Kəbirə Məmmədovanın başı üzərində kabus:faciələrin müdhiş sirri
"Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın ətrafında sanki bir kabus dolaşmaqdadır.
Yenixeber.org: Yarmarka sahibinin başı üzərini almış qorxulu şimşəklər çəkilib getmək bilmir.
BakuPost.az xəbər verir ki, onun çevrəsində son vaxtlar bir-birinin ardınca müəmmalı və faciəvi hadisələr yaşanmaqdadır.
Çox qəribədir ki, bu olaylarda K.Məmmədovaya birbaşa zərbə olmasa da, ətrafındakılar ziyan çəkir. Lakin son 2 ay ərzində olanların təsadüfi, yoxsa sifarişli olduğu hələ də sirr olaraq qalmaqdadır.
Belə ki, əvvəlcə bu il aprelin 14-də Zığ yolunda 3 nəfərin yanaraq ölümü ilə nəticələnən dəhşətli qəza baş verir.
Qəzada yanan 10 AX 002 nömrəli "VAZ-2104” markalı avtomobilin K.Məmmədovanın adını daşıyan "Kəbirə Məmmədova Klinikası”na məxsus olduğu üzə çıxır.
Nəticədə 1973-cü il təvəllüdlü Sadıqov Elçin Səbbar oğlu, onun qardaşı, 1968-ci il təvəllüdlü Sadıqov Namiq Səbbar oğlu və klinikanın maşının sürücüsü Gülağa Quliyev yanaraq ölür.
K.Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov isə deyir ki, "VAZ-2104"-ün sürücüsü Gülağa Quliyev onun qonşusudur.
"Şəkilləri yayılan "Mercedes" markalı maşın və nömrə də mənim əvvəlki avtomobilim olub. Maşını satandan sonra nömrənin Gülağanın adına sənədləşdirdim. Avtomobil onun özünündür. Kəbirə Məmmədovanın bu məsələ ilə bağlı əlaqəsi yoxdur”.
Əlbəttə, avtomobilin yarmarka sahibinin qardaşı oğluna aid olmaması mümkündür. Ancaq maşının klinikanın olduğu təkzib edilmir.
***
Mayın 19-da isə Şağan qəsəbəsində Səbirə Məmmədovaya məxsus evdə yanğın baş verir. Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilir.
Həkimlərin səyinə baxmayaraq, N.Cabbarov xəstəxanada ölür. Məlum olur ki, evi yanan və mühafizəçisi ölən şəxs Kəbirə Məmmədovanın bacısıdır. Ancaq bu hadisə də son olmur.
Polisin ölümü ilə nəticələnən yol qəzasında "Binə” sahibinin qardaşı oğlunun adı keçir. Sanki K.Məmmədovanın ətrafı "minalanıb” və ona yönəlik "terakt”lar baş verməkdədir.
Bu dəfə Bibiheybət yolundakı (təsadüfə bax: Binə bazarına aparan yol- müəllif) faciəvi qəzanın səbəbkarlarından biri - "Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Kəbirə Məmmədovanın qardaşı oğlu kmi təqdim edilir.
Lakin bazar sahibəsi həmin şəxsin qardaşı oğlu olmasını mətbuata açıqlamasında təkzib edir. Əgər doğrudan da belədirsə, deməli, hansısa güclər mediaya informasiya sızdıraraq məqsədli şəkildə "Porşe” ilə polisi öldürən şəxsi K.Məmmədova ilə qohum çıxarmağa çalışır.
Beləliklə, bir-birinin dalınca baş verən və hər biri ölümlə nəticələnən hadisələr K.Məmmədovanın ətrafında fokuslaşıb.
Bu, özü-özlüyündə sahibkarın düşmənlərinin olduğu, onu zəiflətmək istəyən qüvvələrin əlinin xeyli uzun olması fikrinə yol açır.
Çünki K.Məmmədovanın başı üzərindəki "qara bulud”lar çoxdan dolaşmaqdadır. "Binə” bazarında tez-tez yanğınların olması, dükanların külə dönməsi hər dəfə təsadüfi və ya qısqapanmadan ola bilməz.
Deyilə bilər ki, "Binə” ilə yanaşı "Sədərək” və "Karvansaray” ticarət mərkəzləri də fəaliyyət göstərir. Ancaq onların heç birində bu qədər yanğınlar olmayıb. Üstəgəl, 2013-cü ildə sahibkarların ən güclü etiraz aksiyası da məhz "Binə”də təşkil olmuşdu.
Əldə etdiyimiz məlumatlara görə, K.Məmmədovanın "vurulması” prosesi gedir.
Sadəcə, onun ətrafında dövr edən informasiyalar bu prosesin başlanğıc mərhələsidir...