“Qardaşlıq Məzarlığı” ziyarət edildi
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndə heyəti “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət edib.
"Xeberinfo.com": Bu gün Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin parlamentlərinin nümayəndələri faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinə gələrək burada 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan memorialı ziyarət ediblər.
Rayon rəhbərliyi, Böyük Vətən müharibəsi veteranları və rayon ictimaiyyəti nümayəndələrinin də qatıldığı tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev Müstəqil Dövlətlər Birliyini təmsil edən dövlətlərin faşizm üzərində tarixi Qələbəyə böyük töhfə veriyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan həmin xalqların milyonlarla vətəndaşının cəbhəyə yola salındığını, onların əksəriyyətinin döyüşlərdə həlak olduğunu bildirib.
Azərbaycan rəhbərliyinin bu müharibədə həlak olanların xatirəsinə ehtiramla yanaşdığını vurğulayan İ.Mirzəyev “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksinin Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını qeyd edib. Bildirib ki, sahəsi 11 min 220 kvadratmetr olan ərazidə müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş 1462 qəhrəman döyüşçü dəfn olunmuşdur. Dəfn olunanlar arasında müxtəlif xalqların nümayəndələri vardır.
Rusiya Federasiyasının Federasiya Şurasının Sosial siyasət üzrə Komitəsinin sədr müavini Lyudmila Kozlova Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edərək, Müstəqil Dövlətlər Birliyini təmsil edən dövlətlərin müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasında verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandırıb.
Böyük Vətən Müharibəsi veteranı, Birinci Dərəcəli kapitan cənab Kuznets keçmiş SSRİ ölkələrində veteranlara göstərilən qayğıdan danışmış, müharibə veteranlarına dövlət qayğısının sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu xüsusilə vurğulayıb.
Daha sonra tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub və gül dəstələri düzüblər.
Tədbirdən sonra “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin ətrafında yerləşən yaşıllıq zolağında “Yaşıl Dalğa” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.