İQTİSADİ TƏNƏZZÜL KREMLİ ATƏŞKƏSƏ VADAR EDƏCƏK - ABŞ nə Rusiyanı əzmək, nə də Ukryananı itirmək istəmir

Yenixeber.org: Ciddə görüşündən sonra Rusiyanın mərkəzi televiziya kanallarında çıxış edənlər elə görüntü yaradırlar ki, guya, Ukrayna ordusunun cəbhə boyunca möhkəmləndirdiyi müdafiə xətləri tezliklə yarılacaqmış və ona görə də Zelenski bir aylıq atəşkəsə getməyə məcbur qalıb. Boşboğazlıqları ilə istehza obyektinə çevrilən rusiyalı təbliğatçıların nə söyləmələrinə baxmayaraq, hazırkı məqamda Kremlin müharibəni dayandırmağa və müəyyən pauzaya böyük ehtiyacı var.

Əgər ABŞ Prezidenti müharibənin indiki intensivliklə getməsinə imkan verərsə və hərbi yardımları azacıq artırasa, bu üzücü müharibədə taqətdən ilk düşən tərəf Rusiya ola bilər. Bunu artıq Vladimir Putinin siyasətini dəstəkləyən rusiyalı iqtisadçılar da dilə gətirməyə başlayıblar. Yuxarı eşolondakılar Trampın müharibəni dayandırmaq istəyini görürlər və açıq efirdə ictmaiyyətə çatdırırlar ki, müharibəni uzatmaq olmaz.
Rusiyalı ekspertlərin hesablamalarına görə, əgər “Xüsusi hərbi əməliyyat” altı-səkkiz ay ərzində durdurulmasa, ölkə iqtisadiyyatı kollapsa düşəcək. Rusiya iqtisadiyyatı hərbi relsin üzərinə qoyulandan sonra onun bu yükü daşıya bilmək qabiliyyəti düzgün hesablanmayıb və elə düşünüblər ki, belə vəziyyət nəinki üç il, hətta daha çox davam edə bilər və nəticədə Ukrayna taqətdən düşər. Bu cür bəsit arqumentlərə söykənən strategiya artıq özünü doğrultmur. Hazırda Rusiyanın hərbi istehsal gücü özünün ən yüksək həddinə çatıb və bundan sonra Kremlin hərbi zavodlardan daha artıq silah-sursat tələb etməsi mümkün deyil.

Hərbi sənayenin yüksəlişi özünü mülki iqtisadiyyatda kəskin neqativ tərəfləri ilə göstərir. Büdcənin təxminən yarısının hərbə xərclənməsi mülki sənayeyə sarsıdıcı zərbələr vurur.
Rusiyanın korrupsiya girdabına batmış iqtisadi quruluşunu və onun işləmə mexanizmini yaxşı bilən ekspertlər deyirlər ki, ölkə iqtisadiyyatının mövcud vəziyyəti müharibənin şərtlərinə cavab vermir. Ukrayna ilə müqayisədə böyük hərbi, insani və xammal resursuna malik Rusiyanın bərbad şəkildə idarə edilməsi gec-tez özünü hərbi sferada da göstərməliydi. Əlbəttə, ABŞ və Avropanın Ukraynaya göstərdkiləri hərbi və humanitar yardımları, Rusiyaya tətbiq edilən sanksiyaları yaddan çıxarmayaq.
Rusiyanın acınacaqlı vəziyyətdən yeganə çıxış yolu, ölkə vətəndaşlarının banklarda toplanmış 56 trilyon rubl həcmindəki əmanətlərinin müsadirə edilməsidir. Nisbətən yumşaq yollar da var. Məsələn, Mərkəzi Bank uçot faiz dərəcəsini daha da yuxarıya qaldıra bilər. Amma onda pul qıtlığından müəssisələrin böyük əksəriyyəti istehsalı dayandıracaq, işsizlik tüğyan edəcək. Pul kütləsini artırmaq üçün faiz dərəcəsinin azaldılması da çürüyən iqtisadiyyata məlhəm olmayacaq, ona görə ki, hiperinflyasiya meydana gələ bilər və bu da intihar deməkdir.
Beləliklə, Rusiya iqtisadiyyatı çabalayır. Deyəsən, Tramp tam vaxtında yetişib və onun görəcəyi tədbirlər Rusiyanın həm müharibə yükünü azaldar, həm də sanksiyaların yumşaldılması sayəsində iqtisadiyyat nəfəs alar...

Ukraynanın bir aylıq atəşkəsə razılaşmasından sonra iqtisadiyyatı tənəzzülə sürüklənən Rusiyanın verəcəyi cavab maraq doğurur. Kreml çox güman ki, tezliklə cavab verməməyə, vaxtı uzatmağa çalışacaq. Çünki onlar üçün əsas prioritet Putinin barışmazlığını, “yenilməzliyini” nümayiş etdirməkdir. Ancaq Ukraynanın hər halda bir aylıq da olsa atəşkəsə getməsinə Putin sevinir və artıq bəllidir ki, ABŞ Zelenskini yola gətirə bilib.
Putin gec də olsa atəşkəsə razılıq verəcək, lakin indi o, bunun ictimaiyyətə qələbə kimi sırınması üsulları barədə düşünür. Yox, əgər Vladimir Putin özünü imperataor kimi aparan Donald Trampla oyun oynamağa girişərsə, onda davranışları proqnozlaşdırılmayan ABŞ Prezidenti Rusiyanın nəfəsini kəsə bilər.
Bəs strateji baxımdan atəşkəs kimin yararınadır? Əgər yaxın tariximzə göz gəzdirsək, onda Rusiyanın qalib tərəf olması təəssüratı yaranar. Belə ki, Ukraynanın Rusiya qarşısında məğlubiyyətinin ilk fazası 1994-cü ildəki Budapeşt memorandumundan başlayır. Bu memoranduma əsasən Ukrayna özünün nüvə silahlarından imtina etdi və onları Rusiyaya təhvil verdi. Nəticədə ABŞ, Britaniya və elə Rusiyanın özü Ukraynanın ərazi bütövlüyünə zəmanət verdilər.
Ukraynanın məğlubiyyətinin ikinci fazası 2014/2015- ci illərə təsadüf edir. Rusiya Krımı ilhaq edəndən sonra Donbas bölgəsinin bir hissəsini ələ keçirdi və Minsk sülh müqaviləsi imzalandı. İndi məğlubiyyətin üçüncü fazasının təməli bu atəşkəslə qoyula bilərmi?
Məsələyə yeni dünya nizamı kontekstindən yanaşsaq, bu, inandırıcı görünmür. Əvvəla, Rusiyanın ərazi işğalı legitim sayılmır, həm də ki, artıq bu müharibədə söz sahibi ABŞ-dir. Bəli, ABŞ bundan sonra Avrasiyanın bu nahiyəsindəki geostrateji mübarizəyə tam gücü ilə qoşulsa, Rusiyanın işı çətin olacaq. Ona görə də Vladimir Putin avantüraya getməməyə, prqamatik qərar verməyə çalışacaq.

Əlbəttə, Rusiyada anlayırlar ki, atəşkəsin dayanıqlılığı üçün hələ çoxsayl danışıqlara, müzakirələrə ehtiyac var və yeri gəldikcə Kreml Ukraynanın tərkisilah edilməsi üçün Trampa dil tökəcək. Çox böyük ehtimalla ABŞ “dərin dövləti” Trampın üzərinə böyük öhdəlik qoyub və yəqin, bunlardan biri də Rusiya ilə Avropanın münasibətlərinin daha da pisləşdirilməsidir. Bu baxımdan ABŞ-nin gələcək geostrateji hədəflərində xüsusi vasitə olması nəzərdə tutulan Rusiyanın çökməsi Vaşinqtonun qlobal planlarına ziddir.
Elə bu səbəbdən də Tramp Rusiyanın döyüş meydanında əzişdirilməsinə yol verməyəcək, amma o, Ukaryanın da bir dövlət kimi xəritədən silinməsinə razı olmaz. Çünki belə olan təqdirdə Avropa ilə Rusiya arasında bufer zona aradan qalxar və bu da ABŞ-yə sərf etmir. ABŞ-nin niyyəti Avropa ilə Rusiya arasında məhz özünün yerləşməsidir. Deməli, Ukraynanın coğrafi mövqeyi Vaşinqtonun gələcək geostrateji planlarına cavab verir. Odur ki, ABŞ-nin Ukraynadakı faydalı qazıntılar üzərində hökmran möqeyə sahiblənməsindəki başlıca məqsədi bu ölkəni iqtisadi, siyasi və hərbi cəhətdən total nəzarətə götürməkdir.(Azpolitika)
V.Nəsibov