Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Dünya böyük “qarışıqlıq” astanasında –Azərbaycanın yeri haradadır?

news content


Böyük müharibə ilə böyük diplomatiya arasında: İran ətrafındakı böhran regionu necə dəyişir

Yenixeber.org: Bu gün İran ətrafında kifayət qədər fərqli vəziyyət formalaşır: heç kim böyük müharibə istəmir – amma hamı elə davranır ki, sanki bu müharibə sabah başlaya bilər.

Hadisələr o qədər sürətlə inkişaf edir ki, analitik mətnlər sözün əsl mənasında bir neçə gün ərzində köhnəlir – bəzən çap olunmağa çatmamış belə.

Həftənin əvvəlində gərginlik növbəti regional qarşıdurma dalğası kimi görünürdü. Son illərdə belə dalğalar az olmayıb və dünya artıq onlara demək olar, alışıb. Lakin son günlərin hadisələri göstərdi ki, münaqişə adi çərçivələrdən nə qədər asanlıqla çıxa bilər.

Martın 5-də pilotsuz uçuş aparatları Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə hücum etdi – mülki obyektlər, o cümlədən aeroport infrastrukturu zərər gördü, insanlar xəsarət aldı.

Bakı hücumu beynəlxalq hüququn pozulması və təcavüz aktı adlandıraraq kəskin şəkildə pislədi, Tehrandan izahat tələb etdi və cavab tədbirlərinin hazırlandığını bəyan etdi.

İran isə öz növbəsində zərbəyə aidiyyəti olduğunu inkar edir.

Lakin İran ətrafında yaranan gərginliyin artıq qonşu ölkələrə də təsir etməsi faktının özü regionda narahatlıq səviyyəsini kəskin artırdı.

Əlavə narahatlıq yaradan məqamlardan biri də Azərbaycan xüsusi xidmət orqanlarının bu yaxınlarda verdiyi bəyanat oldu. Onların məlumatına görə, strateji infrastruktura – o cümlədən neft kəmərlərinə və Bakıda yerləşən İsrail səfirliyinə qarşı yönələ biləcək terror planlarının qarşısı alınıb. Belə təhlükələr hələ hazırlıq mərhələsində olsa belə, onların meydana çıxması faktı göstərir ki, gərginlik tədricən sırf diplomatik çərçivədən çıxaraq təhlükəsizlik sahəsinə də sirayət etməyə başlayır.

Mövcud vəziyyətin əsas paradoksu sadədir: heç kim böyük müharibə istəmir – amma demək olar hamı əvvəlcədən elə bir ssenariyə hazırlaşır ki, guya böyük müharibə baş verə bilər.

Bu, bir az qonşuların bir-birinə “mübahisə etməyə hazırlaşmırıq” deməsinə bənzəyir. Amma ehtiyat üçün hasarı möhkəmləndirir, qıfılları dəyişir və bir neçə əlavə müşahidə kamerası quraşdırırlar. Sadəcə “ehtiyat üçün”.

Gəlin məsələni sakit şəkildə anlamağa çalışaq – geosiyasi duman və artıq dramatizasiya olmadan.

Əgər münaqişə genişlənməyə başlasa...

Bu gün əsas sual budur: hər şey məhdud zərbələr çərçivəsində qalacaq, yoxsa vəziyyət tədricən gərginləşməkdə davam edəcək.

Son həftələr indiki qarşıdurmanın xarakterini göstərir: tərəflər böyük müharibəyə avtomatik aparan addımlardan qaçmağa çalışır, amma eyni zamanda yeni cavab addımlarına hazır olduqlarını nümayiş etdirirlər.

İran raket zərbələri və regiondakı müttəfiqləri vasitəsilə həyata keçirilən addımlarla cavab verir.

İsrail yeni nöqtəvi əməliyyatlara hazır olduğunu göstərir.

ABŞ hərbi mövcudluğunu artırır və “ciddi nəticələr” barədə xəbərdarlıq edir.

Bu, rəsmən müharibə elan olunmadan risklərin artırılması strategiyasının klassik nümunəsidir. Bu gün – hərbi obyekt. Sabah – infrastruktur. O biri gün – kiberhücum.

