Yenixeber.org: Hazırda Azərbaycan hökumətinin əsas diqqəti işğaldan azad edilmiş ərazilərin bərpasının təşkilinə yönəlib. Artıq Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolunun yenidən qurulmasının birinci mərhələsi başa çatıb. Şuşa şəhərinə Füzulidən keçməklə yeni yol çəkilir. Ağdam və Kəlbəcər-Laçın istiqamətində də yolların bərpasına başlanıb.
Gələn ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası üçün ilkin olaraq 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bərpa işlərinə xarici şirkətlər də cəlb olunacaq. Türkiyə, Qazaxıstan, Pakistan, Rusiya, İran, Əfqanıstan işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində iştirakla bağlı Azərbaycan hökumətinə müraciət edib. Bir neçə ölkənin şirkətləri ilə artıq danışıqlara da başlanıb. Açıqlanan məlumatlara əsasən qısa müddət ərzində Türkiyə və İtaliya şirkətləri ilə müəyyən razılaşmalar əldə edilib. Belə ki, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə yol tikintisi, İtaliya isə elektrik enerjisi infrastrukturunun yenidən qurulmasında iştirakda maraqlıdır.
Bəs, işğal azad edilmiş rayonların bərpası necə və nədən başlamalıdır?
Ekspertlər bildirirlər ki, işğaldan azad edilmiş 7 rayonun hamısı dağıntıların miqyasına görə eyni olsa da, iqtisadi potensialına, sosial infrastrukturuna, işğaldan əvvəlki məskunlaşma səviyyəsinə, hər kvadratmetrə düşən əhalinin sayına, habelə coğrafi mövqeyinə, relyefinə, təbii iqlim şəraitinə və digər xarakterik xüsusiyyətlərinə görə çox fərqlənir. Bu isə o deməkdir ki, məsələn, Ağdam rayonu ilə Zəngilan rayonunun, yaxud Şuşa şəhəri ilə Kəlbəcərin bərpası və yenidən qurulması fərqli yanaşma tələb edir.
Böyük maliyyə tələb edən bu işə başlamaq üçün ilk növbədə xüsusi qayıdış proqramı hazırlanmalı, işğaldan azad olunmuş hər bir rayonun sosial-iqtisadi inkişaf strategiyası və illər üzrə tədbirlər planları müəyyənləşməlidir.
Gəncədən Kəlbəcərə, Laçına, Qubadlıya…
İki dəfə (1991 noyabr-1992 may və 1996 mart-2006 sentyabr) Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Sahib Əkbərov da hər bir rayon üzrə ayrıca bərpa planının hazırlanmasının tərəfdarıdır.
Onun fikrincə, işğaldan azad olunmuş rayonların bərpası zamanı həmin ərazilərin yerli xüsusiyyətləri, iqtisadi potensialı və inkişaf perspektivləri nəzərə alınmalıdır:
“Laçın və Kəlbəcərin yol infrastrukturunun qurulması xüsusi yanaşma tələb edir. Çünki indiki şəraitdə bu rayonların respublikanın digər regionları ilə əlaqəsini təmin edən əsas yollar ermənilərin və rus sülhməramlılarının nəzarəti altındadır. Buna görə də Laçın və Kəlbəcərə gediş-gəliş Murov yolu ilə olacaq. Bunun nə qədər davam edəcəyini bilmirik, ancaq hazırkı reallıq ondan ibarətdir ki, Ağdərə yolunun bağlı olması çox ciddi çətinliklər yaradır. O şəraiti görməyən adamlar deyirlər ki, Kəlbəcər və Laçın əhalisi Murov yolundan istifadə etsin. Lakin Murovdan 3 yox, lap 4 zolaqlı yol çəkilsə də, 4-5 metr hündürlüyündə qar yığınını yarıb keçmək asan deyil. İkinci bir tərəfdən, Kəlbəcərə və Laçına qayıdışı təmin etmək üçün ilk növbədə orada kommunikasiyalar qurulmalı, qazı, işığı, su xətlərini bərpa etmək üçün işlər görülməlidir. Bu işi görmək üçün texnikanı, avadanlıqları Murov yolu ilə Kəlbəcərə daşımaq çox çətindir”.
