İranda nə baş verir: etiraz, yoxsa inqilab? -ARAŞDIRMA
I hissə
İranda sentyabrın ortalarında Məhsa Əminin ölümü ilə başlanan etirazlar üçüncü aydır ki, davam edir. Bu sosial-siyasi hərəkat uzun müddət davam etdiyindən və bütün əyalətləri əhatə etdiyindən inqilabi xarakter almaqdadır.
Yenixeber.org: Son vaxtlar etirazçıların özləri də “ona etiraz deməyin, [artıq] adı inqilab olub” (behəş nəgin eteraz, naməş şode enğelab) şüarı ilə hər kəsi hadisələrə inqilab deməyə səsləyirlər. Qərb mediası və rəsmiləri tərəfindən də İranda baş verən hadisələrlə bağlı “inqilab” sözü işlədilir. İran Siyasi Elmlər Assosiasiyası hazırkı etirazların bəzi inqilab parametrlərinə malik olduğu, lakin konkret ideologiya və vahid rəhbərliyin yoxluğu üzündən ona inqilabi hərəkat deməyin mümkün olmadığını vurğulamışdır. İran hakimiyyəti isə etirazlar barədə lap əvvəldən “iğtişaş” kəlməsindən istifadə edir, bununla da hansısa xarici qüvvələrin ölkəni qarışdırmaq niyyətini vurğulayır. İstənilən halda, indiki etirazların İslam Respublikasının 43 illik mövcudluğu dövründə üzləşdiyi ən böyük çağırış olduğu şübhəsizdir.
Məsələnin digər bir cəhəti budur ki, etiraz bir qayda olaraq konkret problemə aid olur, yəni bir növ mövcud sistemdə islahat aparılmasını tələb edir. Hazırda etirazlar mövcud sistemin özünün inkarına və dəyişdirilməsinə yönəlib ki, bu da artıq inqilab məfhumuna uyğun gəlir. İslam quruluşunun simvollarına qarşı hərəkətlər (hicabdan kütləvi imtina, ruhanilərin əmmamələrinin yerə atılması, rejim “müqəddəslərinin” şəkil və heykəllərinin yandırılması), ölkənin ali rəhbəri və onun “vilayəti” əleyhinə çağırışlar (mərg bər Xamenei – Xameneiyə ölüm, Xamenei qatele, velayətəş batele – Xamenei qatildir, vilayəti batildir) və nəhayət, geniş şəkildə istifadə olunan “islam respublikasını istəmirəm, istəmirəm” (comhuri-ye eslami nemixam, nemixam) şüarı onun inqilabi və hakim quruluşun (nizamın) devrilməsi (bərəndazi) hədəfindən xəbər verir.
Diqqəti çəkən başqa bir cəhət odur ki, proseslərdə qarşı duran tərəflər arasında hansısa təmas və dialoq yoxdur, münasibətlər hədəflərə uyğun olaraq barışmaz xarakter daşıyır. Belə ki, məsələn, su etirazlarında, müəllimlərin və təqaüdçülərin aylarla davam edən aksiyalarında hakimiyyət nümayəndələri birbaşa və ya media vasitəsilə etirazçılarla təmasa girir, onları tələblərinə münasibət bildirirdilər. Hazırkı prosesdə isə tərəflərin bir-birini tam inkar etdiyini və hansısa təmas cəhdindən yayındığını görürük. Hətta zorakılıqla müşayiət olunan 2019-cu il noyabr etirazlarında (“benzin qiyamı”) da hakimiyyət güc tətbiqi ilə yanaşı, öz addımları barədə müəyyən izahat verir, qiymət artımını əsaslandırmağa çalışır, onun mənfi sosial nəticələrini azaltmaq üçün nəzərdə tutduğu tədbirlərdən danışırdı. Amma indi bu, baş vermir.
Belə bir durumun meydana gəlməsinin önəmli səbəblərindən biri odur ki, qarşı duran qüvvələr bir-birini “tanımır”: müxtəlif nəsilləri təmsil edən və fərqli dəyərlərə tapınan bu təbəqələr arasında kommunikasiya yoxdur, əksinə, dərin bir uçurum var. İran iqtisadçısı Sadiq Əlhüseyni yazdığı qısa təhlildə hazırkı etirazların hakimiyyətlə xalq arasında olan 3 uçurumun nəticəsində meydana çıxdığını vurğulayıb:
1) əhalinin rifahının dəhşətli dərəcədə pisləşməsi, cəmiyyətin 30%-nin orta təbəqədən çıxması və son on ildə yoxsulluğun dəfələrlə artmasından doğan uçurum;
2) nəsillər arasındakı uçurum;
3) qadınlara ağır təzyiqin yaratdığı uçurum.
İrandakı etirazlarda ikinci faktorun, yəni nəsillər arasındakı ziddiyyətin önəmli rolu mövcuddur. Sepah-a bağlı olan “Fars” informasiya agentliyi son etirazlarda həbs olunanların yaş kateqoriyaları barədə məlumat yaymışdı. Həmin məlumata görə, saxlananların 41,8%-ni 20 yaşa qədər, 48,2%-ni 20-35 yaş arasında olanlar, 10%-ni isə 35 yaşdan yuxarı olanlar təşkil edir. Bu statistika hazırkı etirazların əsas hərəkətverici qüvvəsinin gənclər (hətta yeniyetmələr) olduğunu aydın şəkildə nümayiş etdirir və onların rejimə müxalif olan ənənəvi siyasi cərəyanları təmsil etmədiyini ortaya qoyur. Yəni prosesdə qarşı duran qüvvələr bir-birinə yaddır.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi