Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türk tarixində geopolitik qırılmalar və ya fay xətləri –II YAZI

news content


Anadolu ilə Türküstan arasındakı bağlar qırıldı... tarixi torpaqlar, köklər və enerji qaynaqları ilə əlaqələr kəsildi...

     Geopolitik Qırılma

Yenixeber.org: Geopolitik qırılma və ya türk dünyasını bölən fay xətti nədir və haradadır? Bu araşdırmada sözügedən qırılma - uzun müddət bir bütöv olan türk dünyasının XVI yüzilin başlarında geopolitik anlamda qırılması, tarixi bağların ortadan qaldırılmasıdır. Müxtəlif dövrlərdə iki qırılma var və onlardan biri digərinin ortaya çıxmasına qapı açmışdır. Birinci qırılma ideoloji-coğrafi (Səfəvi dönəmi), ikincisi isə sadəcə coğrafidir (Azərbaycanın 1813-cü ildə bölünməsi, ardınca Ermənistan dövlətinin yaradılması).

Tarixi dərk etmək üçün qırılma yerlərini, bu qırılmaların xarakterini və səbəblərini, qırılmadan sonra baş verən hadisələri, sürüb gedən sürəci düzgün müəyyən edib anlamaq kifayətdir. Dünya tarixçilərinin türk tarixinin qırılma nöqtələrinə baxışları bir-birindən fərqlidir. Talas müharibəsini, Əmir Teymurun Qızıl Orda Dövlətini ortadan qaldırmasını və Osmanlının 1683-cü ildə Vyana mühasirəsinin uğursuzluğa düçar olmasını türk dünyasını parçalayan fay xətləri kimi görənlər var. Bəribaşdan deyək ki, bunlar yanlış görüşlərdir və türk tarixinin düzgün dərk edilməsinə, öyrənilməsinə mane olur. Tarixdəki qırılma xətləri elə olmalıdır ki, belə qırılmalar bütöv bir xalqın, irqin ictimai-siyasi həyatında, inanc sistemində, dəyərlərində, maraq və mənafelərində köklü dəyişikliklərə, məzmunca əvvəlkilərdən ciddi şəkildə fərqlənən proseslərə gətirib çıxarsın. Dünya türklərinin tarixinə bu prizmadan nəzər salsaq, türk dünyasının qırılma nöqtəsinin Azərbaycan coğrafiyası, qırılma dövrünün isə Səfəvilər dövrü (1500-1736) olduğu aydın şəkildə görünəcəkdir. Bu dövrdə sözügedən coğrafiyada Anadolu ilə Türküstan – ata vətən ilə ana vətən - arasındakı bağlar qırıldı və Sincandan Balkanlara qədər uzanan böyük türk dünyası ikiyə bölündü. Bu tarixdən sonra Anadolu türklərinin Türküstandakı tarixi torpaqları, kökləri və enerji qaynaqları ilə əlaqələri kəsildiyi üçün Avropanı fəth etmək uğrunda apardıqları mübarizədə tək qaldılar və uğur qazana bilmədilər. Vyana mühasirəsinin dağıdılması gözlənilən son idi. Bu tarixi mühasirənin dağıdılması, yalnızca “meydan oxuma nə qədər güçlüdürsə, təpki də o qədər orijinal və yaradıcıdır” məntiqi ilə əlaqəli deyildi. Bu nəticə 1500-cü ildə şiə ideologiyasına əsaslanan Səfəvi imperiyasının yaranması və yüz illik Osmanlı-Səfəvi müharibələri ilə bağlı idi. Bu dövrdən sonra sünni Anadolu ilə sünni Türküstanı ayıran təkcə Azərbaycan deyilən coğrafiya deyil, ən əsası, Azərbaycan adlı yeni ideoloji məkan-şiə məkanı idi. Türk dünyasının təkcə ərazi bütövlüyü deyil, həm də inanc sistemi, mənəvi-psixoloji və siyasi-ideoloji bütövlüyü bölünmüş və dəyişmişdi.

Nə üçün qırılma nöqtəsi kimi Azərbaycan seçildi, yoxsa bu, kortəbii və ya təsadüfü proses idi?

Öncə onu qeyd edək ki, tarixdə baş verən böyük dəyişmələrin heç vaxt bir səbəbi olmur. Əsas dəyişənə digər dəyişməkdə olanlar da qoşulur və böyük dəyişmə baş verir. Geopolitik qırılma məsələsində də Azərbaycandakı məzhəbçilik amili yeganə amil kimi göstərilmir. Təbii ki, başqa amillərin də qırılma prosesinə təsiri olmuşdur.

İkincisi, tarixin ortaya qoyduğu hər hansı suala cavab vermək üçün kifayət qədər əsaslar, dəlillər yoxdursa, bu zaman dövrün tendensiyalarına, insanların psixologiyasına, sosioloji qanunauyğunluqlara, əsas siyasi və geosiyasi proseslərin məntiqinə və ən əsası metatarixə-yəni sonradan baş verən hadisələrə nəzər salmaq lazım gələcək. 

Günümüzdən bir örnəyi xatırlamaqda fayda var: ABŞ 2021-ci ildə gözlənilmədən iyirimi il öncə girdiyi Əfqanıstandan çıxdı. Bu sirli çəkilməni heç kəs doğru dürüst izah edə bilmədi. Düzgün və əhatəli izah 2022-ci ildə Rusiyanın Ukraynaya yeni və daha geniş çaplı müdaxiləsindən sonra ortaya çıxdı. Heç şübhəsiz, ABŞ-də Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ilə bağlı məlumat var idi və bu məlumatı alan Ağ Ev yönətimi tələm-tələsik Əfqanıstandan çəkilməyə və Ukrayna probleminə odaklanmağa məcbur oldu. Yəni, tarixdə bir çox məsələlər var ki, onun doğru cavabı sonrakı hadisələrdə yatır.

 

İndi isə qayıdaq mövzumuza və sözügedən dövrdə dünyada baş verənlərə nəzər salaq.

Bizans imperiyasının dağılmasından sonra Osmanlı imperiyasının dünya proseslərinə təsiri xeyli artmışdı. Mərkəzi Okean (Aralıq dənizi) artıq Osmanlının nəzarəti altında idi və Avropa şərqdən, demək olar ki, mühasirəyə düşmüşdü. Qərb bu təhlükəni aradan qaldırmaq üçün müttəfiqlər axtarır və Osmanlı İmperiyasının genişlənməsinin qarşısını almaq üçün müxtəlif yolları nəzərdən keçirirdi.

Digər tərəfdən, 1453-cü ildə İstanbulun fəthindən sonra Türküstandakı türk boyları Anadoluya axışaraq, münbit torpaqları ələ keçirməyə başlamışdılar. Anadolu gücləndikcə və böyüdükcə yarımada yeni sakinlər üçün daralır və bunu görən Avropa, təbii olaraq, özünü təhlükədə hiss edirdi. A.Toynbinin dediyi kimi, Avropa hələ də “təpki” vermək gücünə malik deyildi. Xristian dünyasının ağlına ilk gələn fikir Türküstanla Anadolu arasındakı əlaqəni kəsmək və Anadolu türklərini enerji qaynağından məhrum etmək ola bilərdi. Qərbin Osmanlı imperiyasının qüdrətini zəiflətmək məqsədilə qurduğu Səfəvi-İspan münasibətləri də bu baxımdan diqqət çəkicidir. İspan İmperiyası Osmanlı İmperiyasına qarşı Habsburq İmperiyası ilə müttəfiq idi və kənar dəstəyə də ehtiyac hiss edirdi. Bu ittifaqı dəstəkləyəcək ən güclü müttəfiq isə Səfəvi imperiyası ola bilərdi. Bu səbəbdən İspan İmperiyası Səfəvilərlə əlaqələr qurmuşdu. Belə əlaqələrin yaranması sırasında Səfəvi torpaqlarında şiəliyin güçlənməsi məsələsində İspan təsirini yaşamış ola biləcəyi sonucuna da varıla bilir. 

Maraq doğuran və müzakirə edilən mövzulardan biri də fars şovinist dairələrinin Səfəvilərə münasibəti, aralarında qurulan açıq və gizli əlaqələr idi. Rəsmi sənədlərə və qaynaqlara əsaslanmayan bəzi araşdırmalar Səfəvilərin Portuqaliya, Fransa və Venesiya ilə gizli əlaqələri olduğunu, Şah İsmayılın anasının Bizans qızı olduğunu və onun İslama sahiblənmək üçün yaradılmış İran Şüubiyyə məktəbindən təlimat aldığını göstərir. Lakin konkret tarixi dövrdə belə məxfi əlaqələrlə bağlı etibarlı mənbələr tapmaq çətindir və bu mövzuda aydın məlumata malik olmaq üçün dərin araşdırmalara ehtiyac var. Bu cür iddiaları ehtiva edən sənədlər və mənbələr dövrün diplomatik yazışmalarında, hesabatlarda və ya dövlət arxivlərindəki qaynaqlarda axtarıla bilər. Belə sənədlərin əksəriyyəti Tehran və Vatikanın arxivlərində olduğu üçün onları əldə etmək çox çətindir, bəlkə də bəziləri artıq çoxdan məhv edilmişdir. Təəssüf ki, Qərbin Səfəvilərlə bağlı fəaliyyətini, bu məqsədlə farsların Şüubiyyə kimi gizli təşkilatları ilə əməkdaşlıq etdiyini və beləliklə də Anadolu ilə Türküstan arasında coğrafi, geopolitik və ideoloji əlaqələri qoparmaq cəhdlərini sübut edən konkret faktlar çox azdır. Lakin bu da bir həqiqətdir ki, farsların İslama sahiblənmək və “onu ərəblərin əlindən almaq” iddiaları İmam Hüseynin şəhadətindən az sonra ortaya çıxdı. Əli Şəriəti “Əli Şiəliyi və Səfəvi Şiəliyi” əsərində İrandaki qədim qaynaqlara istinad edərək, farsların düşüncələri ilə bağlı maraqlı ümumiləşdirmələr aparır:

- Şüubiyyə təşkilatını yaratdıq.

- İslamda bütün insanların və millətlərin bərabərliyi ideyasını təbliğ edərək, xəlifənin təkcə ərəblərdən deyil, farslardan da ola biləcəyini gündəmə gətirdik.

- İslamı ərəblərdən aldıq, ərəbsiz İslam yaratdıq, imaməti xilafətə, təsəvvüfü isə fiqhə qarşı qoyduq.

- Biz peyğəmbər və sünnəyə əsaslanan İslam deyil, imamətə əsaslanan İslam modeli yaratdıq.

- İmamət - Həzrət Əlinin oğlu Hüseynlə Sasani padşahı Yezdəgirdin qızı Şəhrəbanunun evliliyindən doğan Zeynalabdinin nəslinə əsaslanan sistemdir, şiənin, yəni ari ruhunun və semitin əl sıxışmasıdır.

- Şiəlik ərəb dünyası ilə İran dünyasını ayıran açıq bir sınırdır.

Bu ümumiləşdirmədən görünür ki, şovinist fars zehniyyətində şiə anlayışı ari və semit sintezindən ortaya çıxan yeni bir fenomendir. Bu tezis şiəliklə bağlı bir qədər də incə və dərin düşünmə tələb edir. 

Sonrakı proseslərə diqqət yetirək. Xilafətin zəifləməsi və ortadan qalxması ilə Şüubiyyənin düşüncə və enerjisi bölgədəki nüfuzunu qorumaq və artırmaq üçün bu dəfə İslamın əsas dayağına, gücünə çevrilən türk dünyasının gücünü zəiflətməyə, coğrafi, tarixi və mədəni bütövlüyünü pozmağa yönələn fəaliyyətlərə keçdi. 

Tarixi hadisələrin məntiqi də onu göstərir ki, şiəliyin Səfəvilərdə dövlət ideologiyasına çevrilməsində fars siyasi və dini dairələrinin böyük təsiri olmuşdur. Şah İsmayılın başçılıq etdiyi şiə hərəkatı (qızılbaşlıq şiəliyin yayılması üçün sadəcə bir pərdə idi, ona görə tez də ortadan qalxdı, şiəlik isə qaldı) xüsusilə İranın farsdilli bölgələrində tez və asanlıqla, maneəsiz və qan tökülmədən yayıldı. İran siyasi elitası Şah İsmayılın başçılıq etdiyi şiəliyi İran coğrafiyasının milli kimliyi və müstəqilliyi üçün birləşdirici element kimi gördü. Bu səbəbdən də Səfəvi imperiyası qurulan zaman fars siyasi elitası Şah İsmayılı dəstəklədi və şiə ideologiyası ətrafında birlik yaratmağa meylləndi.

Səfəvilər şiəliyi yaymaq və gücləndirmək üçün milliyyətcə fars olan dini liderlərdən və üləmadan istifadə edirdilər. Bir çox tarixi faktlar farsdilli üləma və alimlərin Şah İsmayılın başçılıq etdiyi hərəkatı dəstəklədiyini və şiə inancının yayılmasında mühüm rol oynadığını göstərir.

Səfəvilər dövründə şiə dini ayinləri fars dilində icra edilirdi ki, bu da fars dini ənənəsinin şiəliklə inteqrasiyasını asanlaşdırırdı. Səfəvilərin şiəliyin dövlət ideologiyasına çevrilməsində fars siyasi və dini dairələrinin təsirini nəzərə alsaq, fars mədəniyyəti, dili və tarixinin Səfəvi imperiyasının siyasi və ideoloji quruluşunu formalaşdırdığını söyləmək olar.

Yuxarıda qeyd olunan iddiaları təsdiqləyən konkret faktlar az olsa da, cəmi 14-15 il ərzində təqribən 3 milyon kvadrat kilometrlik böyük bir ərazinin zorla şiələşdirilməsinin sadə izahı yoxdur. Nə baş verdi ki, 13 yaşlı gənc Şah İsmayıl (Xətai) hakimiyyətə gələn kimi yaşının və zəkasının üstündə olan bir işə əl atdı, məzhəb ideologiyasına əsaslanan böyük bir imperiya qurmağa başladı və K.Marksın dediyi kimi, 14 ildə 14 əyalət fəth etdi. Bu prosesi təkcə Şah İsmayıl fenomeni və İran coğrafiyasının daxili dinamikası ilə izah etmək kifayət deyil. Unudulmamalıdır ki, Türk dünyasının, “o dönəmdəki İran coğrafiyasının böyük çoxluğu sünni idi” və ən önəmlisi, sünni aləmindən, özəlliklə Osmanlı dövlətindən sünni olmayan türklərə və müsəlmanlara yönəlik heç bir təhdid, təhlükə yox idi. A. Toynbi ayrıca Osmanlıların 1500-cü ildən öncə Asiya və Afrikadakı müsəlman ölkələri işğal etmə niyyətində olduğuna dair hər hansı bir əlamət olmadığını da yazır. Əksinə, Sultan Bəyazid Şah İsmayılı oğlu adlandırır və ona bu bölgədə böyük və qüdrətli bir dövlət qurmağı, məkanda boşluq qalmaması üçün Avropadan Hindistana gedən yolu nəzarətdə saxlamağı tövsiyə edirdi. Şah İsmayıla Osmanlıdan və ya xilafətdən heç bir təhlükə yox idi. Belə bir şəraitdə hansı maraq və məqsəd, hansı həvəs, hansı güc gənc Şah İsmayılı aşağıdakı şeirində də ifadə etdiyi kimi çətin, ağır və böyük bir bölünmə fəaliyyətinə, dərin ideoloji ayrılığa rəvac verən addımlar atmağa sürükləyə, "Şahı haqq bilməyən düşmanımızdır" (Başqa sözlə, sultanı tanıyanlar-X.İ.) dedizdirə bilərdi?

Onun ətrafındakı ağsaqqallar nə baş verdiyindən, nə baş verəcəyindən xəbərsizmi idilər və böyük düşmənçiliklərin başlayacağını qabaqcadan görə bilməzdilərmi? Keçmişə nəzər saldıqda, dövrün insanlarının belə düşünmədiyini və gələcək bölünmənin qabaqcadan görülə bilmədiyini iddia edənlər də ola bilər. Təbii ki, bu iddia etibarlı olmayacaq. Bölgənin şiələşməsi uzun zamana yayılmadığından, prosesin əsas hissəsi insanın yetkin intellektual ömrünün 14-15 ili ərzində başa çatdığından nə baş verdiyini görmək, anlamaq çətin deyildi. Digər tərəfdən, fars coğrafiyasından kənarda şiələşdirmə prosesi zorla aparılırdı, çoxlu qan tökülürdü, geniş coğrafiyada fəlakətlər baş verirdi. Baş verənləri anlamaq və dəyərləndirmək üçün hadisəni zamanın öhdəsinə buraxmağa ehtiyac yox idi. Yəni burada zaman amili qiymətləndirməyə ciddi təsir göstərmir. 

Digər bir məsələ isə Səfəvilərə qədər mövcud olan bütün türk dövlətlərinin İslamı qəbul etdikləri zamanlardan etibarən sünni olması idi. Səlcuqlu dövlətinin əhalisi ümumiyyətlə İslamın dörd əsas məzhəbindən biri sayılan sünni-hənəfi məzhəbinə mənsub idi. Qazan xan İslamı qəbul edəndə Elxanlılar da müsəlman oldu - onlar da sünni-hənəfi idilər.

Qaraqoyunlu və Ağqoyunluda ismaili hərəkatı, ələvi-bəktaşi cərəyanları yayılsa da, bu dövlətlərin əhalisinin əksəriyyəti yuxarıda qeyd etdiyimiz kimi sünni-hənəfi və sünni-şafii olaraq qalırdı. Bundan əlavə, nə Qaraqoyunluların, nə də Ağqoyunluların daxili və xarici siyasətlərində məzhəbçilik ünsürləri yox idi.

Burada haqlı olaraq başqa bir sual ortaya çıxır: ümumiyyətlə, türk nə üçün şiə olmalı idi? Onun İslamı ərəbin əlindən almaq kimi bir niyyəti heç zaman olmayıb. Digər tərəfdən, güc və qüdrətə sahib olduğu üçün heç zaman hiylə ilə də dinə sahiblənmək kimi bir niyyətdə, təşəbbüsdə olmayıb. Xilafətin taqətdən düşdüyü bir zamanda dağılmış, pərən-pərən olmuş müsəlman dünyasına sahib çıxıb, müsəlmanları bir bayraq altına, həm də məzhəb bayrağı altına deyil, İslam bayrağı altına toplayıb, qılıncı və zamanın diktəsi ilə xəlifə statusunu sultanın məqamına gətirib. Hansısa da hiylələrlə Əhli Beytlə qohumluq qurub xəlifəliyə haqq iddiasına düşməyib.

A.Toynbinin də yazdığı kimi, 1500-cü ildən əvvəl heç bir müsəlman İslam cəmiyyətinin məzhəblərə görə bölünəcəyini təsəvvür edə bilməzdi. Hətta İmam Hüseynin və əqrəbalarının qətliamından sonra da İslam aləmində məzhəb zəminində bu cür sərt ayrılıq baş verməmişdi. O da bir gerçəklikdir ki, sözügedən dövrdə şiə məzhəbinə mənsub türklər olduqca az idi. Məntiqlə, şiələşdirmə sürəcində ən çox zərər çəkən də onlar olmalı idi. 

Sünni və şiə tərəfdarlarını parçalayan və şiəliyi hakim dinə çevirən Səfəvi inqilabı ilə vəziyyət tamamilə dəyişdi. Bu inqilabdan əvvəl Osmanlı İmperiyası genişlənmək üçün əsas diqqəti Balkanlar olmaqla pravoslav xristianların yaşadığı bölgələrə yönəltmişdi. Şiə inqilabı birdən-birə Osmanlının bu istiqamətdə genişlənməsini dayandırdı və Osmanlıları ərəb ölkələrinə üz tutmağa məcbur etdi. 1512-1574-cü illər arasında Osmanlının xarici siyasəti tamamilə dəyişdi - siyasətin ağırlıq mərkəzi Avropadan ərəb ölkələrinə - Suriyadan Yəmənə, İraqdan Əlcəzairə qədər böyük bir məkanın ilhaqına yönəldi. Bu böyük və tarixi dəyişmənin əsas səbəbi, şübhəsiz, Səfəvilər-məzhəbçilik faktoru və bu məzhəbçiliyin ərəb dünyasinda yayılması təhlükəsi idi...(pressklub)

Xaləddin İbrahimli

(Davamı olacaq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam