VENESUELADA NƏ BAŞ VERİR? –Sosializm, çoxlu neft və hakimiyyət uğrunda mübarizə
Sosialist ideyalarının tərəfdarı və populyar prezident Uqo Çaves 2013-cü ildə vəfat etdi. Xalq onun dostu və köməkçisi Nikolos Maduronu dövlət başçısı seçdi. Dünyadakı neft ehtiyatına görə Venesuela beşenci yeri tutur, lakin yanacağın qiymətinin düşməsi bu ölkəni siyasi və iqtisadi böhrana sürüklədi. Aclıq və səfalət şəraitində yaşayan xalq son aylar tez-tez küçələrə axışır.
Yenixeber.org: 2018-ci ilin mayında Maduronun prezident səlahiyyətlərinin müddəti bitmişdi. Onu da deyək ki, Venesuela parlamentindəki səslərin çoxu müxalifətə məxsusdur və müxalifət prezidenti iqtisadi böhranda ittiham edərək, onun barəsində impiçment məsələsini qaldırmağa cəhd göstərib. Öz təhlükəsizliyini təmin etməkdən ötrü Maduro konstitusiyada dəyişiklik edərək, parlamentin imkanlarını məhdudlaşdırmaq qərarına gəlmişdi. Deputatların onu dəstəkləməyəcəyini anlayan Maduro Venesuela Müəssislər Məclisinin çağrılmasını elan edərək, deyib ki, “Venesuela fəhlə sinfi” onun ideyalarını həmin toplantıda dəstəkləməlidir.
Müxalifət bu qərarın qəti surətdə əleyhinə çıxış edərək, xalqı prezidentin bu qərarına etiraz etmək üçün küçələrə çıxmağa çağırıb. Bundan başqa müxalifət Maduronu istefa verməyə və ya konstitusiyanın dəyişdirilməsi ilə əlaqədar referendum keçirməyə çağırmışdı. Küçə etirazları və polislə toqquşmalar nəticəsində azı 34 nəfər həlak oldu.
Nəhayət, 20 may 2018-ci il tarixində Venesuelada prezident seçkiləri keçirildi. Səsvermədə 20,5 milyon seçici iştirak etməliydi. Yetərsay isə 45,99% olmuşdu. Rəsmi məlumata əsasən Nikolas Maduroya 6 milyon 200 min seçici səs verib. Onun əsas rəqibi, müxalifətçi Enri Falkon isə 1 milyon 900 min venesuelalının səsini qazanıb.
Müxalifət seçkinin nəticələrini tanımayaraq bəyan edib ki, seçkilər zamanı saxtakarlıq və seçicilərin pulla ələ alınması prosesi həyata keçirilib. Belə ki, seçicilərə ərzaq almaq üçün 10 dollarlıq qırmızı kupon verilib.
- Yeni prezident və ya hərbi qiyam
Nikolas Maduro 10 yanvarda ikinci dəfə Venesuela prezidenti vəzifəsini icra etməyə başladı. Onun idarə etdiyi dövrdə ölkə dərin iqtisadi böhrana qərq olub. Ölkədə 2013-2018-ci illərdə inflyasiya milyard faizi ötüb və Ümumi Daxili Məhsul 45% aşağı düşüb. Venesuelada minimum əməkhaqqı 10 dollardır. Bu müddət ərzində ölkənin 10% əhalisi (3 milyon nəfər) xaricə köçüb. Ölkədə dəfələrlə acların üsyanı baş qaldırıb. Amma Venesuela dünyanın ən böyük neft ixracatçılarından biridir. Prezident Maduro hesab edir ki, bütün bunların günahkarı ölkə elitası və ABŞ-dır və onlar ölkəyə qarşı “iqtisadi müharibə” aparırlar.
Lakin mütəxəssislər əmindirlər ki, əsas səbəb Venesuela siyasətinin “sosialist”xarakterində yatır. Ölkə iqtisadiyyatı tamamilə enerji resurslarının ixracından asılıdır. Bundan başqa, ölkədə ərzaq çatışmazlığının səbəbi qida məhsulları istehsalı və onun paylaşdırılması üzərində dövlət nəzarəti ilə bağlıdır. Ölkədə hökm sürən aclıqdan əlavə təhsil böhranı da tüğyan edir – bir milyondan artıq uşaq məktəbə getmir.Venesuela əhalisi elementar zəruri tələbat məhsulları və dərman preparatları əldə etmək yolunda böyük məşəqqət çəkir.
Prezident Nikolas Maduro rejiminə qarşı aksiyalar 21 yanvardan bu günə kimi davam edir. Bunun səbəbi Nikolas Maduronun tərəfdarlarının aparıcı rol oynadığı ölkənin Ali Məhkəməsinin qərarı ilə 35 yaşlı Xuan Quaydonun Milli Assambleya sədri postundan götürülməsidir.
Etiraz aksiyalarının birində Xuan Quaydo paytaxt Karakasın mərkəzində minlərlə tərəfdarı qarşısında Maduronu diktator və tiran adlandıraraq, keçid hökuməti formalaşdırmaq və ədalətli prezident seçkiləri keçirəcəyi niyyətində olduğunu elan edib.
(Azadlıq radiosu)