Tarixin bütün dövrlərində dövlət başçılarına qarşı sui-qəsd cəhdləri olub, onların fiziki cəhətdən məhv edilməsi üçün gizli planlar hazırlanıb. Bu cəhdlərin reallaşanı da olub, nəticəsiz qalanları da...
Yenixeber.org: ABŞ-ın 38-ci prezidenti (1974-1978) Cerald Ford da ona qarşı hazırlanan sui-qəsd cəhədlərindən kənarda qalmayıb. Prezidentliyi dövründə Ford iki dəfə real təhlükə ilə qarşılaşıb. Ona qarşı sui-qəsd cəhdlərinin arası cəmi 17 gün çəkib. Birinci cəhd 1975-ci ilin sentyabr ayının 5-də, ikinci cəhd sentyabrın 22-də olub. Prezidenti fiziki cəhətdən məhv etmək istəyənlərin hər ikisi qadın olub. Amma bu cəhdlərin heç biri baş tutmayıb. Açılan atəşlər hədəfə çatmayıb. Maraqlı fakt isə odur ki, həm Ford, həm də ona sui-qəsd etmək istəyən Sara Mur, hər ikisi rekorda imza atıb - Ford ABŞ prezidentləri arasında ən uzunömürlü (93 yaş) prezident kimi, Sara Mur isə Amerika prezidentlərinə sui-qəsdə cəhd edənlər arasında ən uzunömürlü cinayətkar kimi. Hazırda ABŞ-ın Qərbi Virciniya ştatında yaşayan Sara Murun 92 yaşı var. Bu 92 ilin 32 ilini o, dəmir barmaqlıqlar arasında keçirib.
Sara Mur 1930-cu ildə Qərbi Virciniya ştatında, Çarlston şəhərində anadan olub. Uşaqlığında dəcəlliyi, yeniyetməliyində çılğınlığı, gəncliyində özü ilə bağlı qəfil qərarlar verməyi ilə fərqlənib. Orta təhsilini başa vurduqdan sonra aktrisa olmaq istəsə də, Sara Mur fərqli bir sahədə çalışıb, mühasibatlıq kurslarını keçərək o, ayrı-ayrı müəssisələrdə mühasib işləyib.
Rəqəmlərlə işləməsinə baxmayaraq, Sara Muru siyasət də maraqlandırıb. O, yeri gəldi-gəlmədi siyasi proseslərə də müdaxilə edib.
Sara Mur bir müddət FTB-lə də (Federal Təhqiqat Bürosu) gizli əməkdaşlıq edib. FTB ona radikal təşkilatlara daxil olmaq, oradan informasiyalar gətirmək tapşıraqlarını verib. Mur gücü və imkanı çatana qədər bu tapşırıqları lazımi səviyyədə icra edib.
Sara Murun FTB ilə əməkdaşlığı uzun sürməyib. 4 aydan sonra heç bir səbəb olmadan FTB onunla bütün əlaqələrini kəsib. Əlaqələrin kəsilməsində səbəbin nə olduğunu Sara Mur bilməsə də, FTB bunu səbəbsiz etməyib. Belə ki, Sara Mur öz əhatəsində bir-iki qədh içdikdən sonra dilinə sahiblik edə bilməyib.
Bu hadisə Sara Murda ciddi narahatlıq yaradıb. O, elə düşünüb ki, FTB onu öldürəcək. Büro əməkdaşlarının onun evində apardığı axtarışdan sonra Sara Murda onu aradan götürüləcəyinə heç bir şübhə qalmayıb. Axtarış zamanı ona məxsus olan iki tapança da büro əməkdaşları tərəfindən götürülüb.
Sara Mur narahatçılıqdan qurtulmaq üçün fərqli bir çıxış yolu seçib. O, prezidenti fiziki cəhətdən məhv etməklə hakimiyyətin tam dəyişilməsinə nail olmaq istəyib. Bu məqsədlə o, 150 dollar verərək özünə yeni bir tapança alıb. Bütün günü qəzetləri və televiziyadakı xəbərlər proqramlarını izləyən Sara Mur bununla prezidentin səfərlərini müəyyənləşdirmək istəyib.
Nəhayət, 21 sentyabr 1975-ci ildə xəbərlər proqramında ABŞ prezidenti Cerald Fordun Kaliforniya ştatında, San-Fransisko şəhərində görüşü olacağı haqqında məlumat verilib. Sara Mur ləngimədən San-Fransiskoya yollanıb.
Prezidentin görüşü şəhərin mərkəzində yerləşən “St. Francis Hotel”ində keçirilib. Sara Mur otellə üzbəüz səkidə özünə mövqe seçib. Bu mövqe ilə Fordun xidməti avtomobilinin arasında 12 metr məsafə olub. Prezidenti canlı görmək istəyənlərin sayı isə minləri keçib. Saat 15.30-da Ford mühafizəçilərin müşayiəti ilə oteldən çıxanda Sara Mur tapança ilə ona atəş açıb. Güllə Amerika prezidentinin başının üstündən 15 santimetr yuxarıdan keçib. Sara Mur ikinci dəfə atəş açmaq istəyəndə ona yanında dayanan keçmiş dəniz piyadası, Vyetnam müharibəsinin iştirakçısı Oliver Sippl mane olub. İkinci güllə kütlələr arasında olan taksi sürücüsünü yaralayıb.
Saniyələr ərzində Sara Mur mühafizəçilər tərəfindən zərərsizləşdirilərək həbs olunub.
İstintaq zamanı ən çox cavabı axtarılan sual sui-qəsdə cəhdin kim tərəfindən sifariş verildiyi ilə bağlı olub. Amma istintaq bu sualın cavabını tapa bilməyib. Bütün təyziqlərin, cəza metodlarının qarşısında Sara Mur sifarişçinin də, icraçının da özü olduğunu söyləyib.
Məhkəmədə Sara Mur özünə bəraət qazandırmağa cəhd etməyib. Prosesdə onun ifadəsi çox qısa və konkret olub: “...Mən etiraf edirəm ki, Cerald Fordu fiziki cəhətdən məhv etmək istəyirdim. Çox təəssüf ki, hədəfə dəqiq düşə bilmədim. Çünki prezidenti öldürmək istədiyim tapançadan ilk dəfə istifadə edirdim. Əvvəlki silahlarım məndə olsaydı, indi hamınız Fordun dəfn mərasimini seyr edərdiniz. Əslində, mən boş bir adamı güllələmək istəyirdim və bunula xalqı ayıltmaq istəyirdim ki, Ford boş və mənasız bir prezidentdir. Bunu etməyə nail olsaydım, amerikalılar Nelson Rokfelleri (həmin dövrdə vitse-prezident) özünə prezident seçəcəkdi. Mən istəyirdim ki, Nelson Rokfeller prezident olsun. Çox böyük təəssüf hissi keçirirəm ki, bu cəhdim baş tutmadı”
Məhkəmə Sara Muru ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, Qərbi Virciniya həbsxanalarının birində cəzasını çəkib. Sara Mur 1979-cu ildə həbsxanadan qaça bilsə də, o, bir neçə saatdan sonra yenidən tutulub. Sonrakı cəza illərində Sara Mur həbsxanının ən nümunəvi dustaqlarından biri kimi tanınıb.
Sara Mur 2007-ci ildə, Cerald Fordun vəfatından bir il sonra azadlığa buraxılıb. Mövcud qanunvericiliyə görə ömürlük azadlıqdan məhrum edilənlər 30 il ərzində nümunəvi davranaşlarına və yaşlarına görə hüquq-mühafizə orqanlarının nəzarətində saxlanılmaq şərti ilə azadlığa buraxılıb. Sara Mur isə bu qanunun maddəsində göstərilən müddətdən iki il artıq, ömrünün 32 ilini həbsxanada keçirib.
İlham Cəmiloğlu