Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Sülh olmadı… Müharibə olacaqmı? -2023-cü il Qarabağdakı separatçı rejimə qarşı hərbi əməliyyatlar vəd edir

Yenixeber.org: Başa çatmaqda olan 2022-ci ildə də Qarabağ münaqişəsinin tam həllinə nail olmaq mümkün olmadı. Əksinə, qarşıdakı illərdə də problemin Azərbaycan və Ermənistanın gündəmində əsas mövzu olaraq qalacağı dəqiqləşdi. İl ərzində baş verən hərbi toqquşmalar (Fərrux dağı əməliyyatı, 12-14 sentyabr döyüşləri) isə güc tətbiqinin əsas vasitələrdən biri kimi qaldığını göstərir. Əgər problemin tam, hərtərəfli həlli mümkün olmayacaqsa, gələn il daha iri miqyaslı hərbi toqquşmaların baş verməsi qaçılmaz görünür. 

2022-ci il, lokal hərbi əməliyyatlarla yanaşı, münaqişənin həlli üçün beynəlxalq vasitəçilərin ciddi siyasi, diplomatik cəhdləri ilə yadda qaldı. Biz ABŞ hökumətinin, Avropa İttifaqı (Aİ) rəhbərliyinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində çoxşaxəli fəaliyyətini müşahidə etdik. Brüsseldə Aİ Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən ardıcıl 4 görüş, Bakı və İrəvanın sülh müqaviləsi üçün təklif etdikləri əsas prinsiplər, ABŞ Dövlət katibi Entoni Blinkenin tərəflər arasında təşkil etdiyi müzakirələr problemin həlli məsələsini yenidən beynəlxalq səviyyəyə daşıdı. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülhə mane olan əsas problemlərin dairəsini müəyyənləşdirməyə imkan verdi

Qərbin fəallaşması, Bakı və İrəvanın bu formatda həvəslə iştirak etməsi başı Ukrayna müharibəsinə qarışan Rusiyanı da aktivləşdirdi və Kreml öz maraqlarını qorumaq üçün əlindəki rıçaqları işə saldı. Son olaraq, 31 oktyabrda Vladimir Putinin Soçidə təşkil etdiyi üçtərəfli görüş Qərbin vasitəçiliyi əldə olunan tərəqqini heçə endirdi və problem yenidən 2 il əvvəlki məcraya qayıtdı. Hazırda Moskva təşəbbüsü yenidən ələ alıb, Qərb isə bir qədər oyundankənar vəziyyətə düşüb. Çünki sülh razılaşması barədə müzakirələri qarşılıqlı ittihamlar əvəzləyib, Ermənistan rəhbərliyi bu situasiyanın yaranmasında maraqlı olub. Baş nazir Nikol Paşinyanın Brüssel formatında “Fransa prezidenti E.Makronun iştirakı” şərtini irəli sürməsi Bakının etirazına səbəb olub, nəticədə il sonuna qədər liderlərin görüşü təxirə salınıb. Qarşıdakı günlərdə Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü planlaşdırılır ki, ondan hansısa irəliləyişlər gözləməyə dəyməz. Qərb bu təması təşkil etməklə prosesdən kənarlaşmadığını göstərməyə çalışır.  

Beləliklə, 2022-ci ildə münaqişənin həllinə mane olan əsas fikir ayrılıqları və maraqlı tərəflərin mövqelərinin aşağıdakılardan ibarət olduğu qətiləşdi:

Rusiya Qarabağın Azərbaycanın suverenliyi daxilində olmasını istəmir, eyni zamanda, Ermənistanın Xankəndidəki separatçı rejimə təsir imkanlarını azaltmağa çalışıb və buna nail olub. Milyarder Ruben Vardanyanın Qarabağa göndərilməsi Kremlin bölgə ilə bağlı planlarını çılpaq şəkildə ortaya qoyur. Vardanyan dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində olmayacaqlar, ancaq yanaşı yaşamaqdan söhbət gedə bilər. Rusiya vəziyyəti qəlizləşdirməklə, Azərbaycanı sərt addımlara vadar etmək, Qərblə gedən danışıqlar prosesini sıfırlamaq, Bakıya qarşı ciddi beynəlxalq təzyiqlərə nail olmaq, nəticədə öz şərtlərini diktə etmək üçün münbit şərait yaratmaq istəyir. Kreml rəsmiləri açıq şəkildə bildiriblər ki, Qarabağ ermənilərinin statusu gələcək nəsillərin işdir, yəni sözügedən naməlum dövrə qədər bölgənin Rusiyanın faktiki idarəçiliyində olması ilə barışmaq lazımdır;

Ermənistan da Azərbaycanla sülh müqaviləsini öz şərtləri daxilində imzalanmasına çalışır. Rəsmi İrəvanın mövqeyi belədir ki, Qarabağ mövzusu ikitərəfli münasibətlərin predmeti deyil, bu məsələ ayrıca həll olunmalıdır. Yəni Bakı ilə sülh müqaviləsi imzalayıb, sərhədlərin dəqiqləşdirilməsinə, kommunikasiyaların açılmasına başlamaq olar. İrəvan Qarabağın Azərbaycanın tərkibində olması faktı ilə də razılaşır, amma orada yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin qorunmasına beynəlxalq qarantiyalar tələb edir. Bu, faktiki olaraq, Qarabağa xüsusi status verilməsi deməkdir və Bakı bu tələbi rədd edir. Ermənistan rəhbərliyi habelə 10 noyabr bəyanatında yer alan Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Bu məsələdə İrandan və Qərbdən dəstək alır, amma Rusiya öz nəzarətində olacaq dəhlizin açılmasını istəyir. Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Azərbaycana Zəngəzurdan Naxçıvan Muxtar Respublikasına maneəsiz keçid verməyəcək. Azərbaycan rəhbərliyi isə bunun qarşılığında Qarabağ ermənilərinə yaratdığı – Laçın dəhlizindən sərbəst keçid imkanına yenidən baxacağını bildirir. Bu istiqamətdə addımlar atılıb, bir həftədir sözügedən yol bağlıdır, vətəndaş cəmiyyəti təmsilçiləri Laçın yolunda etiraz aksiyası keçirir. Amma Bakının bu addımı Ermənistan rəhbərliyini o qədər də narahat etmir, dolayısı ilə problemin həllini Rusiyanın üzərinə atır. Kreml rəhbərliyi isə hələ ki, Azərbaycanla hesablaşmaq mövqeyində olduğunu nümayiş etdirir;

Azərbaycanın sülh şərtləri isə sadədir. Rəsmi Bakının bu ilin əvvəlində təqdim etdiyi 5 baza prinsipi dövlətin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı olaraq tanınmasını, biri-birinin daxili işlərinə qarşımamaq öhdəliyini, güc tətbiq etməkdən imtina etməyi ehtiva edir. Azərbaycan rəhbərliyi Qarabağ ermənilərinə hər hansı status və ya müstəsna imtiyazlar verilməyəcəyini bəyan edir. Bildirilir ki, Bakı erməni əhalinin təhlükəsizliyinin və hüquqlarının qorunmasına təminat verir, burada hər hansı beynəlxalq missiyaların fəaliyyətini qəbul etmir. Azərbaycan hesab edir ki, 10 noyabr bəyanatının şərtləri yerinə yetirilməlidir, qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmalıdır, bölgədə Azərbaycanın dövlət qurumlarının fəaliyyətinə şərait yaradılmalıdır. Bu tələb Qərb tərəfindən açıq şəkildə dəstəklənmir, Rusiya isə ümumiyyətlə onun icrasına bölgədəki imkanları ilə mane olur. Əslində Moskvanın Qarabağdakı sülhməramlı missiyasının əsas fəaliyyəti bundan ibarətdir. 

Azərbaycan bəyan edir ki, əgər müharibədən keçən 2 il ərzində sülh üçün heç bir zəmin yoxdursa, Qarabağdakı hərbi qruplaşma tərksilah edilməyibsə, bölgədə antiterror əməliyyatlarına başlaya bilər. Xankəndidəki hərbi xuntanın son davranışları Bakını sərt addımlar atmağa vadar edir. 

İlin mənzərəsi belə nəticə çıxarmağa əsas verir ki, qarşıdakı 2023-cü ildə bizi Azərbaycanın separatçı cinayətkarlara güc tətbiqi və onun yaradacağı hərbi-siyasi gündəm gözləyir…(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam