TV-lər “toyxana” əhvalındadırAparıcıdan Röyaya dəstək:
Yenixeber.org: Xəbər verdiyimiz kimi, Əməkdar artist Röya Ayxan “Instagram”da paylaşım edərək radioların yerli mahnılar əvəzinə, xarici bəstələrə üstünlük verməsini tənqid edib
“106.3 FM” radiosunun aparıcısı Kazım Sübhan: “Əminəm ki, o sözlərin bizim radioya heç bir aidiyyəti yoxdur, çünki bizim adımız üstümüzdədir – “Milli musiqi, milli radioda”. Röyanın sözləri ilə razıyam, bəzi radiolar sanki bizim mahnıları verməkdə xəsislik edirlər, heç öz ölkəsində tanınmayan türk və digər xarici mahnılar səsləndirirlər. Amma bir məqam da var: əgər bizim ölkədə radiolar çox olsaydı, onlar ayrı-ayrı janrlara, kateqoriyalara bölünsəydi (Türkiyədəki kimi), belə problemlər olmazdı. Lakin biz azıq. Ona görə də daha çox milli musiqi verməliyik. Azərbaycanın o qədər istedadlı gəncləri var ki... Keçən dəfə qeyd etmişdim, yenə də edirəm. Media və məşhurlar “Ayə, hara gedirsən” qədər yaxşı, keyfiyyətli işləri paylaşsa, inanın çox yaxşı olar”.
Aparıcı, müğənni, bəstəkar və prodüser Murad Arif: “Axır ki, ölkədə kimsə səsimə səs verir. Yoxsa hər müsahibədə bu barədə deyinərək, özümü “pis kişi” çıxarmaqdan yorulmuşdum. Röya ilə bunu dəfələrlə müzakirə etmişəm. 2 il öncə təklif etdim ki, bütün radio müdirlərini dəyirmi masaya çağıraq, problemlərimizi danışaq.
Ölkədə milli pop meydanı məhduddur. Bizdəki şərtlər sektorun inkişafına şərait yaratmır. “Kral Pop”, “Russkoe Radio” formatlı, sırf milli pop janrına xidmət edən dalğalarımız olsun, radioların əməkdaşları müğənninin gəlib onların toyunda oxumasını düşünməsin. Sənətkarlarımıza stimul versinlər. Bunu milli şou-biznes üçün etsinlər. Biz də mahnı yazmağa, klip çəkməyə həvəsli olaq.
Reallıq budur ki, bu gün milli pop məhdud imkanlarla yayımlanır, yeni ifaçılardan ödəniş tələb olunur, klip saatları ya yoxdur, ya da “bozbaş” janrına xidmət edir, klip kanalımız yoxdur. Bu məsələləri ciddi müzakirəyə çıxarmalıyıq.
Biz ancaq “YouTube” və “Instagram” üçün mahnılar yazdırır, 5-10-20 min manatlıq klip çəkdiririk. Bizim şou-biznesimizin sistemi, musiqi gündəmi yoxdur. Mahnılar xaotik çıxır, pis yayımlanır! TV-lərin əyləncəli verilişləri də “toyxana” əhvalındadır. Gəlin, birləşək və kanalları, dostlarımızı dialoqa çağıraq! Neft ölkəsiyik, Bakı inkişaf edir, amma Qafqazın ən geridəqalmış şou-biznesi bizdədir. Səbəb də odur ki, şou-biznesi idarə edəcək bir ocaq, mahnı və kliplərin yayılmasında sistem yoxdur.
Bizə meydan lazımdır. Murad Arifdən pul umub, minnətlə günə 1 dəfə mahnım verilməsin. Dima Bilanlar, Murat Bozlar özümüzdən üstün tutulmasın. Özümüzü sevək və dəstəkləyək. Biz zatən işimizin fanatıyıq. Hər klipimə 10 minə yaxın pul xərcləyirəm. Amma mənim efirim sosial şəbəkələrdir. Nə vaxtadək belə olacaq? Mahnılarımı Ozan Doğulu, Nil Karaibrahimgil, Enbe Orkestrası, Ziynet Sali, Nilufer bəh-bəhle alıb, oxuyur. Öz vətənimdə isə ya pul umulur, ya da əskik tutuluruq”.
“106 FM”-in aparıcısı Elvira İsmayılova: “Bizim radionun formatına görə dalğada xarici mahnılar yayımlanır. Amma hər saatın tamamında Azərbaycan mahnısı səsləndiririk”.