Nakam sevgi, “yeniçəri”nin rəqsi, ölümdən öncəki yuxu... -Atatürkün bolqar qızı ilə sevgi macərasının tarixçəsi
Bir ay (29 iyun - 29 iyul 1913-cü il) sürən İkinci Balkan savaşında Monteneqro, Osmanlı, Rumıniya, Serbiya və Yunanıstandan ibarət koalisiya Bolqarıstanı məğlub etdi. Müttəfiqlərin dördü avqustun 10-da Bolqarıstanla Buxarest sülh müqaviləsini imzaladı.
Yenixeber.org: Osmanlı və Bolqarıstan arasında isə sentyabrın 29-da ayrıca İstanbul (və ya Konstantinopol) sülhü imzalandı. Bu sülh sazişinə görə, Osmanlı dövləti Birinci Balkan savaşı zamanı itirdiyi ərazilərin, Ədirnə başda olmaqla, kiçik bir hissəsini geri alırdı. Türkiyənin Avropadakı indiki hüdudları məhz bu müqavilə ilə təsbit edildi.
Tərəflər arasında diplomatik münasibətlər də bərpa edildi və Ali Fethi Okyar Bolqarıstana səfir təyin edildi. Oktyabrın 27-də isə səfirliyə hərbi attaşe göndərildi: son savaşda korpus qərargahının rəisi vəzifəsində iştirak edən binbaşı Mustafa Kamal, gələcək Atatürk. Noyabrın 20-də Sofiyaya gələn binbaşıya iki ay sonra həm də Monteneqro, Serbiya və Rumıniya üzrə hərbi attaşelik tapşırıldı. 1914-cü ilin mart ayında rütbəsi yarbaylığa (polkovnik-leytenant) yüksəldi.
Yaraşıqlı və xarizmalı, gözəl ədalar mənimsəmiş Mustafa Kamal Sofiyada geniş əlaqələr qurur, özünü bolqarlara sevdirə bilir. Yəqin ki, doğma şəhəri Salonikidə əhalinin önəmli (müsəlman və yunanlardan sonra üçüncü) hissəsinin bolqar olması və onlarla ünsiyyəti bu işdə ona yardımçı olur. O, hərbi attaşe olduğu qısa müddət ərzində İstanbula 100-dən çox raport göndərir, əldə etdiyi kəşfiyyat məlumatlarını, təhlillərini və tövsiyələrini bölüşür.
Eyni zamanda Mustafa Kamalın Sofiya macərası həm də nakam sevgisi ilə məşhurdur.
***
Yaxınlarının Miti dedikləri Dimitrina Kovaçeva 1892-ci ildə anadan olmuşdu, yəni Mustafa Kamaldan 11 yaş kiçik idi. Ailəsi bolqar cəmiyyətinin yüksək təbəqəsinə məxsus idi. Atası Stiliyan Kovaçev görkəmli general idi, 1913-cü ildə hətta qısa müddət hərbi nazir olmuşdu.
İsveçrədə ədəbiyyat və musiqi təhsili alan Dimitrina yenicə ölkəsinə dönmüşdü və artıq həm gözəlliyi, həm də ağlı, intellekti və ədaları ilə Sofiya cəmiyyətində şöhrət qazanmışdl. Üç dil bilən Mitini “Balkan gülü” adlandırmağa da macal tapmışdılar. O, hələ İsveçrədə bir fransız aristokratın evlilik təklifini rədd etmişdi. Salonikili gömrük məmurunun oğluna isə dərhal vuruldu.
Mustafa Kamalın və Dimitrinanı ilk dəfə Şəhər kazinosu adlı yerdə 1914-cü ilin fevralında rastlaşdıqları deyilir. Kazino Sofiya əşrəfinin sevimli əyləncə yeri idi. Həmin gün Kamal və Miti ancaq bir-biriləri ilə söhbət etdilər. Bundan sonra Osmanlı binbaşısı bolqar generalın evində sevimli qonağa çevrildi.
Fortepiano çalan Dimitrina tez-tez xeyriyyə konsertləri təşkil edirdi və Mustafa Kamal onlardan heç birini buraxmırdı. Onları tez-tez Sofiyanın Borisov parkında gəzişən görürdülər. Bəzən də paytaxt yaxınlığında yerləşən Boyano şəlaləsinə gedirdilər. Süni Ariana gölü buz bağlayanda Miti burada konki sürürdü, Mustafa Kamal isə heyranlıqla tamaşa edirdi. Bir neçə ay belə davam etdi.
Bolqarıstan çarı I Ferdinandın sarayında mayın 11-də kostyumlu bal təşkil olunmuşdu. Artıq kübar cəmiyyətinin sevimlisinə çevrilən və rütbəsi də yarbay olan Mustafa Kamal da bala dəvətli idi. Onun istəyi və hərbi nazir Enver paşanın icazəsi ilə İstanbul hərbi muzeyindən yeniçəri qiyafəsi götürüldü və Sofiyaya göndərildi.
Balda peyda olan yeniçəri hamının diqqətini cəlb etdi. Onun düm ağ geyimli Dimitrina ilə rəqsi isə nağılvari səhnələri xatırladırdı: şərqli döyüşçünün qolları arasında xristian gözəli. Bütün iştirakçılar heyrətlə onların rəqsinə tamaşa edirdilər.
Mustafa Kamal qiyafəni İstanbula geri göndərəndə yazır: “Baloda hemen hemen herkes kıyafetimle ilgilendi, bana sorular sordular, bendeniz de yeniçeri tarihinden ve Türk zaferlerinden geniş bilgiler vermek fırsatı buldum…” Miti ilə rəqsinin yaratdığı rezonansla bağlı düşüncələrini isə özündə saxlayır.
Amma hər şey din əngəlinə dirənir. Mustafa Kamala hörmətlə yanaşan general Kovaçeviç qızını başqa dinin mənsubuna verməkdən imtina edir. Bəlkə generalı buna vadar edən səbəb təkcə din deyildi, siyasi faktorlar da vardı. Necə olsa, cəmi bir il əvvəl Birinci və İkinci Balkan savaşlarında Osmanlı və Bolqarıstan bir-birinə qarşı döyüşmüşdülər. Bəlkə yenə döyüşəcəkdilər? Sevimli qızını potensial düşmənə vermək fikri isə heç də cəlbedici deyildi.
Hər halda, səbəb bunlardan hansı idisə - bəlkə də hər ikisi, - Kovaçeviç Mustafa Kamalın iki elçiliyinə “yox” dedi. Bundan sonra o və Miti gizli-gizli görüşürdülər. Münasibətlərin necə inkişaf edəcəyini söyləmək çətindir, bəlkə də bir gün general ətəyindəki daşları tökəcəkdi, amma ortaya Birinci dünya müharibəsi girdi.
***
Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans-Ferdinand 1914-cü il iyunun 28-də Sarayevoda öldürüləndən sonra Avropada vəziyyət gərginləşdi və böyük müharibənin başlaması ehtimalı gücləndi. Mustafa Kamal iyulun 16-da İstanbula göndərdiyi məktubda savaş başlarsa, Osmanlı dövlətinin bitərəf qalmalı olduğunu yazırdı. Amma fikrini dinləmədilər.
Birinci dünya müharibəsi Sarayevo qətlindən düz bir ay sonra, iyulun 28-də başladı. Osmanlı dövləti oktyabrın sonlarında Almaniya və Avstriya-Macarıstanın tərəfində müharibəyə qoşuldu. Mustafa Kamal da İstanbula, hərbi nazir Enver paşaya məktub yazaraq, döyüşən orduda olmaq istədiyini bildirdi. Amma Enver hərbi attaşeliyin də mühüm iş olduğunu söyləyərək, yarbayın xahişini rədd etdi.
Mustafa Kamal dekabrda daha bir məktub yazdı: “Vatanın müdafaasına ait faal vazifelerden daha mühim ve yüce bir vazife olamaz. Arkadaşlarım muharebe cephelerinde, ateş hatlarında bulunurken ben, Sofya’da ataşemiliterlik yapamam! Eğer, birinci sınıf subay olmak liyakatinden mahrumsam, kanaatiniz bu ise, lütfen açık söyleyiniz”.
Yalnız 1915-ci il yanvarın 20-də Mustafa Kamal geri çağırılaraq, 19-cu diviziyaya komandir təyin edildi. Bir neçə gün sonra Osmanlının hərbi attaşesi Sofiyanı tərk etdi, Mitinin Sofiyasını. Sonralar deyəcəkdi: “Bir kız sevdim ataşeyken, vermediler. Gençliğimi bıraktım Sofya’da”.
***
Onlar bir daha görüşmədilər. Mustafa Kamal Birinci dünya müharibəsindən sonra Qurtuluş savaşına rəhbərlik etdi, Türkiyə Cümhuriyyətinin yaradıcısı və ilk prezidenti, Atatürk oldu. Amma şəxsi həyatı uğurlu olmadı. 1923-1925-ci illərdə cəmi 2,5 il evli oldu, boşanandan sonra daha evlənmədi. Ürəyinin Sofiyada qalmasının bunda rolu vardımı, bilinmir.
Atatürk öz duyğularını bölüşməyi sevən adam deyildi və buna görə də Dimitrina ilə xatirələri haqda məlumatlar çox məhduddur. Onlardan biri Bolqarıstanın məşhur şairəsi Yelisaveta Baqryana ilə bağlıdır. Baqryana 1930-cu illərdə Bolqarıstan mədəniyyət xadimləri ilə birlikdə Türkiyəyə səfər edir. Atatürk onların şərəfinə verdiyi ziyafətdə şairə ilə rəqs edir və bu zaman ondan Mitini soruşur.
Dimitrina isə ailəsinin istəyi ilə Deyan Deyanov adlı varlı vəkillə ailə qurur. Onların iki qızı və bir oğlu dünyaya gəlir. Deyan 1940-1944-cü illərdə Bolqarıstan parlamentinin deputatı olur. 1944-cü il sentyabrın 9-da baş verən sovetpərəst hərbi çevrilişdən sonra tutulur və ölüm cəzasına məhkum edilir. Amma sonradan adı siyahıdan çıxarılır. Dəliormana sürgün edilən ailənin əmlakı müsadirə olunur. Deyan Deyanov 1960-cı ildə vəfat edir.
Dimitrina isə daha 6 il yaşayır və 1966-cı il avqustun 7-də xərçəngdən vəfat edir. İddialara görə, ölən günü qızına “Gecə yuxuda Kamalı gördüm” deyir...
Yadigar Sadıqlı