RUSİYA AVROPANI PARÇALAYIR! –Almaniya nə etmək istəyir?
Həmrəylik olmadan Avropa irəliyə gedə bilməz. Heç bir realist bu fikirlə mübahisə etmir. Hər halda Avropanı həmrəyliyə çağırmaq – təkcə yaxşı reputasiya deyil.
Yenixeber.org: Bu çağırış Cənubi Avropadan gəlirsə və avrozonanın iqtisadi siyasəti ilə bağlıdırsa, onda əksər almanlar öz pul kisələrinin narahatlığını keçirməyə başlayırlar. Əgər Almaniyadan Polşaya, Macarıstana və ya Çexiyaya qaçqınların vəziyyətinin yüngülləşdirilməsi ilə bağlı öz töhfələrini vermək tələbi ilə çağırış edilirsə, onda həmin ölkələr buna hiddətlə cavab verirlər. Özünün şərqdəki qonşusuna görə, Baltik ölkələrinin təhlükəsizliyi ilə bağlı mümkün həmrəylik məsələsinə gəldikdə isə, Qərbi Avropada keçirilən rəy sorğusu hədsiz rüsvayçılıq göstərir. Həmrəylik lazımdır, amma bunun üçün biz doğrudanmı hesab ödəməliyik?
Söhbət, həmçinin Avropanın enerji siyasətindəki həmrəylikdən də gedir və xüsusən “Şimal axını-2” layihəsi ətrafındakı mübahisələr bunun əyani tərəfidir. Baltik dənizinin dibi ilə Almaniyaya çəkiləcək ikinci Rusiya qaz kəməri Avropa Birliyini siyasi cəhətdən parçalayır. Belə ki, Almaniya öz qonşuları Polşa, Pribaltika dövlətləri, Slovakiya, Ukrayna və eləcə də Danimarka və İsveçlə olan həmrəyliyini sual altına alır.
Bu ölkələr Rusiya layihəsini öz enerji təhlükəsizlikləri üçün birbaşa və ya dolayı təhdid hesab edirlər. Artıq Almaniyada bir çoxları “Şimal axını-2”ylə bağlı mübahisəyə girişiblər. Lakin indi bu layihə həlledici fazaya daxil olduğu bir vaxtda, alman siyasəti qərar qəbul etməlidir. Almaniya bu layihənin ona nəyə başa gələcəyini düşünməlidir: Qonşuların problemi Almaniya üçün nə qədər mühümdür?
İlkin tərəddüdlərindən sonra Avropa Komissiyası dəqiq bir mövqe tutdu. ”Şimal axın-2”Avropa enerji ittifaqının məqsədlərinə ziddir. Enerji siyasəti planına əsasən, bu ittifaq Avropanı müstəqil etməyə çalışır. Belə olan halda isə, ”Şimal axını-2” bir ölkədən – Rusiyadan hədsiz asılılığı gücləndirir. Əgər öncədən planlaşdırıldığı kimi Avropa yenilənəbilən enerji mənbələrinə və enerjinin yüksək səmərəliliyinə üstünlük verirsə, onda Avropanın gələcəkdə bu cür iri qaz ixracına tələbatı barəsində mübahisə aparmaq olar.
Əksinə, Rusiya “Şimal axını-2” sayəsində Ukrayna və Polşadan keçən əvvəlki qaz kəmərinin istifadəsindən tamamilə və ya qismən imtina edə bilər. Məsələyə tənqidi yanaşan müşahidəçilər bunun birbaşa motivini Baltik dənizindən keçən qaz kəmərinə investisiya qoyulmasında görürlər. Hal-hazırda qaz tranzitinə görə Ukrayna ildə, təxminən, iki milyard avro alır. Bundan imtina etmək Ukrayna iqtisadiyyatına ağır zərbə deməkdir. Bu Ukraynadakı sabitliyi pozmaq istiqamətində addım olardı. Belə olan halda Ukrayna Rusiya tərəfindən böyük təzyiqə məruz qalacaq. Polşa və Baltik ölkələri hesab edirlər ki, Ukraynanın zəifləməsi və Almaniyanın Rusiyaya birbaşa bağlanması onların təhlükəsizlik sahəsindəki maraqlarına toxunur. Bunu anlamaq çətin deyil. Baltik regionundakı siyasəti ilə əlaqədar öz narahatçılığını İsveç və Danimarka da bildirir. Ona görə də, Danimarka bu yaxınlarda təhlükəsizlik baxımından öz sularında qaz kəməri tikilməsinə qadağa qoyan qanun qəbul edib. Həmin qanun birmənalı olaraq ”Şimal axını-2”-ni nəzərdə tutur və yəqin ki, bu kəmərin operator–konsorsiumu yeni marşrut axtarmalı olacaq.
Almaniyada “Şimal axını-2”-nin həm tərəfdarları və həm də əleyhdarları var. Bundan əvvəl Almaniya hökuməti ”Şimal axını-2”-nin guya siyasi yox, kommersiya layihəsi olması sözləri ilə münaqişəni ört-basdır etmək istəyib. Bu “Şimal axını-2”-nin bəzi lobbiçilərini qane edə bilər, amma hər halda bu layihə siyasi xarakter daşıyır. Avropa Birliyi üzv dövlətlərinin əksəriyyəti də, məsələyə bu cür yanaşırlar. Daha doğrusu, onlar bu layihənin siyasi cəhətdən ziyanlı olduğunu deyirlər. İndi Avropa Komissiyası Avropa Birliyinin enerji siyasətinin rəhbər prinsiplərini əsas tutaraq, bu məsələnin irəlidəki gedişinə təsir göstərməyə cəhd edir.
Rusiya ilə əməkdaşlıq mühümdür və bu məhz Rusiya və Avropa Biriliyi arasındakı müştərək iqtisadi layihələrə aiddir. Lakin hazırkı əməkdaşlıqda almanlar və ruslar Avropa Birliyindəkilərin başı üzərindən razılığa gəlirlər. Bu isə Avropa Birliyini parçalayır və inamı itirir. Əgər kimlərsə həqiqətən də, Avropa Birliyinin müştərək enerji siyasətinə ciddi yanaşırsa, onda onları elə ilk başdan layihənin inkişaf etdirilməsi üçün AB əməkdaşlığına qoşmalı və yalnız bundan sonra birlikdə və yekdil şəkildə Rusiya ilə danışıqlar aparılmalıdır.
Almaniyanın yeni hökuməti özünün layihəyə olan münasibətini açıq söyləməlidir. Avropa enerji siyasəti və Almaniyanın qonşuları ilə olan həmrəyliyi “Şimal axını-2”-nin əleyhinədir. Bu ilk növbədə Avropa haqqında bəlağətlə danışan Almaniya Sosial Demokrat Partiyasına aiddir. Amma elə ki, iş konkret məsələlərə gəlir, onda o, Avropa həmrəyliyindən imtina edir. Heç kimi vəziyyətin kəskin nəticələrsiz ötüşəcəyinə inanmır. Əgər kimsə özü Avropa həmrəyliyinə səy göstərmirsə, onda hansısa başqa bir vəziyyətdə bunu digərlərindən gözləmək əbəsdir. Həmrəylik olmadan isə, Avropa qətiyyən irəliyə gedə bilməz.
(“Frankfurter Allgemeine Zeitung”-Almaniya)