“AST Telman”a şok ittiham:“silah baronu” və Abbas Abbasov...
Azərbaycan kökənli milyarder iş adamı qatilmi? Əgər bu ittiham təsdiqlənərsə, Telman İsmayılovu heç bir ölkə müdafiə edə bilməyəcək; beynəlxalq axtarışa verilən iş adamı harada gizlənir?..
Yenixeber.org: Moskvanın Basman Rayon Məhkəməsinin “AST” Şirkətlər Qrupunun qurucusu, daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılovun (“AST Telman”) həbsinə dair qərar çıxarması əslində gözlənilən idi. Çünki bir müddətdir ki, onun barəsində Rusiya KİV-lərində ciddi ittihamların yer aldığı yazılar dərc olunur. Qərar noyabrın 11-də üzə çıxsa da, məlum olub ki, əslində həbs qərarı bir neçə gün əvvəldən var və hətta iş adamının vəkilləri qərardan apelyasiya şikayəti belə veriblər.
T.İsmayılovun vəkili Marina Rusakova təsdiq edib ki, həbs qərarı oktyabrın 30-da verilib: “Qanunsuz qərar 30 oktyabrda qəbul edilib. Bu qərar haqda artıq Moskva Şəhər Məhkəməsinə şikayət verilib. 15 noyabrda apelyasiya məsələsinə baxılacaq”.
Vəkil deyib ki, T. İsmayılov 2 qətldə təqsirləndirilir. “Yeni Müsavat” bildirir ki, qətllərdən biri 2016-cı ilin mayında baş verib. Məlumdur ki, “AST Telman”ın hazırda həbsdə olan qardaşı Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlanır. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.
Qətldən az sonra R.İsmayılov saxlanılsa da, qardaşı Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb. Savkinin oğlunun davamlı şikayətlərindən sonra isə məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb. Bu qətllə bağlı daha öncə “AST Telman”ın qardaşı Rafiq və killer Mehman Kərimov həbs ediliblər. T.İsmayılovun vəkili isə iddia edir ki, killer istintaqla danışığa gedib və müdafiə etdiyi iş adamına şər atır.
T.İsmayılova ikinci ittiham “Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Qeyd edək ki, “AST Telman”ın daha bir qardaşı- Vaqif İsmayılov da 2 nəfərin qətl işi üzrə əsas fiqurantdır.
Vəkili “AST Telman”ın şərləndiyini desə də, qardaşları “satan” təkcə həbsdə olan killer deyil. Məlumdur ki, cinayət işi üzrə T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşindir. Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilib. Bildirilir ki, Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.
Qavryuşindən əvvəl isə İsmayılovların əleyhinə daha bir yaxın adamı-Harri Boleçerkovski ifadə vermişdi. Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib.
Daha bir sensasion məqam isə T.İsmayılovun qanunsuz silah satışında əli olması ilə bağlıdır. Vəkili bu barədə desə də, əlavə bilgi verməyib. Bu, çox ciddi ittihamdır və yəqin ki, əlavə təffərrüat tezliklə açıqlanacaq. Əgər bu ittiham təsdiqlənərsə, onu “silah baronu” kimi heç bir ölkə müdafiə edə bilməyəcək. İstisna etmək olmaz ki, ittiham məhz onu istənilən ölkədə həbs etmək üçün ortaya atıla bilər...
Vəkilin dediyindən belə anlaşılır ki, T.İsmayılov barəsində qətimkan tədbiri gizli şəraitdə qəbul olunub. Nə vəkili, nə T.İsmayılov məhkəməyə dəvət edilməyiblər, ittiham haqda xəbərləri belə olmayıb.
İndi ən çox maraq edilən mövzu T.İsmayılovun harada olmasıdır. T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. “Bu, məhz həbs təhlükəsi ilə bağlı idi”, deyən mənbə T.İsmayılovun İsraildə olduğunu iddia edib. Vəkili isə iddia edir ki, müvəkkili heç vaxt gizlənməyib: “Onu heç kim, heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, deyə, Marina Rusakova bildirib. Vəkilin sözlərinə görə, T İsmayılov özü sözügedən heç bir cinayətdə özünü təqsirli hesab etmir.
“İsmayılov qətllərlə bağlı qərarlara qadir adam deyil. O, biznesdə sülhə meylli insandır”. Moskvanın keçmiş meri Yuri Lujkov T.İsmayılovun qətllərdə ittihamına münasibət bildirərkən belə deyib. Xəbəri “Qovorit Moskva” radiosu yayıb. Lujkovun T.İsmayılovun hazırda nə ilə məşğul olmasından xəbərsiz olduğunu deyib.
T.İsmayilov haqda Lujkovdan mövqe öyrənilməsi əlbəttə ki, təsadüfi deyil. 2010-cu ilin payızında Rusiya hakim elitası daxilində baş verən çəkişmələr Moskvanın 18 illik meri, ölkə siyasətinin aparıcı fiqurlarından və hakim “Vahid Rusiya” Partiyasını yaradanlardan biri Yuri Lujkovun işdən qovulması ilə nəticələndi. Kreml “qırğıları” Lujkova qarşı kompromat müharibəsinə başladılar və sabiq merin himayə etdiyi iş adamları da hədəfə gəldi. Burada isə T.İsmayılov ön sırada oldu. Lujkovun istefasından sonra onun T.İsmayılovla münasibətləri haqda geniş materiallar TV-lərə ötürüldü. Lujkov T.İsmayılovla əlbir olmaqda və uzun müddət onun “Çerkizov” bazarında hökm sürən qanunsuzluqlara şərait yaratmaqda ittiham edildi. Bildirilirdi ki, Lujkovla dostluğundan istifadə edən “AST Telman” şirkətlərini vergidən yayındırıb. Lujkov siyasi səhnədən çəkilən kimi “Çerkizov” bazarı bağlandı, T.İsmasyılovun çöküşü başlandı və indi həbsi gündəmdədir.
Lujkov “AST Telman”ı müdafiə etsə də, uzun illər “AST” Şirkətlər Qrupunda vitse-prezident olmuş Abbas Abbasov hələ də susur. Yada salaq ki, 2006-cı ildə Azərbaycanda baş nazirin birinci müavini postundan uzaqlaşdırılandan sonra ona T.İsmayılov sahib çıxdı. Moskvaya gedən Abbas Abbasov üçün şirkətdə vitse-prezident postu boşaldıldı. A.Abbasov köhnə dostu ilə şirkətdə fəaliyyətə başladı. AST Şirkətlər Qrupunda işləməsindən məmnun olan A.Abbasov Telman İsmayılovun ən qatı müdafiəçilərindən biri kimi tanınırdı. İndi isə A.Abbasov israrla susur. Əcəba, niyə? Bu sual da T.İsmayılovun sonrakı taleyi qədər aktualdır...(müsavat)