Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

“İlan yağı”nın sehri, əcdadların sirli resepti, yalançı loğman... -Dərman adı ilə insanları aldadıb sərvət qazanan amerikalının hekayəti

news content

XX əsr ərəfəsində amerikalı fırıldaqçı Klark Stenli bütün xəstəlikləri müalicə edən “möcüzəvi” yağ satıcısı kimi ölkədə məşhurlaşdı. Alıcılar içində şəfaverici maye olan flakonu əldə etmək üçün uzun növbələrə düzülürdülər. Lakin sonradan məlum oldu ki, fırıldaqçının satdığı cövhər tamamilə faydasız bir şey imiş.

Yenixeber.org: XIX əsrin ortalarında ABŞ-yə Çindən çoxlu sayda dəmiryolu işçisi köçmüşdü. Onlar dolanışıqlarını ağır zəhmətlə təmin edirdilər. İş nəticəsində yaranan oynaq ağrılarını yüngülləşdirmək üçün iltihabı azaldan, omeqa-3 yağ turşuları ilə zəngin olan Çin suilanı yağından istifadə edirdilər. Tezliklə dələduzlar bu vasitədən xəbər tutdular və onun saxta versiyasını satmağa başladılar. Bu “oyunda” ən uğurlu kəs isə Klark Stenli oldu.

Klarkın iddiasına görə, onun “sehrli” yağı hər cür xəstəliyi — artritdən tutmuş boğaz ağrısına qədər — sağalda bilərdi.  

              İlan yağının mənşəyi

ABŞ-yə gələn işçilərin çoxu Transkontinental dəmiryolunun tikintisində çalışırdı. Ağrıları müalicə etmək üçün onlar vətəndən müxtəlif təsirli dərmanlar gətirirdilər və bu dərmanlardan biri də məhz həmin ilan yağı idi.  

Klark Stenli bu vasitədən ilk xəbər tutanlardan biri oldu və ondan pul qazanmaq fürsətini qaçırmadı. O, məhsulunu reklam edərkən çinli işçilərdən heç söz açmır, əvəzində uydurma bir hekayə danışırdı — guya bu resepti onu hindu Hopi tayfasının təbibləri öyrətmişdi. Çox keçmədən Klarkın satdığı məhsul şəfa axtaran amerikalılar arasında hitə çevrildi. Sadə adam üçün reklam sloqanlarına aldanmamaq çətin idi — dərman ağrılardan, halsızlıqdan və xəstəliklərdən — o cümlədən, onkoloji — xilas vəd edirdi.

Həmin dövrdə dərman satışı heç cür tənzimlənmədiyindən, apteklərdə satılan preparatların real effektini kimsə yoxlamırdı. Bu da saxta dərman satan fırıldaqçıların meydana çıxmasına səbəb oldu. Onlar öz preparatlarını alkoqoldan, morfindən və ya kokaindən hazırlayırdılar ki, istifadəçilərdə vasitənin təsirli olması barədə yalançı təəssürat yaransın. 

Sonrakı araşdırmalar göstərdi ki, orijinal Çin suilanı yağı həqiqətən də faydalı idi və ağrını götürürdü. Lakin onu Çindən ABŞ-yə idxal etmək baha başa gəldiyi üçün amerikalı yağın öz versiyasını — orijinal reseptlə heç bir əlaqəsi olmayan versiyasını yaratmağa qərar verdi.

             Klark Stenli – gürzələr şahı

Klark Stenli 1893-cü ildə Çikaqoda keçirilən Ümumdünya sərgisinə gürzələr gətirdi. Adam izdihamın gözü qarşısında torbadan diri ilan çıxarıb, parçalara böldü və qaynar suya atdı. Bir müddət sonra o, qazandan yağ boşaldıb müalicəvi “müəllif” yağı hazırladı. Bu performansdan təsirlənən insanlar Klarka güvəndilər və onun yağını almağa başladılar.

