Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev övladlığa uşaq götürmək məqsədilə Ukraynanın Sosial Siyasət Nazirliyinə müraciət edib.
Ukrayna Ailə Məcəlləsinin tələblərinə görə, övladlığa uşaq götürmək məqsədilə müraciət etmiş şəxs əvvəllər məhkumluq həyatı yaşamamalıdır. Ümumiyyətlə, müraciət etmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsinə xüsusi önəm verilir. Ukraynanın Sosial Siyasət Nazirliyi də qanunvericiliyin məhz bu tələbindən çıxış edərək Azərbaycanın müvafiq qurumlarına A.Xudiyevlə bağlı sorğu göndərib.
Azərbaycan diplomatlarının xarici ölkələrdə uşaq övladlığa götürməsinə təcrübədə rast gəlinmir. Əgər A.Xudiyevin istəyi reallaşarsa, bu halda o, ilk nümunə olacaq. Maraqlıdır, Ukraynadakı səfirin həmin ölkədə uşaq övladlığa götürmək istəyindən Xarici İşlər Nazirliyinin məlumatı varmı? Ümumiyyətlə, fövqəladə və səlahiyyətli səfirlərə akreditə olunduqları ölkələrdə əcnəbi uşağı övladlığa götürmək kimi sərbəstlik verilirmi və bu kimi məsələlərdə XİN-in razılığı olmalıdırmı?
XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələni araşdıracağını və yalnız növbəti həftə cavab verə biləcəyini deyib. Eyni zamanda, əlavə edib ki, diplomatik fəaliyyətdə olan şəxslərin akreditə olunduqları ölkələrdə övladlığa uşaq götürməsi kimi hallar barədə XİN-ə məlumat verilməlidir.
Qeyd edək ki, A.Xudiyevin ailə vəziyyəti ilə bağlı informasiyalar qatmaqarışıqdır. Bəzi mənbələr onun 2 uşaq atası olduğunu deyirlər.
Sonda onun da xatırladaq ki, son dövlər mətbuatda yayılan informasiyalarda sabiq səfir Tələt Əliyevə istinadən Ukraynadakı səfirliyimizin binasında naməlum ukraynalı xanımın yaşaması faktına diqqət yönəldilir. Qeyd olunur ki, diplomatik missiyaya hər hansı aidiyyatı olmayan bu xanım 3 uşaq anasıdır və övladları da onunla birgə səfirliyimizdə məskunlaşıblar. Üstəlik, həmin qadının səfirliyə məxsus diplomatik nömrəli dövlət avtomobillərindən istifadə etdiyinə dair videgörüntülər də yayılıb. Səfirlik qadının kimliyi barədə hər hansı açıqlama vermədiyindən bu məqam ətrafında mülahizələr getdikcə daha da artır.
Azərbaycanın Ukraynadakı Səfirliyini mövzu ilə bağlı suallara cavab verməyib./Missiya.az/