Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Tehran məngənədə -ŞƏRH

news content


İran hakimiyyəti daxildə sosial-siyasi problemlərin, xaricdə dünyanın basqısı altında çabalayır

Yenixeber.org: Tehran hakimiyyəti nüvə probleminin həllində sıxışıb qalıb. Qısamüddətli müharibədən məğlub çıxan ölkənin sosial-iqtisadi vəziyyəti isə günü-gündən ağırlaşır. 

Hər gün ölkə əhalisinin müxtəlif sosial təbəqələrinin nümayəndələri əmək haqlarının artırılması, təqaüdlərin verilməsi, iş şəraitinin və tələbə yataqxanalarında vəziyyətin yaxşılaşdırılması, həmin yerlərdə keyfiyyətli yeməklərin verilməsi, uşaqlara milli dildə adların verilməsinə yaradılan süni maneələrin aradan qaldırılması və başqa tələblərlə etiraz aksiyası keçirir. 

Tehran hakimiyyəti yaranmış vəziyyətdən xilas olmaq üçün cəhdlər edir. 

Heç şübhəsiz, ölkədə yaranan vəziyyəti ilk növbədə İranın milli valyutasının ucuzlaşmasında özünü göstərir. İranda denominasiya məsələsi uzun illərdir müzakirə olunur. 2025-ci ilin avqust ayında milli valyutanın - rialın dörd sıfırını silmək məqsədilə denominasiyası təsdiqlənib. Bu barədə qəbul edilən sənədə əsasən, yeni valyuta "rial" adını saxlayacaq. 10 000 köhnə rial bir yeni riala bərabər olacaq, həmçinin yeni rialın 1/100 hissəsinə bərabər olan “qran” adlı xırda pul vahidi tətbiq ediləcək. Bu maliyyə əməliyyatı inflyasiyanın azalmasına təsir etməyəcək, ancaq maliyyə hesablamalarını sadələşdirməyə və xərcləri azaltmağa yönəlib.

Bundan başqa, əskinasların çap xərcləri azalacaq. İran parlamentinin uyğun komitəsi tərəfindən təsdiqlənmiş qanun layihəsi əvvəlcə parlament səsverməsindən keçməli və Nəzarət Şurası tərəfindən qəbul edilməlidir. Bundan sonra Ali rəhbərin təsdiqi ilə qüvvəyə minəcək. 

İran Prezidenti Məsud Pezeşkian ötən il oxşar nisbətdə denominasiya və valyutanın yeni adını - "tümən" təklif etmişdi. Denominasiya təşəbbüsü respublika hökuməti tərəfindən hələ 2019-cu ildə təsdiqlənmişdi, ancaq son aylarda hakimiyyət onun həyata keçirilməsini sürətləndirib. Ümumiyyətlə, bu məsələ 1990-cı illərdən müzakirə olunur.

İran valyutası ölkəyə qarşı tətbiq edilən sanksiyalar səbəbindən əhəmiyyətli dərəcədə dəyərdən düşüb, riala son zərbəni iyun ayında İsrail və ABŞ ilə müharibə vurub.

İranlı iqtisadçı Kamran Nadiri hesab edib ki, bu tədbir nə effektiv pul-kredit siyasəti, nə də inflyasiyaya nəzarət mexanizmidir: "Bu, sadəcə mühasibat uçotu məqsədləri üçün pul vahidinin formal düzəlişidir”.

Rəsmi məlumatlara əsasən, son səkkiz ildə məişət və ərzaq mallarının inflyasiyası daim ölkənin ümumi inflyasiya indeksindən yüksək olub. İnsanların alıcılıq qabiliyyəti, ərzaqların qiymətləri cəmiyyətin rifahının mühüm göstəricisi sayılır. Hakimiyyət ərzaq mallarının qiymətini azaltmağa çalışır. İranın Statistika Mərkəzinin məlumatları göstərir ki, son bir ildə bəzi vacib məişət mallarının qiymətləri 100 faizdən çox bahalaşıb. Son 8 ildə əhalinin gəlirləri təqribən 12,5 dəfə artdığı halda, bu dövrdə ərzaqların qiymətləri orta hesabla 20 dəfədən çox artıb.

İranın dövlət büdcəsi, əsasən, neftdən gələn gəlirlər hesabına formalaşır. İqtisadiyyat da buna dayanır. Bu sahədə xarici sərmayə çatışmazlığı var. İran iqtisadiyyatına xaric investisiya qoyulması isə riskli sayılır. Bunu ilk növbədə ölkə konstitusiyası məhdudlaşdırır. Habelə şübhəli nüvə fəaliyyətinə, terrorçuluğu dəstəklədiyinə, insan hüquqlarını pozduğuna və başqa məsələlərə görə Tehrana tətbiq edilən sanksiyalar bu riski artıran amillərdəndir. 

Təkcə neft-kimya sənayesinin inkişaf etdirilərək hədəflərinə çatması üçün 24 milyard dollarlıq investisiya tələb olunur.

Uyğun sahə rəsmisinin sözlərinə görə, yeddinci planın sonuna qədər bu sahənin ümumi nominal gücü 131,5 milyon tona çatmalıdır. Bu layihələr üçün isə göstərilən məbləğdə maliyyə resursuna ehtiyac var. 

İş o yerə çatıb ki, maliyyə çatışmazlığı səbəbindən Tehran xarici ölkələrdə fars dilinin təbliğinə belə vəsait ayırmaq çətinlik çəkir. 

Hindistanda 60 ildir fars mədəniyyətini təbliğ edən "Parsiana" jurnalı fəaliyyətini dayandırıb. Bildirilib ki, nəşrin bağlanmasına maliyyə çatışmazlığı səbəb olsa da, hakimiyyət bu barədə qərarı abunəçi sayının azalması, maliyyə imkanlarının tükənməsi və nəşri davam etdirəcək şəxsin olmaması ilə əsaslandırıb. 

Məlumata görə, bu dərgi 1964-cü ildə Mumbayda zərdüşti Pestonji Varden tərəfindən təsis edilib. Hindistandakı farsların həyatını işıqlandıran nüfuzlu nəşrlərdən sayılıb. 1973-cü ildə jurnalın idarəsini Cahangir Patel öz üzərinə götürüb. Rəsmi olmayan mənbələrə əsasən, nəşr illərlə İranın Fars dili və Ədəbiyyatı Akademiyası tərəfindən maliyyələşdirilib. Ancaq İranda iqtisadi böhran dərinləşdikdən sonra bu dəstək də kəsilib və nəticədə jurnalın dayandırılmasına qərar verilib. Bu akademiyanın başçısı İran parlamentinin keçmiş sədri, panfarsçı ideolojinin əsas aparıcı fiquru Qulam Əli Həddad Adildir. 

İran narkotik maddələrin yetişdirildiyi, istehsal olunduğu və daşınmasında tranzit kimi istifadə olunan ölkədir. Bu nə sirdir, nə də qərəz. İran Tibb Elmləri Universitetinin rektoru Nadir Təvəkküli bildirib ki, ölkədə narkotik maddələrdən birbaşa asılı olan şəxslərin sayı 2 milyon 800 minə nəfərə çatıb. Onun sözlərinə görə, narkomaniyadan əziyyət çəkən şəxslərin ailə üzvləri və onlara himayədarlıq edən insanlar da nəzərə alındıqda, ümumilikdə 10-12 milyon nəfər bu problemin fəsadları ilə üz-üzədir. Bu isə İranda hər 8 nəfərdən birinin bu bəladan əziyyət çəkməsi deməkdir. Rektor deyib ki, narkomaniya statistikasına tütün məhsulları və alkoqol istehlakçıları da daxil edilsə, səhiyyə sektorunda son dərəcə böyük məbləğdə maliyyə vəsaitinin xərcləndiyi görünər. 

Narkomaniyanın İranda günü-gündən çiçəklənməsi, ondan istifadə edənlərin yaş həddinin xeyli gəncləşməsi ölkənin başlıca sosial problemlərindən sayılır. Rəsmilər bunu İran əhalisinin yaşlanmasının və azalmasının səbəblərindən biri olaraq göstərirlər. 

Son illər İranda elektrik enerjisi, su qıtlığı, yanacaq çatışmazlığı da çox saylı sosial problemlər sırasına daxil olub. Təkcə son tədris ilinin bir neçə ayında elektrik enerjisi və su qıtlığı səbəbindən məktəblərdə tez-tez tətillər olub. Dövlət müəssisələri və idarələrində iş saatı və günü azaldılıb. 

Rəsmi qurumlar bu addımı “enerji istehlakının idarə olunması” kimi əsaslandırır, lakin ekspertlər bunun su və enerji resurslarında dərin struktur problemlərinin göstəricisi olduğunu bildiriblər.

Avqustun əvvəlindən ölkənin bir çox bölgəsində su və elektrik kəsintiləri gündə 10 saata qədər davam edir. Su anbarlarının səviyyəsi tarixi minimuma enib, bu da su elektrik stansiyalarının fəaliyyətini məhdudlaşdırıb.

Bu problemlər nəticəsində İran iqtisadiyyatına yüz milyon dollar ziyan dəyir. 

Sosial problemlər təhsil sahəsində də çətinliklər yaradıb. 

İranın təhsil naziri Əlirza Kazimi bildirib ki, ölkədə məktəbə getməyən uşaqların sayının 950 min nəfər olub. 

Parlamentin Təhsil Komissiyasının üzvü Fərşad İbrahimpur məktəbi tərk edən uşaqların statistikasının gizlədildiyini açıqlayıb. O bildirib ki, 2024-25-ci tədris ilində iki milyona yaxın şagird qeydiyyatdan keçməyib, iqtisadi problemlər valideynlərin və şagirdlərin qeydiyyatdan keçməsinə mane olub.

Bunlar İranın çoxsaylı sosial-iqtisadi problemlərindən bir neçəsidir. 

Sadaladıqlarımıza siyasi, mədəni, dini, ideoloji, hicab qaydaları, xarici və daxili siyasət, nüvə proqramı, müharibədən sonra İrana dəyən maddi, mənəvi, insan itkisi, hərb xadimlərin həlak olması, təhlükəsizlik sahəsində boşluqları, milli hüquqların təmin olunmaması, “Amerikaya ölüm!”, “İsrail ölüm” şüarlarının yaratdığı çıxılmaz vəziyyət və başqa belə amillər də əlavə edilsə... Tehran rejiminin vəziyyəti qibtə ediləcək deyil... 

Düzdür, bu kimi problemlər hələ sosial partlayış yaratmır. Ancaq rejim üçün təhlükənin artması ilə bağlı həyəcan siqnalıdır. Belə şərait və vəziyyət ölkənin narahat hadisələrə hazırlaşdığından da xəbər verir…(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam