SEPAH İran iqtidarını ələ keçirir –Naxçıvanı vurma əmri İnqilab Keşikçilərindən gəlib?
İranda müharibə şəraiti dərinləşdikcə ölkə daxilində real hakimiyyətin getdikcə daha çox SEPAH-ın – İran İslam İnqilabı Keşikçiləri Korpusunun əlində cəmləndiyi bildirilir.
Yenixeber.org: Regiondakı mənbələrin və təhlükəsizlik ekspertlərinin məlumatına görə, yüksək rütbəli komandanların öldürülməsinə baxmayaraq, SEPAH qərarvermə proseslərinə nəzarəti daha da gücləndirib və hazırda ölkənin həm hərbi, həm də siyasi strategiyasının əsas müəyyənedicisinə çevrilib.
Məlumata görə, ABŞ və İsrailin son hücumlarından əvvəl SEPAH rəhbərliyi mümkün itkiləri nəzərə alaraq komanda strukturunda ciddi dəyişikliklər edib. Strategiyanın əsas elementi səlahiyyətlərin aşağı rütbəli komandirlərə verilməsi olub. Bu addım İranın hərbi əməliyyatlarda davamlılığını təmin etməyi hədəfləsə də, eyni zamanda səhv qərarlar və ya münaqişənin daha geniş miqyasda böyüməsi riskini də artırır.
Analitiklər bildirirlər ki, artıq orta rütbəli zabitlərə belə bəzi regional əməliyyatlar barədə qərar vermək səlahiyyəti verilib. Bu isə faktiki olaraq İranın müxtəlif istiqamətlərdə paralel və daha sərt hərbi addımlar atmasına imkan yaradır.
Hədəf: rejimin qorunması
Ekspertlərə görə, SEPAH-ın bu strategiyasının əsas məqsədi hər şeydən əvvəl İran rejiminin yaşamasını təmin etməkdir. Yeni SEPAH komandanı Əhməd Vahidinin artıq bütün əsas strateji toplantılarda iştirak etdiyi və ölkədə qəbul edilən mühüm qərarların demək olar ki, hamısında söz sahibi olduğu bildirilir.
Mənbələr qeyd edir ki, komanda sistemində xüsusi mexanizm yaradılıb: hər bir komandanın yerinə dərhal keçə biləcək üç varis müəyyən edilib. Bu isə yüksək rütbəli komandirlərin öldürülməsi halında belə strukturun çökməsinin qarşısını almağa hesablanıb.
Analitiklər bu modeli “mərkəzsizləşdirilmiş komanda sistemi” kimi qiymətləndirirlər. Bu yanaşmaya görə, hər hansı şəhər və ya hərbi struktur hücuma məruz qalsa belə, yerli komandanlıq müstəqil qərar verərək həm müdafiəni təşkil edə, həm də rejimin idarəetməsini qoruyub saxlaya bilir.
Daxili nəzarət və üsyan qorxusu
SEPAH yalnız xarici əməliyyatlarda deyil, ölkə daxilində də əsas güc olaraq qalır. İran daxilində təhlükəsizlik və kütləvi etirazların qarşısının alınması da böyük ölçüdə bu qurumun nəzarətindədir. Analitiklərin fikrincə, bu səbəbdən ABŞ və İsrailin mümkün hücumlarının İran daxilində rejimə qarşı geniş üsyan doğuracağı ilə bağlı gözləntilər hələlik reallaşmaya bilər.
SEPAH-ın tərkibində fəaliyyət göstərən “Bəsic” adlı yarı-hərbi qüvvə də daxili nəzarətin əsas elementlərindən biridir. Minlərlə könüllüdən ibarət bu struktur əvvəlki illərdə etirazların yatırılmasında fəal istifadə olunub.
“Dövlət içində dövlət”
1979-cu il İran inqilabından sonra yaradılan SEPAH bu gün artıq təkcə hərbi qurum deyil. O, İranın siyasi, təhlükəsizlik və iqtisadi sistemində nəhəng təsirə malik bir struktura çevrilib. Ekspertlər onu tez-tez “dövlət içində dövlət” kimi xarakterizə edirlər.
SEPAH-ın iqtisadi təsiri xüsusilə böyükdür. Onun tikinti və enerji sektorunda fəaliyyət göstərən “Xatəmül-Ənbiya” kimi iri şirkətləri ölkənin strateji layihələrinin böyük hissəsini həyata keçirir. Bundan başqa, İranın nüvə proqramı və regiondakı şiə silahlı qrupları ilə əlaqələrin koordinasiyası da əsasən SEPAH vasitəsilə aparılır.
Hakimiyyətin gələcəyi
Ekspertlər hesab edir ki, İranın ali dini lideri Əli Xameneinin ölümündən sonra ölkədə siyasi balans daha da dəyişə bilər. Onun mümkün varisi kimi göstərilən oğlu Müctəbanın SEPAH ilə çox yaxın əlaqələri var və bu, gələcəkdə İnqilab Keşikçilərinin hakimiyyət içində rolunu daha da gücləndirə bilər.
Analitiklərin qənaətinə görə, müharibə vəziyyəti davam etdikcə İran daxilində real güc balansı daha çox hərbi strukturların, xüsusilə də SEPAH-ın xeyrinə dəyişir. Bu isə regionda qərarların daha sərt və daha riskli şəkildə qəbul olunması ehtimalını artırır.
Qeyd edək ki, Azərbaycan ərazisinə dron hücumunun edilməsi də məhz SEPAH içindəki qüvvələrin işi kimi görünür. Çünki illərdən bəri İnqilab Keşikçilərinin Azərbaycana soyuq münasibəti sirr deyil. Belə olan təqdirdə, yaranmış vəziyyəti fürsət bilən SEPAH daxilindəki anti-azərbaycançı qüvvələrin belə bir təxribata imza atması da mümkündür.(yenicag.az)









AZ
RU