İsrail İran hədəflərini havadan və dənizdən vurdu+Video
Ötən gecə İsrail ordusu Suriya ərazisindəki İran hədəflərinə növbəti şiddətli hücum həyata keçirib. Yenixeber.org: Suriyanın rəsmi SANA agentliyinin məlumatına əsasən İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri , o cümlədən Hərbi Dəniz Qüvvələrinin gəmiləri Dəməşq ətrafına, habelə Homs şəhərinə raket zərbələri endirib.
Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri hücumu dəf etmək üçün işə salınıb. İsrailin raket zərbələri nəticəsində biri azyaşlı uşaq olmaqla 4 mülki sakin həlak olub, 20-dən çox adam yaralanıb.
Londonda mənzillənmiş Suriya İnsan Haqları Monitorinq Qrupu -The Syrian Observatory for Human Rights (SOHR) isə bildirir ki, iyulun 1-nə keçən gecə İsrail ordusu Dəməşq ətrafında və Homsda Suriya nizami ordusunun obyektlərinə, İrana bağlı silahlıların bazalarına və Livanın “Hizbullah” qruplaşmasının bazalarına hücum edib. İsrailin hərbi hava və dəniz qüvvələrinin Dəməşq ətrafında azı 10 hədəfi vurduğu bildirilir. O cümlədən İranın İnqilab Keşikçiləri Korpusunun Suriya ordusunun 91-ci briqadasının bazasında yerləşən mənzil-qərargahı vurulub. Vurulan hədəflər arasında Cəmrayedəki elmi-tədqiqat mərkəzi də yer alır.
SOHR zərər çəkənlər arasında mülki şəxslərin olduğunu təsdiqləyir. Qrup bildirir ki, Livan sərhədləri yaxınlığındakı Kalamun rayonunda “Hizbullah”ın mövqeləri də vurulub. Silah anbarı məhv edilib. Raket zərbələrindən sonra həmin rayona çoxsaylı təcili yardım maşınları səfərbər olunub, bu da “Hizbullah” yaraqlıları arasında ölənlərin və yaralananların olduğuna dəlalət edir.
Homs ətrafında isə elmi-tədqiqat mərkəzi, habelə şəhərdən cənubda “Hizbullah”ın və İranyönümlü yaraqlıların bazaları vurulub. Yaralananların olduğu bildirilir.
Şimali Kipr hakimiyyətinin bildirdiyinə görə, iyulun 1-nə keçən gecə tanınmamış respublikanın ərazisinə raket, yaxud təyyarə olduğu təxmin edilən obyekt düşüb. Əvvəlcə təxmin edilib ki, həmin obyekt Suriyanın S-200 zenit-raket kompleksinin buraxdığı raketdir. İsrail mənbələri isə S-300 raketinin düşdüyünü bildirir. Digər mənbələr Şimali Kiprə düşən obyektin təyyarə, ola bilsin pilotsuz təyyarə olduğunu iddia edirlər. Yayılmış fotolara əsasən isə düşən obyektin S-200, yaxud S-300 raketi olduğu daha çox ehtimal olunur. Həmin obyekt Daşkənd yaşayış məntəqəsinin yaxınlığına düşüb, heç kim zərər çəkməyib.
İsrail ekspertləri bildirirlər ki, Suriya ordusu raket hücumlarını dəf etmək üçün S-300 komplekslərini işə salmayıb. Bu baxımdan Şimali Kiprə düşən obyektin S-200 raketi olduğu təxmin edilir. Hərçənd İsrail KİV-ləri peyk fotolarına istinadən bildirir ki, son vaxtlar Suriya ordusu Homs və Hama əyalətlərində 4 S-300 batareyası yerləşdirmişdi.
İsrail ordusu Suriya ərazisinə raket zərbələri barədə məlumatları şərh etmir. Qeyd edək ki, İsrail vaxtaşırı olaraq Suriya ərazisin zərbələr endirir və bunu İranın Suriya ərazisində hərbi iştirakını genişləndirmək planları ilə əsaslandırır.(virtualaz)