Beynəlxalq siyasətdə belə vəziyyətlərə “idarə olunan qeyri-sabitlik” deyilir. İdarə olunan – o vaxta qədər ki, kimsə həqiqətən sükanı əlində saxlayır və pedalları səhv salmır. Tarix göstərir ki, bəzən belə səhvlər də baş verir.

İranın daxilində nə baş verir

Tarix göstərir ki, xarici təzyiq demək olar həmişə daxili konsolidasiyanı gücləndirir. Sistem təhlükə hiss etdikdə liberallaşmaq əvəzinə, adətən daha çox qapanır.

İranda əsas rolu İslam İnqilabı Keşikçiləri Korpusu oynayır – bu struktur yalnız güc blokuna deyil, həm də iqtisadiyyatın əhəmiyyətli hissəsinə təsir göstərir.

Belə şəraitdə güc institutlarının təsiri adətən artır.

Hakimiyyət daha çox mərkəzləşir, nəzarət güclənir, informasiya məkanı daralır.

Bu, sistemə sabitliyi qorumağa kömək edir. Lakin eyni zamanda daxili gərginliyi də artırır.

Sosial-iqtisadi problemlər isə heç yerə yox olmur: inflyasiya, sanksiyalar, milli valyutaya təzyiq.

Nəticədə özünəməxsus ikili reallıq yaranır: zahirdə sabitlik nümayişi, daxilində isə tədricən yığılan gərginlik.

Niyə bu məsələ hamıya aiddir – hətta uzaqda olanlara da

Hətta raketlər uzağa uçsa belə, iqtisadi nəticələr heyrətamiz sürətlə yayılır.

Fars körfəzi vasitəsilə hər gün təxminən 20–21 milyon barrel neft və neft məhsulu daşınır – bu isə dünya istehlakının təxminən beşdə birinə bərabərdir. Gəmiçiliyə yönələn istənilən təhlükə bazarlarda dərhal hiss olunur.

Neft qiymətləri geosiyasi risklərə diplomatların bəyanat yazmağa macal tapmasından daha sürətli reaksiya verir.

Hələ fevralın sonunda bir barrel neft təxminən 70 dollar idi. Martın əvvəlində qiymət 84 dollara yaxınlaşdı. Artıq 6 martda Brent markalı neftin qiyməti 93 dollara çatdı.

İxracatçı ölkələr üçün bu, ilk baxışdan yaxşı xəbər kimi görünür.

Amma hər yüksək neft qiymətinin həmişə ikinci tərəfi də olur.

Hətta barrel üçün cəmi 10 dollarlıq artım belə dünya iqtisadiyyatında on milyardlarla dolların yenidən bölüşdürülməsi deməkdir.

Kimsə əlavə gəlir qazanır. Kimsə inflyasiyanın sürətlənməsi ilə üzləşir. İnvestorlar daha ehtiyatlı davranmağa başlayır. Daşımaların sığortası bahalaşır. Logistika isə mürəkkəbləşir.

Belə dalğalanmalara xüsusilə iri sənaye iqtisadiyyatları həssasdır. Məsələn, dünyanın ən böyük neft idxalçısı olan Çin enerji xərclərinin artmasını nəzərə almağa məcbur olur və bu da sənaye və nəqliyyat sektoruna əlavə təzyiq yaradır. Çində enerji bahalaşanda, bu, tədricən dünyanın bir çox ölkəsində malların qiymətinə də təsir edir.

İqtisadiyyat ümumiyyətlə qeyri-müəyyənliyi sevmir. Hazırda isə qeyri-müəyyənlik o qədər çoxdur ki, onu ayrıca məhsul kimi ixrac etmək də olardı.

Böyük geosiyasi və nəqliyyat dəhlizləri

Bu fonda Rusiya yenidən “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi mövzusunu gündəmə gətirməyə çalışır. Bu marşrut Rusiyanı İran üzərindən Fars körfəzi və Hind okeanı ilə birləşdirməlidir. Moskva üçün bu, alternativ ticarət yollarına strateji çıxış deməkdir.

Lakin burada iki mühüm məqam var. Birincisi, bir çox Qərb analitikləri hesab edir ki, belə layihələr Rusiyaya və İrana qarşı sanksiya təzyiqini qismən yumşalda bilər. İkincisi isə kifayət qədər sadə qayda var: iri infrastruktur layihələri sabitliyi sevir.

Ətrafda mümkün hərbi ssenarilər müzakirə olunanda investorlar riskləri hesablamağa başlayır və logistika çox tez bir zamanda siyasətin girovuna çevrilir.

             Azərbaycanın yeri haradadır

Və məhz burada ən həssas hissə başlayır.

Azərbaycan İranla həmsərhəddir, İsraillə fəal əməkdaşlıq edir və ABŞ ilə tərəfdaş münasibətlərini qoruyur.

Naxçıvana pilotsuz aparatlarla edilən hücum qlobal qarşıdurmanın Cənubi Qafqaza nə qədər sürətlə toxuna biləcəyini göstərdi. 

Bakının reaksiyası sərt oldu: diplomatik etiraz, izahat tələbi və cavab tədbirləri hüququ barədə bəyanat. Ordu yüksək səfərbərlik vəziyyətinə gətirildi.

Bir çox dövlətlərin Azərbaycana dəstək ifadə etməsi və onun ərazisinə zərbəni pisləməsi də diqqət çəkdi. Eyni zamanda Moskvanın demək olar ki, tam səssiz qalması da maraqlı məqam oldu. Rusiya ənənəvi olaraq Cənubi Qafqazın əsas oyunçularından biri sayılır və bu kimi hallarda onun mövqeyi adətən açıq səslənir. Bu dəfə isə diplomatik pauza özü-özlüyündə diqqət çəkdi.

Cənubi Qafqaz çoxdan dünya siyasətinin periferiyası olmaqdan çıxıb – son günlərin hadisələri bunu bir daha göstərdi.

Amma coğrafiya dəyişmir. Deməli, balans siyasətinə ehtiyac da qalır.

Bir tərəfdən, enerji qiymətlərinin artması qısamüddətli iqtisadi üstünlüklər verə bilər. Digər tərəfdən isə gərginlik zonasına yaxınlıq xüsusi diplomatik dəqiqlik tələb edir.

Hansı kurs rasional görünür

Emosiyaları kənara qoysaq, formula kifayət qədər sadədir: daxili dayanıqlılıq, çevik diplomatiya və iqtisadi hesab.

Yüksək tonlu bəyanatlar deyil, düşünülmüş siyasət lazımdır:
gərginliyin azaldılmasına çağırışlar, beynəlxalq hüquqa istinad və başqalarının hərbi ssenarilərinə cəlb olunmamaq.

Azərbaycanın mühüm üstünlüyü var –demək olar ki, münaqişənin bütün tərəfləri ilə işlək əlaqə kanalları mövcuddur.

Böhran dövründə qiymətli olan səsin yüksək tonu deyil, başqaları artıq dinləməyəndə danışa bilmək bacarığıdır.

Başqa bir vacib məqam da var.

Əgər enerji resurslarından gəlirlər artırsa, bu eyforiya üçün yox, ehtiyatların gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi üçün istifadə olunmalıdır.

Neft dövrlərinin tarixi sadə bir həqiqəti xatırladır: “Əbədi barrel” yoxdur.

             Yolayrıcının paradoksu

Maraqların kəsişməsində yerləşən ölkələr çox vaxt həssas görünür. Amma məhz zaman keçdikcə məhz daimi balans dayanıqlılıq yaradır.

Azərbaycan tarixən güc mərkəzləri arasında mövcud olub. Bu isə xüsusi strateji mədəniyyət formalaşdırıb: ətrafda hamı qışqıranda səsini qaldırmamaq, başqaları qapını sındıranda onu çırpmamaq.

Bu gün əsas məsələ gur səslə kiminsə tərəfini tutmaq deyil.

Əsas məsələ odur ki, başqasının münaqişəsi daxili qeyri-sabitliyin mənbəyinə çevrilməsin.

Tarixdə qalib gələnlər fırtınada hamıdan fəal ştirak edənlər olmur.

Qalib gələnlər o kəslər olur ki, həmin vaxt sakitcə öz evinin təməlini möhkəmləndirir.(pressklub)

Fuad Rəsulov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam