Söz acizdir: nə deyəsən, necə deyəsən, niyə susasan...
Yenixeber.org: Erməni əsilli rusiyalı iş adamı, “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyanın Ermənistanda saxlanılması Rusiya informasiya məkanında kifayət qədər səs-küyə səbəb olub. Xüsusən də, bədnam təxribatçı və Kreml “ruporu” Vladimir Solovyov həmişəki kimi canlı efirdə zəhər püskürüb.
Məlum olduğu kimi, hətta Rusiyanın özündə belə, hörmət edilməyən bu personajın hər bir erməniyə xüsusi, təmənnasız sevgisi var. 44 günlük müharibə zamanı Solovyovun “Azərbaycanın təcavüzü” ilə üzləşmiş “bədbəxt” Qarabağ ermənilərinin müdafiəsində ağzı köpüklənə-köpüklənə danışması hamımızın yadındadır.
O, əmin idi ki, “təcavüzkar Azərbaycan” heç vaxt “polad ürəkli erməni şirlərini”, “məğlubedilməz Artsax xalqını”, “igid döyüşçüləri” və s. məğlub edə bilməzlər. Lakin “aslanlar”ın döyüş meydanından canfəşanlıqla qaçan “dovşanlara” çevrilməsi cəmi 44 gün çəkdi.
Bu biabırçılıqdan sonra Solovyov Qarabağ mövzusuna toxunmadan uzun müddət susdu. Amma bugünlərdə Karapetyanın saxlanılması onun yenidən “Artsax”ı xatırlaması üçün tətik oldu.
Təbii ki, onun mənzərəli üzüntülər və istedadsız pafosla müşayiət olunan təhqirləri əsasən Ermənistan hakimiyyətinə ünvanlanıb. Lakin tamaşanın gedişində Azərbaycan və Türkiyəyə də toxunmaqdan yan keçməyib.
Rusiyanın “Rossiya” telekanalının efirində Solovyov Samvel Karapetyanı müdafiə edərək, Paşinyanın komandasının “ədalətsizliyi”nə qarşı sinəsini ambrazuraya atdı: “Mənim yaxın dostum Samvel Karapetyan korrupsioner, rəzil, əhəmiyyətsiz bir hökumət tərəfindən tamamilə görünməmiş təzyiqlərə məruz qalır. Bu, erməni xalqının tarixində müqəddəs olan hər şeyə xəyanət edən "Artsax"ı təslim edən Ermənistanın tarixinə xəyanət idi”.
Səs tellərini və başqa əzalarını gərginləşdirən Solovyov Ermənistan üçün hamıdan çox iş görən Karapetyanı “qüsursuz reputasiya sahibi” (reputasiyaya sonra qayıdacağıq – F.B.) adlandırıb: "Ermənistan xalqı hələ də Ermənistanın taleyində iştirak edir? Yoxsa "Artsax"ın başına gələn eyni aqibət tezliklə onların da başına gələcək?".
Gördüyümüz kimi, Solovyov məhz məzarın islah edəcəyi o “qozbel”dir. Hansı “Artsax”dan danışır? Bu mifik “Artsax” haradadır, onu dünyanın hansısa siyasi xəritəsində göstərə bilərsinizmi? Hətta Ermənistanın özü də tanımır.
Üstəlik, hətta Ermənistan hakimiyyətində də heç kim bu termindən istifadə etmir. Amma yəhudi Solovyov özünü hayların özündən daha çox erməni hesab edir. Eyni zamanda, bu yəhudi unudub ki, Ermənistanda anti-semitizm səviyyəsi həddən artıqdır.
Ancaq bu, hamısı deyil. Rusiya Prezidenti Vladimir Putin işğaldan azad edilmiş bölgəni “Artsax” deyil, Qarabağ adlandırır. Bu, o deməkdirmi ki, Solovyov dolayı yolla Putini siyasi savadsızlıqda ittiham edir?
Bəs, “Onlar Artsaxın taleyini yaşayacaqlar” ifadəsi nə deməkdir? Solovyovun məntiqindən belə çıxır ki, Azərbaycan torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün bərpası həm ermənilər üçün, həm də Solovyovun özü üçün faciədir. Belədirsə, deməli, bu onların problemidir.
Bəs, Vladimir Rudolfoviç, yeri gəlmişkən, hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunan Karapetyanın taleyindən necə narahat oldu? O, Ukrayna ilə sülh çağırışına görə cəza çəkən yüzlərlə rus məhbusun taleyindən narahat olmalı idi, amma əvəzində xarici dövlətin daxili işlərinə burnunu soxur.
Təbii ki, korrupsioner rusiyalı jurnalistin məzəmmətləri və təhqiredici tonu İrəvan tərəfindən cavabsız qala bilməzdi. Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan özünün “Telegram” kanalında jurnalisti Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib: “Bu teleqızıl hesab edir ki, onun ölkə rəhbərini çirkin adlarla çağırmağa, Ermənistan xalqını qanuni seçilmiş hakimiyyətə qarşı siyasi fəaliyyətə çağırmağa, hisslər üzərində oynamağa haqqı var. Ucuz cəfəngiyyatla, pafoslu hərəkətlərlə hesab edir ki, bu, daxili işlərə qarışmaq deyil. Bu, Ermənistan Respublikasının daxili işlərinə birbaşa müdaxilə, onun rəhbərliyinə və xalqına qarşı qəsdən nifrət və təhqirlərin yayılmasıdır”.
Eyni zamanda, Simonyan əmindir ki, dövlət telekanalında bu cür eybəcərliklər ölkələrimiz arasında münasibətlərə ciddi ziyan vurur və yalnız Ermənistan əhalisi arasında dərin ikrah hissi yaradır: “Ümid edirəm ki, bu cür hadisələri dəfələrlə müzakirə etdiyimiz rusiyalı həmkarlarım reaksiya verəcək və Ermənistan cəmiyyəti eyni kanalda, eyni təmtəraqlı “bədii” tərzdə açıq-aşkar üzrxahlığı eşidəcək”.
Nəhayət, Karapetyanın “qüsursuz reputasiyası” haqqında bir neçə kəlmə:
2021-ci il iyunun 18-də Azərbaycanın Baş Prokurorluğu “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanı Qarabağda hərbi əməliyyatlar zamanı silah, sursat və hərbi texnikanın qaçaqmalçılığını təşkil etməkdə ittiham edərək beynəlxalq axtarışa verib.
İstintaqın məlumatına görə, 2001-2021-ci illərdə Ermənistanda “boz biznesmen” kimi tanınan Karapetyan qanunsuz silah daşınması ilə bağlı irimiqyaslı sxemdə iştirak edib.
O, “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan və KOMEX-in baş direktoru Ara Abramyanla birlikdə Ermənistana iriçaplı döyüş silahları, döyüş sursatları, partlayıcı maddələr və qurğuların çatdırılmasını təmin edib.
Nə deyək, Karapetyan “qüsursuz reputasiya”ya malik adamdır, Solovyov isə “dürüstlüyün zirvəsidir”...(AYNA)