Kəbirə Məmmədovaya 32 000 manatlıq iddia-keçmiş MTN "şef"inin də adı hallanır
Yenixeber.org: Redaksiyamıza Baki şəhəri Lökbatan qəsəbəsi I massiv ev 9 ünvanda qeydiyyatda olan Farxutdinov Radil Qabbasovicin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində "Binə Ticarət Mərkəzi"nin sahibi Kəbirə Məmmədovadan şikayətçidir. Belə ki, iddiaya görə, 2008-2010 cu illərdə "Binə Ticarət Mərkəzi"nin tikintisi üçün verilmiş mişar daşının qarşılığında ödənməli olan məbləğ hissə-hissə ödənilsə də, hələ də qalan 32 000 manat müxtəlif bəhanələrlə "Bermud üçbucağına düşüb". Biz bu müraciətlə bağlı qarşı tərəf olaraq "Binə Ticarət Mərkəzi"nin sahibi Kəbirə Məmmədova rəsmi məktub ünvanladıq. Təəssüf ki, 09.08.2018-ci il tarixdə göndərdiyimiz 09/018 №-li məktubumuza cavab ala bilmədik. Telefonla əlaqə yaradıb, suallarımıza cavab almaq istəyimiz də nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
"Hörmətli Mehriban Xanım!
Sizə Böyük hörmət və ehtiramla Azərbaycanda yaşayan azsaylı xalqlardan birinin nümayəndəsi kimi müraciət edirəm. İcazə verin sizin diqqətinizə çatdırım ki, mən və mənim kimi bir neçə həmkarım 2008-2010 cu illərdə şərikli olaraq “Kariel Daşı” istehsalı ilə məşğul olurduq. Həmin vaxtlar indi hamımızın “Binə Ticarət Mərkəzi” kimi tanıdığımız ticarət mərkəzininin tikintisi gedirdi. Həmin ticarət obyektinin tikntisi üçün lazım olan kariel daşını və üzlük daşları təmin edən sahibkarlardan biri də mən idim. O zaman “Binə Ticarət Mərkəzi”ndə tikintiyə birbaşa rəhbərliyi Kəbirə xanım özü edirdi. Məsələ ondan ibarətdir ki,bu günə qədər həmin ticarət mərkəzinin tikintisi üçün verdiyim tikinti materiallarına görə (Kariel daşı və Üzlük daş) Kəbirə xanım hələ də mənə 32.000 manat borcludur. Mən dəfələrlə qarşı tərəfdən mənə olan borcunu ödənilməsini xahiş etməyimə baxmayaraq həmişə də imtina cavabı almışam. Hətta son vaxtlar Kəbirə xanım mənə olan borcunu ödəməyəcəyini bildirib, hədə-qorxu gələrək cangüdənləri vasitəsilə məni öz qapısından qovdu. Mən bu haqsızlığın qarşısının alınması üçün Respublika Prezidentinə, Mehriban xanıma müraciət edəcəyimi bildirdiyimdə isə o, şəxsən mənə “Get kimə istəyirsən de,mənim heç kimdən qorxum yoxdur” deyə cavab verdi. Onu da nəzərinizə çatdırım ki,həmin vaxtlar o, bizi keçmiş Milli Təhlükəzizlik naziri Eldar Mahmudovla hədələyirdi. Və, elə buna görə də, etiraf edim ki, mən harasa müraciət etməkdən çəkinirdim. Çünki Kəbirə xanım mənə “harasa müraciət etsən Milli Təhlükəsizlik Nazirliyinin zirzəmisində yatacaqsan” deyə bildirirdi.
Hörmətli Mehriban xanım!
Mən bir Azərbaycan vətəndaşı olaraq vətənim qarşısında öz borcumu yerinə yetirmək üçün könüllü olaraq 1992-ci ilin May-İyul aylarında Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhə bölgəsinə yollanmışam. Prezidentimi və onun siyasətini həmişə dəstəkləmişəm və bu gün də bütün ailə üzvlərim ilə birlikdə dəstələyirik.
Nəzərinizə çatdırmaq istəyirəm ki,mən 4 uşaq atasıyam və I I qrup əliləm. Kəbirə xanımın bizə qarşı olan ədalətsizliyi ucbatından mən öz biznesimi və yaşadığım evimi itirməyə məcbur olmuşam. Artıq neçə ildir ki,əsəb və stressdən şəkərli diabet xəstəsi kimi, evdə oturmağa məcbur olmuşam. Bu gün aldığım 170 manat pensiya ilə yaşamaq bizim ailə üçün çox çətindir.
Mən Azərbaycan vətəndaşı olmağımla fəxr edirəm,və əminəm ki, humanist dövlətimiz başda Prezidentimiz və Siz olmaqla mənim pozulmuş hüquqlarımın bərpasında öz köməkliyinizi əsirgəməyəcəksiniz.
Hormətli Mehriban xanım! Sizdən çox xahiş edirəm ki, mənim düşdüyüm bu çətin duruma öz diqqətinizi ayırasınız,və Kəbirə xanımın bizim ailəyə qarşı olan bu ədalətsizliyə son qoymasına öz köməkliyinizi göstərəsiniz.
Sizə əvvəlcədən öz dərin təşəkkürümü bildirirəm".