Dərmanın keyfiyyətinə şübhə ilə yanaşanlara isə Stenli ağız dolusu nağıl danışırdı — guya o, Arizonaya səfəri zamanı yerli Hopi tayfası ilə tanış olub və ilan yağı hazırlamağı da onlardan öyrənib.

Reklam broşürlərində Stenli belə yazırdı: “Loğman mənim haqqımda yüksək fikirdə olduğundan ilan yağından dərman hazırlamağın sirrini bölüşdü. Bu dərman indi “Klark Stenlinin ilan yağı linimenti” adlanır. İlan yağı yeni bir ixtira deyil — Hopi və digər yerli tayfalar tərəfindən nəsillər boyu istifadə olunur və mən orijinal formulu təkmilləşdirmişəm”.

Tezliklə ölkənin az qala bütün qəzetlərində müdrik əcdadlar tərəfindən hazırlanmış şəfaverici yağ haqqında təsirli sözlər yer aldı. Reklam həm insanın radikulitdən, həm də atın axsaqlıqdan sağalacağını vəd edirdi. Yağ hər yerdə apteklərdə satılırdı, lakin hansısa məntəqədə tapılmadıqda, alıcılar sadəcə olaraq Klark Stenliyə 50 sentlik markalar göndərməklə arzulanan flakonu poçtla əldə edə bilirdilər.

Dərmana tələbat o qədər böyük idi ki, Stenli linimentini çıxarmaq üçün Rod Aylenddə və Massaçusetsdə yeni müəssisələr açmaq məcburiyyətində qaldı. O, iddia edirdi ki, Texasda bir ilan ferması var ki, onu əsas “dərman” komponenti ilə təmin edir. 

Hər şey qaydasında gedə bilərdi, amma bir problem vardı — tərkibində həqiqi ilan komponenti olan yağ istehsal etmək həm baha başa gəlirdi, həm də çətin idi. Məhz buna görə də Stenli ilan yağını miksturanın tərkibindən çıxardı, amma etiketləri dəyişmədi.

Şəfaverici yağ aldıqlarını düşünən alıcıların əslində əldə etdikləri mineral yağdan, mal piyindən, qırmızı istiotdan və terpentindən ibarət qatışıq idi. 

             İlan yağı satıcısı karyerasının sonu 

Klark Stenlinin ilan yağı insan həyatı və sağlamlığı üçün təhlükəli olmasa da (“patentləşdirilmiş” bəzi digər dərmanlardan fərqli olaraq), hər halda, şəfaverici də deyildi. 

1906-cı ildə ABŞ-də qəbul edilmiş “Təmiz ərzaq və dərmanlar haqqında” Qanunla Stenli kimi saxta məhsul satanların fəaliyyəti qadağan edildi. Hüquq-mühafizə orqanları, ilk növbədə, tərkibi barədə yalan danışaraq alıcıları aldadan dərman istehsalçıları ilə mübarizə aparırdılar. Bütün patentli dərman istehsalçalarından etiketlərdə doğru komponentlər göstərmək tələb olunurdu. 

Bununla belə, Stenli bu qanuna məhəl qoymadı və onun qüvvəyə minməsindən sonra daha doqquz il ərzində məhsulunu satmağa davam etdi. Amma 1917-ci ildə federal hökumətin əli onun müəssisələrinə də yetişdi, yağ yoxlanıldı və tərkibində ilan izinə rast gəlinmədi. 

Hüquq-mühafizə orqanları alıcıları aldatdığına görə Stenlini cərimələdi. Amma bu cəza onun kimi sərvət sahibi üçün cüzi idi — cəmi 20 dollar (indiki kursla 550 dollar). Bundan sonra Stenli müəssisəsini bağladı və gözdən itdi. 

Zaman keçdikcə “ilan yağı” ifadəsi insanların bütün saxta dərmanlar haqqında işlətdikləri oturuşmuş söz birləşməsinə çevrildi. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam