Fidan Ermənistanı “silkələdi”: Ya sülh, ya da... -Bakının inanılmaz inadı və Paşinyan hökumətinin seçim olmayan yolu...

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyə müsahibəsində dedikləri Ermənistanda onsuz da gərgin olan ictimai diskussiyaları daha da alovlandırıb.
Yenixeber.org: Fidan bəyan edib ki, Ankara Ermənistanla diplomatik əlaqələri yalnız Azərbaycanla yekun sülh müqaviləsi imzalanandan sonra bərpa etməyə hazırdır.
“Əgər bu mərhələdə Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, bu, Ermənistan üçün Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əsasları azaldacaq və nəticədə bölgədə “donmuş münaqişə” riski yarana bilər. Biz bunu istəmirik”, – deyə nazir vurğulayıb.
Fidan 8 avqustda Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə keçirilmiş Əliyev-Paşinyan danışıqlarında iki məsələ ilə bağlı qərar qəbul olunmadığını xatırladıb: “Zəngəzur dəhlizi və Ermənistanın konstitusiyası ilə bağlı bəzi məsələlər həll olunub, yekun sülh müqaviləsi imzalanandan sonra Türkiyə Ermənistanla sərhədlərini açacaq”.
Ermənistanda xüsusi ilə anti-hökumət dairələri Türkiyənin mövqeyini Paşinyanın regionda yürütdüyü xarici siyasətin iflası kimi dəyərləndirirlər. Erməni diplomatiyası 44 günlük müharibədən sonra Türkiyə ilə sərhədlərin açılmasını Azərbaycanla sülh prosesindən ayırmağa çalışıb, bu məsələyə Birləşmiş Ştatları və Avropa İttifaqını cəlb etməyə nail olub. Nəticədə Türkiyə-ABŞ, Türkiyə-Avropa danışıqlarında Ermənistanın iqtisadi blokadadan çıxarılması əsas mövzulardan birinə çevrilib. Bu, həm də Ermənistanın, eləcə də Cənubi Qafqaz regionun Rusiyanın hərbi-siyasi, iqtisadi asılılığından çıxarmağın əsas vasitələrindən biri kimi təqdim edilib. Yəni Rusiya tədricən bölgəni tərk edir, Türkiyə Ermənistan üçün Rusiyanı əvəz edən iqtisadi məkana çevrilir, nəticədə Avrointeqrasiyanın qarşısında duran əsas maneələrdən biri aradan qaldırılır.
Son 2 il ərzində Türkiyənin Cənubi Qafqazda yürütdüyü siyasəti incələyəndə Ankaranın da Ermənistanla münasibətlərdə yeni səhifə açmağa cəhdlər etdiyi aydın olur. Amma Azərbaycanla məsləhətləşmə və koordinasiya müttəfiqlərin öhdəliklərindən biridir və Türkiyə rəhbərliyini buna əməl edib. Bununla belə Ankaradan Bakıya yumşaq təzyiq, “dost məsləhətləri” də az olmayıb, konkret olaraq Ermənistanla sərhədlərin açılmasına, diplomatik münasibətlərin bərpasına Azərbaycanın dəstəyini almaq cəhdləri olsa da, Bakı mövqeyindən dönməyib.
Beləliklə, 2022-ci ildən vüsət götürən Türkiyə-Ermənistan danışıqları Azərbaycanın istədiyi nöqtədən o tərəfə keçməyib, Ankara nəhayət inadından əl çəkərək Ermənistana qəti cavab verib: “Ermənistanla diplomatik əlaqələr yalnız Azərbaycanla yekun sülh müqaviləsi imzalanandan sonra bərpa olunacaq”.
Beləliklə, şərtlər dəyişmir, Ermənistan sülh müqaviləsinin imzalanması üçün şərtləri Bakının tanıdığı bəlli zaman kəsiyində yerinə yetirməlidir. Xarici işlər naziri Ceyhun Bayramov bu müddəti 2026-i ilin sonuna qədər olduğunu ifadə etmişdi.
H. Fidanın bəyanatı Paşinyan hökumətini rəqibləri və daxili ictimai rəy qarşısında bir qədər çətin vəziyyətdə qoyub. Amma hökumət məyusluğunu büruzə vermir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün həqiqətən də mühüm məsələdir.
Onun sözlərinə görə, eyni dərəcədə vacib olan digər istiqamət isə Azərbaycanla əldə olunmuş sülhün davamlı şəkildə institusionallaşdırılmasıdır. Nazir vurğulayıb ki, bu iki proses bir-biri ilə şərtlənmir: “Əgər mütləq şəkildə səbəb-nəticə əlaqəsi axtarsaq, o zaman Türkiyə ilə münasibətlərin tam normallaşmasının Ermənistan–Azərbaycan dialoquna mənfi yox, əksinə, müsbət təsir göstərə biləcəyini də görərik”.
Ararat Mirzoyan həmçinin nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsinə də toxunub. Onun sözlərinə görə, 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində bu prosesin əsas prinsipləri razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq.
Mirzoyan bildirib ki, bu çərçivədə nəzərdə tutulan TRIPP marşrutu həm Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edəcək, həm də Ermənistanı digər ölkələrlə və daha geniş regionlarla birləşdirəcək: “Ermənistan bu layihənin qısa zamanda reallaşması üçün fəal və maraqlı şəkildə çalışır”.
Mirzoyanın dediklərinən o nəticə çıxır ki, İrəvan müttəfiqlərin vahid güclü mövqeyi qarşısında başqa çıxış yolu görmür. Ölkənin rəsmi mövqeyi regionda dominant mövqeyə uyğunlaşdırılır və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını şərtsiz prioritetə çevirir. Ermənistan Rusiya ağırlıqlı indiki status-kvonu dəyişmək istəyirsə, 2026-cı ilin iyun seçkilərindən dərhal sonra referenduma gedib ölkə konstitusiyasında dəyişiklər edib sülh masasının arxasında öz yerini tutmalıdır.(pressklub)
Turqut










AZ
RU