkəməyə çıxarmazdıq. Uşaqla əlaqədar çəkişmə də çoxdan bitib.
- Bu işlə bağlı mövqeyinizi bilmək maraqlı olardı.
- Mənim qızım səhv edib, ehtiyatsızlıq edib. Onun yoldaşlarının başına heç nə gələn deyildi. Həmin deyilən adam da şikayətçi deyil. Bir adam kobudluq edib, buna görə onu cərimə edəcəkdilər, iş bitəcəkdi. Onlara deyiblər ki, sizə 5-6 il iş düşür, qorxudublar onları. Qızım da deyib ki, orada mən olmuşam və şikayətim də yoxdur. Çox ehtiyatsız, səhv hərəkət edib. O uşaqlar da gərək onu belə hərəkət etməyə qoymayaydılar. Ağıllarına belə gəlməyib ki, reputasiyasına, ailəsinə söz gələ bilər. Düşünblər ki, balaca bir “stıçka”olub, bitib gedəcək. O video olmasaydı, yəqin ki, belə də olacaqdı.
- Bu məsələ açılıb. Sizcə, bu işin aydınlaşması üçün Katya ortaya çıxmalıdır?
- Əlbəttə, məhkəmənin işidir. Orada 20-30 adam olub, aydınlaşdırsınlar. Bu məsələ onları bir-bir evlərə yola salanda baş verib. Katya da deyib ki, məni də aparın, onu da götürüblər. Yolda da bu hadisə olub.
- Siz Muxtar Məmmədovla tanışsız?
- Yox, mən heç o uşaqların hansı uşaqlar olduğunu bilmirəm. Bildiyim odur ki, yoldaşdırlar, bir-birini yaxşı tanıyan insanlardır. Düşünürəm ki, o uşaqlar da bilsəydilər ki, belə bir məsələ olacaq, qıza deyərdilər ki, lazım deyil. Uşaqlar bizim evə gəlirlər, yoldaşlıq edirlər. Atasını, anasını tanıdıqlarım da var. Axşam 2 yoldaşı da gəlib bizdə qalmışdılar. Vacib olan onların kimliyi deyil, onlar bir xüsusi məqsəd güdən uşaqlar deyillər. Yoldaşdırlar. Bu hadisə hamının başına gələ bilər.
- Həmin gecə qızınızla danışmışdız? Bilirdiz ki, yoldaşları ilə bərabərdir?
- Əlbəttə, bilirdim, bizdən icazə alıb getmişdi. Əgər narahatlıq olanda sürücünü göndəririk. Amma biz bilirdik ki, o tədbirdə dostları, rəfiqələri ilə birgə olacaq. Bir hissəsini adları ilə bilirdik. Demişdi ki, narahatlıq yoxdur, bizi evə gətirəcəklər, elə tədbirlər olanda öz maşını ilə getməyə icazə vermirik. Tanışlardan birini göndəririk, gedib gətirir. O tədbirdən sonrakı günlərdə bir yerdə olmuşuq. O burada işləyir.
- İşə çıxır?
- Sabah işə çıxacaq. Heç bir problem yoxdur.