Tənbəl tələbə, əsir düşən jurnalist, dünyanı dəyişən lider...-“Şlyapalı adam” siyasət olimpinə necə qalxa bildi?

Həqiqətən ikonik şəxsiyyət olan ser Uinston Çörçill istər-istəməz görkəmli ingilislər sırasında ön cərgədə dayanır — Nyuton, şahzadə Diana, Şekspir, Darvin və Con Lennonla yanaşı.
Yenixeber.org: 90 illik ömrü ərzində o, daşyonan və landşaft memarı peşəsinə yiyələnmiş, zabit və hərbi müxbir, redaktor və rəssam, yazıçı və tarixçi olmuş, 25 yaşından etibarən isə siyasi yola qədəm qoyaraq, yarım əsr boyunca Britaniya Krallığının dövlət həyatını müəyyənləşdirmişdir. “Vokrug sveta” jurnalı Uinston Çörçillin həyat yolunu xatırladır — bu bioqrafiyada çoxlu yüksəlişlər və enişlər olmuşdur.
Balda vaxtından əvvəl doğulan körpə
1874-cü ilin payızında Londonun “Times” qəzeti ilk səhifəsində Marlboro hersoqları ailəsində növbəti övladın dünyaya gəlməsini xəbər verdi: “30 noyabrda Blenheym sarayında ledi Rendolf Çörçill vaxtından əvvəl dünyaya oğlan uşağı gətirdi”.
Ona görə vaxtından əvvəl ki, hamilə qadının doğuşuna hələ iki ay qalırdı, lakin o, balda həddindən artıq rəqs etdi və güclə qarderob otağına çatdı. Yeddi aylıq körpə kürən və çığırqan idi — hadisənin şahidləri sonradan xatırlayırdılar ki, bu ailə ocağında heç vaxt belə gur uşaq qışqırığı eşidilməmişdi. Oğlana Uinston Leonard Spenser adı verildi, ailədə isə Uinni deyirdilər.
Çörçilllər nəslinin çoxəsrlik şəcərəsinə görə, ser Uinstonun qanında Fateh Vilhelmin norman tərəfdaşlarının və pirat ulu babası Frensis Dreykin genlərinin kokteyli axırdı, amerikalı ana xətti ilə isə o, Ruzvelt ailəsi ilə də qohum idi. Uinston 20 yaşına qədər Marlboro titulunu və qədim mülkü əldə edəcəyinə ümid edirdi, lakin birbaşa varis — qardaşı oğlu doğulduqdan sonra bu ehtimal yoxa çıxdı.
Çörçillin atası siyasətə, anası isə kübar həyata aludə olduqlarından, Uinninin tərbiyəsi dayəyə tapşırılmışdı. O dövrün zadəgan ailələrində adi hal idi və sevimli “ikinci anası” miss Everestin portreti Çörçillin ölümünə qədər iş otağını bəzədi.
Başqa bir tərbiyəçi isə onda qorxulu xatirələr qoydu: Askotdakı özəl hazırlıq məktəbinin direktoru — köhnə İngiltərənin “ənənələrinə” uyğun olaraq — şagirdləri mütəmadi döyürdü. O zaman ibtidai siniflərdə daha çox tərbiyə edir, nəinki öyrədirdilər; çubuq ən təsirli metod sayılırdı və intizama tabe olmayan inadkar uşaq bu söyüd çubuqların “elastik”liyini bol-bol daddı.
Zorakılığı, xüsusən də təhqir kimi qəbul etdiyi döyməni Çörçill o qədər nifrətlə qarşılayırdı ki, yetkinlik yaşına çatan kimi Askota yalnız bir məqsədlə — köhnə düşmənindən qisas almaq üçün yollandı. Lakin uşaq incikliyi qisasız qaldı: pedaqoq artıq ölmüş, məktəbə aparan yolu isə ot basmışdı.
Elitar “qapalı” məktəblər (İton, Kembric, Harrou) sadəcə “qızıl gənclər”i universitet qəbuluna hazırlamırlar, onların attestatı həm də məzunların yüksək təbəqəyə mənsubiyyətinin göstəricisidir. Çörçill ailəsinin kişiləri üçün belə məktəb İton idi, lakin Uinston üçün istisna etdilər: Harrouda qəbul şərtləri daha yumşaq, oxumaq isə nisbətən asan idi.
Qəbul imtahanında gənc Çörçill iki saat ərzində imtahan vərəqinə bircə “1” rəqəmi çəkdi, onu mötərizəyə aldı, qalın bir mürəkkəb ləkəsi əlavə etdi və sənədi tamamilə mürəkkəbə buladı. Başqa bir namizəd dərhal qovulardı, lakin Marlboro nəslinin nümayəndəsinə bu bağışlandı (Böyük Britaniyada təhsil müəssisələrində pul və titul həmişə əsas rol oynayıb).
Dendi gənclik: Çörçillin təhsili və hərbi karyerası
Bu gün Londonun tarixi hissəsində yerləşən həmin məktəb qismən memorial xarakter daşıyır (məsələn, bir vaxtlar gənc lord Bayronun döyüldüyü sinif gələcək nəsillər üçün “konservləşdirilib”) və ser Çörçill Harrounun ayrıca qürur mənbəyidir. Amma o vaxt məktəb Uinstonun simasında tam bir tənbəl qazandı — latın və yunan dillərində əlifbadan irəli gedə bilməyən, dəqiq elmlərə nifrət edən və oxumaq istəməməsini hər yolla nümayiş etdirən.
Doğrudur, Uinninin fenomenal yaddaşı vardı, lakin o, bunu Şekspirdən səhv sitat gətirən müəllimləri yaxalamaq üçün istifadə edirdi. O, yalnız sevdiyi sahələrdə uğur qazanırdı: atçılıqda, skvoş və polo kimi oyunlarda, həmçinin nitq sənətində — mütləq dərəcədə əla bildiyi ingilis dilində (özü də uşaqlıqdan kəskin kəkələməsi və bir neçə hərfi tələffüz edə bilmədiyi halda).
Əlbəttə, valideynlər narahat idi: ərköyün oğlunun vəkil və ya hüquqşünas olacağına dair atasının ümidləri göz önündə əriyirdi. Zadəgan üçün sonuncu münasib seçim hərbi karyera idi və Uinni uşaqlıqdan bu peşəyə vurğun idi (ən sevdiyi oyuncaqlar 1,5 min qalay əsgərcik idi). Harrouda təhsilin son illərində Uinston hərbi məktəbə qəbul üçün hazırlaşdıran siniflərdə oxuyurdu.
Təhsildəki boşluqlar öz təsirini göstərməyə bilməzdi — Çörçill Sandherst hərbi məktəbinə qəbul imtahanlarından iki dəfə kəsildi, lakin üçüncü cəhddə daxil oldu ki, ilyarımdan sonra oranı az-çox normal şəkildə bitirsin. Bununla belə, atası ilə münasibəti yaxşılaşmadı, çünki ser Rendolf oğlunu piyada qoşunlarının zabiti kimi görmək istəyirdi və Konnaut hersoqu vasitəsilə ona əvvəlcədən elit alayda yer ayırmışdı, lakin Uinston süvariləri seçdi. Üstəlik, təhsil xərcləri dəfələrlə artdı, çünki süvari zabit bir neçə at saxlamalı idi (xidmət, idman və polo oyunu üçün, həmçinin ənənəvi ov üçün), bu isə Çörçill ailəsinin büdcəsinə az yük deyildi.

Uinstonun Kral Hərbi Məktəbini bitirməsi və zabit rütbəsi alması sevinci kölgədə qaldı — 1895-ci ilin yanvarında atası 45 yaşında vəfat etdi. Yalnız indi o, ser Rendolfin öz həyatındakı rolunu dərk etdi və sonralar etiraf etdiyi kimi, məhz həmin vaxt onda atasının yolunu davam etdirmək, siyasət meydanına atılmaq arzusu oyandı.
Daha bir həqiqət də iyirmi yaşlı Uinstona aydın oldu: tələsmək lazımdır, çünki zaman necə də sürətlə keçir! (Əlavə edək ki, tale Çörçillə səxavətli davrandı — ona atasınınkından düz iki dəfə uzun ömür nəsib etdi.)
Çörçillin dörd müharibəsi və ilk ədəbi təcrübəsi
Gənc zabitin karyerasında sürətli yüksəliş üçün müharibədə olması zəruri idi. Lakin Krım kampaniyasından bəri İngiltərə heç kimlə vuruşmurdu, ətrafda da sakitlik hökm sürürdü. Yalnız Kubada ispanlar yerli üsyançılarla döyüşürdülər və Çörçill yad bir orduda xidmət etmək üçün qeyri-adi israr göstərdi (atasının əlaqələri köməyə gəldi — ispan səfiri mərhum dostunun oğluna icazə vizası almaqda yardım etdi).
Atasının ölümündən sonra ailə ağır maddi vəziyyətə düşdüyündən, Uinston əlavə gəlir barədə düşünməli oldu (zabit maaşı geniş həyat sürməyə imkan vermirdi) və kiçik bir London qəzetinə hərbi müxbirlik təklif etdi. Təklif qəbul olundu və ona hər məqalə üçün 10 funt qonorar vəd edildi — illik zabit maaşı 120 funt sterling olduğu bir vaxtda bu, kifayət qədər ciddi məbləğ idi.
Kubaya gəldikdən sonra süvari leytenantı Çörçill tezliklə ilk döyüş sınağını keçdi — cəza əməliyyatı zamanı onun yanında bir neçə əsgər yerindəcə həlak oldu. Uinston özünün toxunulmazlığına tam əmin idi, çünki bu döyüş onun 21-ci ad gününə təsadüf edirdi. Çörçillin hərbi reportajlarında isə baş verənləri dərindən anlamaq istəyindən daha çox lovğalıq vardı, lakin jurnalist diletantlığını hadisə şahidinin iti baxışı və coşqun üslubu kompensasiya edirdi.
Məqalələr diqqətdən kənarda qalmadı — müəllif geri qayıtdıqdan sonra onu dəfələrlə nüfuzlu ziyafətlərə, o cümlədən Uels şahzadəsinin süfrəsinə dəvət etdilər. 1896-cı ilin avqustunda Uinstonun xidmət etdiyi alay Hindistana göndəriləndə isə Çörçill artıq aparıcı Britaniya qəzetlərindən sifarişlər alaraq yola düşdü. Lakin Bombey və Banqalorda, cansıxıcı qarnizon xidməti istisna olmaqla, heç nə baş vermirdi — zabitlər vaxtlarını əsgərləri təlim keçməyə sərf edirdilər.

Çörçill artıq əsl müharibənin barıt qoxusunu duymaqdan ümidini üzmüşdü ki, qəfil döyüşkən puştunlar üsyan qaldırdı və o, səkkiz ay yəhərdən düşmədən qanlı döyüşlərdə iştirak etdi. Hindistan kampaniyası zamanı qazandığı təcrübə artıq səthi reportajlardan daha artığı idi — bu, onun ədəbi debütünə çevrildi. 23 yaşında ilk kitabının nəşri ilə özünü maraqlı yazıçı kimi tanıtdı.
1899-cu ildə Britaniya Cənubi Afrikada müharibə başladaraq, cazibədar koloniyanı Hollandiyanın əlindən almaq istədi. Çörçill bu səfərə artıq yüksək səviyyəli jurnalist kimi yollandı: 250 funtluq əməkhaqqı (ezamiyyə və yol xərcləri istisna olmaqla) ona özünü tamamilə müstəsna fiqur kimi hiss etməyə imkan verirdi.
Nəticədə məhz bu müstəsnalıq onu xilas etdi: ingilislər üçün uğursuz keçən hərbi əməliyyat zamanı mülki geyimdə, əlində mauzer silahı ilə burlara əsir düşdü. Müharibə qanunlarına görə, belə şəxslər məhkəməsiz güllələnirdi, lakin alimənsəb britaniyalıya güzəşt etdilər — lordun oğlu standart fiqur deyildi.
Əsir möcüzə nəticəsində qaça bildi, holland dilində bir söz belə bilməyən və izdihamda itib-batmaq bacarığı olmayan bu avantüristin başına görə 25 funt sterlinq mükafat elan olundu. Çörçilli bu ümidsiz vəziyyətdə də Tanrı qorudu — yad ölkədə o, yeganə “leqal” ingilisə rast gəldi; həmin şəxs həmvətənini kömür mədənində gizlətdi, daha sonra isə yük vaqonunda özününkülərin yanına göndərdi.
Məhz həmin vaxt ser Uinstonun məşhur aforizmi doğuldu: “Cəsarət — ağır şəraitin təzyiqi altında ləyaqəti qoruyub saxlamaq sənətidir”. Çörçillin qaçışı ilə bağlı bütün hadisələri növbəti reportajında təsvir etməsindən sonra yazısının “Morning Post” qəzetində dərc olunması müəllifi bütün İngiltərədə məşhurlaşdırdı.
Onun dördüncü müharibəsi Birinci dünya müharibəsi oldu və burada Çörçill artıq siyasətçi kimi çıxış edirdi. 1915-ci ilin payızında dəniz naziri vəzifəsində yol verdiyi bir sıra uğursuzluq və səhvlərdən sonra Çörçill istefa verdiyini bəyan etdi və mayor rütbəsi ilə alman cəbhəsinə yollanaraq, qrenadyorlara komandanlıq etməyə başladı: o, real döyüşlərdə iştirak edir, səngər həyatının bütün çətinliklərini əsgərlərlə bölüşürdü.
Siyasətçi Çörçillin böyük yolunun mərhələləri
Siyasət Çörçilli şüuraltı olaraq gənclik illərindən cəlb edirdi: İngiltərədə formalaşmış ənənəyə görə, İcmalar Palatasında debatlar ictimaiyyət üçün açıq keçirilirdi və gənc Uinston parlamentin qalereyasına kollecdən qat-qat böyük həvəslə baş çəkirdi.
Hindistan və Afrika kampaniyaları arasında Uinston siyasi fəaliyyətə başlamağa cəhd göstərdi və ser Rendolfun əsas prinsipindən yararlandı: hamını, ilk növbədə isə öz partiyanı cəsarətlə tənqid et. Çörçillin mühafizəkarların qurultayında söylədiyi çıxış gurultulu uğur qazansa da, əsas məqsədə çatmadı — nəsihətlərdən incimiş partiya veteranları parlamentə can atan bu çevik və cəsur yeniyetməni görməzdən gəldilər (əslində Çörçill 1900-cü ildə mühafizəkarlar partiyasının üzvü kimi parlamentə seçilib, lakin bir sıra məsələlərdə, xüsusən də azad ticarət mövzusunda partiyasının siyasəti ilə razılaşmayaraq, 1904-cü ildə liberallar partiyasına keçib - Press klub).
Mühafizəkarlarla alınmadı — liberallarla alındı: 1904-cü ildən etibarən Çörçill Lloyd Corcun şəxsiyyətinə heyran olaraq onunla birlikdə ölkədə sosial islahatlar aparmağa başladı. Liberal hökumətdə ser Uinston bir neçə mühüm vəzifə tutdu — ticarət nazirindən tutmuş daxili işlər nazirinədək. “Baş polis” vəzifəsində işçilərin öz hüquqları uğrunda çıxışlarını amansızcasına yatırması o qədər sərt oldu ki, 1911-ci ildə onu tələsik şəkildə dəniz nazirliyinə keçirdilər.
1924-cü ildə Çörçill yenidən mühafizəkar oldu və partiyanın liderlərindən birinə çevrildi. Onu bu cür “yerdəyişmə” ilə qınayanda belə cavab verirdi: “Partiyanı dəyişmək ideyanı dəyişmək demək deyil”. Və məqsədini gizlətmirdi: “Niyə nazir olurlar? — Baş nazir olmaq üçün!” Vaxt itirməmək üçün Uinston Çörçillin tutduğu vəzifələri sadəcə sadalayaq:
1917–1921 — hərbi nazir və aviasiya naziri;
1921–1922 — müstəmləkələr üzrə nazir;
1924–1929 — maliyyə naziri;
1939–1940 — hərbi-dəniz naziri;
1940–1945, 1951–1955 — Böyük Britaniyanın baş naziri.
Əlbəttə, bu siyahı özlüyündə onun “suda batmaz”lığının və siyasi uzunömürlülüyünün göstəricisidir, lakin fəaliyyətinin keyfiyyətini əks etdirmir. Qiymətləndirmə isə olduqca geniş diapazondadır — qibtəedici uğurdan tam iflasa qədər. Artıq qeyd edildiyi kimi, daxili işlər nazirliyinə rəhbərlikdən Çörçill uzaqlaşdırılmışdı; Admirallıqda apardığı qaynar fəaliyyət isə könüllü istefa ilə nəticələnmişdi (İstefaya səbəb Birinci dünya müharibəsi illərində Admirallığın birinci lordu vəzifəsində Osmanlı imperiyasına qarşı hazırladığı və rəhbərlik etdiyi Dardanel əməliyyatının uğursuzluğu idi - Press klub).

Birinci dünya müharibəsində İngiltərənin Almaniya üzərində qələbəsini hərbi nazir, əlbəttə ki, müəyyən əsaslarla öz hesabına da yaza bilərdi. Lakin 1918-ci ildən dərhal sonra Sovet Rusiyasına (Çörçillin onlara genetik olaraq nifrət edirdi) qarşı başlanmış, Kolçak və Denikinə arxalanan müdaxilə iflasa uğradı. Müstəmləkələrlə məşğul olaraq Çörçill Yaxın Şərqdə müəyyən irəliləyişlərə nail oldu (əfsanəvi Ərəbistanlı Lourensin vasitəçiliyi ilə),ərəb liderləri ilə bütün məsələləri tənzimlədi. İrlandiyadakı terrorçularla mübarizəni isə öz “güc siyasəti”nin təntənəsi hesab edirdi.
1922-ci il seçkilərində məğlub olan Çörçill iki il işsiz-gücsüz qalandan sonra milyonçu sponsorun pulları hesabına təşviqat apararaq, 100 faiz dəstək göstərən bir seçki dairəsi tapdı və müstəqil deputat kimi yenidən İcmalar Palatasına qayıtdı, dərhal da maliyyə naziri oldu. Amma maliyyə məsələlərindəki tam səriştəsizliyi ilə ölkəni dəhşətli böhrana sürüklədi. 1929-cu ildə vəzifəsini tərk etdikdən sonrakı 10 il ərzində, İkinci dünya müharibəsi başlayana qədər heç bir vəzifə tutmadı.
1934-cu ildə 60 yaşını tamamlamış ser Uinstonun dövlət fəaliyyətinə qayıtmaq şansları, demək olar ki, sıfıra bərabər idi. O, baş nazir Nevil Çemberleninin “Hitleri sakitləşdirmək” siyasətinin əsas tənqidçisi idi. Lakin İkinci dünya müharibəsi ərəfəsində Britaniya ordusunun yenidən silahlandırılması ilə məşğul olaraq o, heyrətamiz uğurlar qazandı (o vaxt istehsala buraxılmış ağır tank silah kataloqlarına “Churchill–Crocodile” adı ilə daxil edildi).
İkinci dünya müharibəsi Uinston Çörçillin ulduz saatı oldu: ölkə üçün ən ağır dönəmdə Böyük Britaniyanın baş naziri kimi o, faşizmə qarşı mübarizə şüarı altında milləti səfərbər etdi, antihitler koalisiyasının yaradılmasının fəal iştirakçısı oldu, ABŞ prezidenti Ruzvelt və SSRİ lideri Stalin ilə birlikdə xalqların və dövlətlərin talelərini həll etdi. Siyasi fəaliyyətini isə “soyuq müharibə”nin nəzəriyyəçisi kimi başa vurdu.
Çörçill özünün “siyasətçi” adlandırmasıını sevmirdi — “dövlət xadim” ifadəsinə üstünlük verirdi. Onun fikrincə, “ictimai xadim siyasətçidən onunla fərqlənir ki, növbəti seçkilər haqqında deyil, növbəti nəsillər haqqında düşünür”.(pressklub)
(Davamı var)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada









AZ
RU