Sabiq icra başçısı hesab edir ki, işğaldan azad edilmiş ərazilərin bərpasının 1990-cı illərin əvvəllərinə qədər mövcud olan perspektiv inkişaf planları əsasında aparılması daha effektiv olar. Onun sözlərinə görə, hələ sovet dövründə Dağlıq Qarabağda və ətraf rayonlarda tikinti-quruculuq işləri ilə bağlı təsdiqlənmiş xüsusi tədbirlər planı olub. Lakin SSRİ-nin dağılması və Qarabağda müharibənin başlaması səbəbindən həmin layihələrin əksəriyyəti icra edilməyib.
Əkbərov hələ 1990-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Murovdan keçməklə Gəncə-Kəlbəcər-Laçın-Həkəri (Qubadlı) avtomobil yolunun çəkilməsi, habelə Kəlbəcər rayonunda müəssisə və təşkilatların normal fəaliyyətinin təşkili, “İstisu” sanatoriyasının inkişafı, əhalinin ərzaq və digər zəruru mallarla təchizatının yaxşılaşdırılması üçün tədbirlər planının təsdiqləndiyini, hətta bu tədbirlərin bəzilərinin icrasına başlandığını söyləyir:
“O vaxt mən Kəlbəcər rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyirdim. Biz Kəlbəcərdə həyata keçirilən kommunikasiya və infrastruktur proyektlərinin layihə-smeta sənədlərini hazırlayıb, hökumətə təqdim etmişdik. Həmin layihələrdən biri Murovdağın altından tunel tikintisi ilə bağlı idi. Murovun Göygöl istiqamətində “Turşsu” deyilən yerdən Kəlbəcərə doğru hər birinin uzunluğu 4,1 kilometr olan iki tunel tikilməli idi – biri Kəlbəcərə doğru, digəri əks istiqamətdə. Bu tunelin sayəsində Kəlbəcərlə Gəncə arasındakı məsafə təxminən 30-40 kilometr azalacaqdı. Tunelin tikintisində istifadə olunacaq avadanlıqları da Rusiyadan alıb gətirmişdik”.
İşğaldan əvvəl Kəlbəcər rayonunda bir neçə iri kənddə filialları və bölmələri olmaqla, xalçaçılıq və tikiş fabrikləri, daş karxanaları, təbabətdə geniş istifadə olunan dərman bitkilərinin toplanaraq qablaşdırılması, habelə kənd təsərrüfatı məhsullarının konservləşdirilməsi müəssisələrinin yaradılması kimi çeşidli investisiya layihələri də hazırlanıbmış. Hətta kompleks tədbirlər planı əsasında hazırlanmış bu layihələr Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarı ilə təsdiqlənibmiş.
Həsən Həsənov Kəlbəcərə niyə getmişdi?
1991-ci ildə ermənilərin Ağdərədən Kəlbəcərə gələn elektrik xəttini kəsməsi Kəlbəcərdə planlaşdırılan iri investisiya layihələrinin icrasını əngəlləyib. Bundan sonra hökumətin razılığı əsasında Daşkəsənin Zivlən kəndindən Kəlbəcərə elektrik xəttinin çəkilməsinə başlanıb. Məqsəd həm Kəlbəcəri elektrik enerjisi ilə təmin etmək, həm də rayonda geniş vüsət alacaq tikinti-quruculuq işlərinə, o cümlədən Murovdağın altından tunel tikintisinə hazırlıqları sürətləndirmək olub. Amma SSRİ-nin dağılması, ardınca Qarabağda müharibənin alovlanması bu işləri də yarımçıq qoyub. İndi – 30 ilə yaxın işğal altında qalan ərazilərin mühüm hissəsinin azad edilməsindən sonra – bu məsələlər yenidən aktuallaşıb.
Sahib Əkbərov işğaldan azad edilmiş Kəlbəcərə Murovun altından tunel tikilməsini nəzərdə tutan layihənin reallaşdırılması təşəbbüsünü müsbət dəyərləndirir. Onun fikrincə, bu tunel ölkənin qərb bölgəsi ilə Kəlbəcəri əlaqələndirən çox vacib bir bağlantı ola bilər:
“O vaxt Həsən Həsənov baş nazir işləyəndə özü bu işlə şəxsən məşğul olmuşdu. Mən özüm bununla əlaqədar Həsən Həsənovi iki dəfə maşınla Kəlbəcərə aparmışam. Hətta o vaxt Kəlbəcərlə Naxçıvan arasında çox əhəmiyyətli bir kommunikasiya xətti yaratmaq istəyirdilər. Həsən Həsənov deyirdi ki, Gəncədən Kəlbəcərə çəkilən yol bu layihənin bir hissəsi olacaq. Murovdan tunel tikilsə, Kəlbəcərin qərb rayonları ilə əlaqəsi güclənəcək, ölkənin ikinci ən böyük şəhəri olan Gəncədən Kəlbəcərə cəmi 2 saatlıq məsafə olacaq. Ucqar bir dağ rayonu ilə ikinci ən böyük şəhər arasında gediş-gəlişin bu dərəcədə asanlaşmasının iqtisadi səmərəsini hesablasaq, bunun qazancı daha böyük olar”.
Sovet dövründən yarımçıq qalan layihələr
İşğaldan əvvəl Murov yolu və tunel kompleksi ilə yanaşı, Kəlbəcər şəhəri yaxınlığında “Taxta düz” adlanan ərazidə hava limanının inşa edilməsi, rayon ərazisində civə zavodunun tikintisi, Tərtər çayının sahili boyunca Ağdərə yoluna alternativ kimi yeni avtomobil yolunun çəkilməsi də diqqət mərkəzində olub. Nazirlər Sovetinin 1990-cı il, 21 may tarixli 212 nömrəli qərarı ilə təsdiq olunmuş tədbirlər planına əsasən 1995-ci ilədək başa çatdırılmalı olan layihələr aşağıdakılar idi:
– Tunel-Bəylik-Hacısamlı yolunun yenidən qurulması;
– Gəncə-Kəlbəcər-Laçın-Həkəri avtomobil yolu boyunca bütün yaşayış məntəqələrinin telefonlaşdırılması;
– Kəlbəcər, Laçın və Qubadlı rayonlarında yanacaqdoldurma məntəqələrinin qurulması;
– Kəlbəcər rayonu üçün yeni enerji ehtiyat xəttinin, təbii qaz kəmərinin çəkilməsi;
– Mərmər və digər tikinti materiallarının istehsalı müəssisələrinin qurulması və s…
Bundan başqa, Nazirlər Sovetinin müvafiq qərarı ilə Dövlət Plan Komitəsinə Kəlbəcər rayonunda sosial-mədəni-məişət, sağlamlıq, ticarət və istehsalat müəssisələrinin yaradılması ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Hətta bu layihələrin icrasına nəzarətin təşkili məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərindən ibarət xüsusi qərargah da yaradılıb.
Kəlbəcərin bərpasına məhz o dövrdə hazırlanmış layihələrin icrasından başlanmasını vacib sayan S.Əkbərovun fikrincə, rayon rəhbərliyi bu məsələlərdə təşəbbüskarlıq göstərməli, bərpa işlərinin planlaşdırılmasında fəal iştirak etməlidir:
“Kəlbəcərin iqtisadi potensialı çox böyükdür, bundan istifadə etmək lazımdır. Rəsmi sənədlərlə deyə bilərəm ki, rayon ərazisində tikinti materiallarının istehsalı üçün nə qədər geniş sahələr var. O vaxt Azərbaycan SSR Sənaye-Tikinti Materialları Nazirliyinin rəsmi qərarları ilə Zallar kəndinin üst tərəfindəki qayaların ətrafının mərmər yatağı ilə zəngin olduğu təsdiqlənib. Oradakı mərmər ehtiyatı saya-hesaba gəlməyəcək qədər çox böyükdür. Keyfiyyətə gəlincə, dünyanın heç bir yerində bu cür mərmər yoxdur. O vaxt biz həmin mərmər yatağının işlənməsi ilə bağlı italyan şirkəti ilə müqavilə də imzalamışdıq. Amma Qarabağda vəziyyət gərginləşdi, italyanlar dedilər ki, erməni məsələsi həllini tapmasa, bu işə başlamaq risklidir. O vaxt Həsən Həsənov bu işləri çox yaxşı başlamışdı. Bax, indiki kimi, xarici dövlətlərdən Kəlbəcərə nümayəndələr, investorlar gəlmişdi. Rəhmətlik Şamil Əsgərov isə dərman bitkilərinin toplanması və hazırlanması üçün bir kontrakt bağlamışdı. Yəni, kimin nə iş görəcəyi artıq müəyyən edilmişdi”.
“İstisu qəsəbəsinin planlı şəkildə bərpası çox önəmlidir”
Sahib Əkbərov hesab edir ki, “İstisu” kurortunun və mineral sudoldurma zavodunun daha geniş şəkildə bərpası da ərazilərin yenidən qurulması ilə bağlı tədbirlər planına daxil edilməlidir. Onun sözlərinə görə, həm “İstisu” kurortunun, həm də mineral su zavodunun iqtisadi potensialından tam şəkildə istifadə edilməklə rayonda çoxlu iş yerləri yaratmaq, bu sahələrdən böyük gəlirlər əldə etmək mümkündür:
“İndi hamı “İstisu”nun müalicəvi əhəmiyyətindən danışır. Düzdür, bu mineral sular təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük sərvətdir. Amma Kəlbəcərdə ondan da böyük və yaxşı gəlir gətirə bilən təbii ehtiyatlarımız var. Sovetin vaxtında benzinin litri 8 qəpik olanda “İstisu”nun yarım litri 12 qəpik idi, o da heç tapılmırdı, az istehsal olunurdu. Çünki “İstisu” zavodunda cəmi 1 sex vardı, o da ayda cəmi 1 milyon şüşə su istehsal edirdi. Suyun qablaşdırılmasında çətinliklər vardı, şüşə tapılmırdı. İndi elə həmin zavodun yaxınlığında şüşə istehsalı müəssisəsi də açmaq mümkündür. Həmçinin, Murov yolunda tunel tikilsə, Gəncə ilə Kəlbəcər arasında həm rahat, həm də qısa yol olacaq ki, bu da Kəlbəcərdə istehsal olunan məhsulların ölkənin daxili bazarlarına daşınmasını asanlaşdıracaq. İndiki vəziyyətdə yük maşınları gün ərzində Kəlbəcərdən Gəncəyə yalnız bir dəfə gəlib-gedirsə, tunel tikiləndən sonra iki-üç reys etmək olar. Bu, daşınma xərclərinin azalması, bazara çıxarılan məhsulun həçminin isə artması deməkdir. Təkcə bir məhsula münasibətdə ortadakı fərqi təsəvvür edirsinizmi?..”
1992-1993-cü illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olmuş İlham Həsənov isə hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və həyatın normal ahəngə düşməsi yoldan cox asılı olacaq. Onun fikrincə, Kəlbəcərdə atılacaq ilk addım ilin bütün fəsilləri işləyəcək yolun çəkilməsidir:
“Şəhərin bərpası həm turizm baxımından cəlbedici olması, həm də yaşayışın asanlaşması üçün mütləq planlı şəkildə aparılmalıdır. Bu məsələdə inkişaf etmiş Avropa ölkələrinin, məsələn, İsveçrənin şəhərsalma planlarından faydalanmaq olar. Rayon mərkəzində dağıdılmış evlərin bərpasına xüsusi nəzarət olunmalıdır ki, şəhərin arxitekturasına zərər verilməsin”.
İ. Həsənov bildirir ki, İstisu qəsəbəsinin planlı şəkildə bərpası da şəhərin yenidən qurulması qədər önəmlidir. Cünki gələcəkdə Kəlbəcərin iqtisadiyyatında, o cümlədən turizm və sanatoriya-kurort xidmətlərində gəlirlərin böyük payı məhz İstisu qəsəbəsi zonasının təbii imkanlarından formalaşacaq:
“Ona görə də, istər istirahət zonalarının yaradılmasına, istərsə də mineral suyun qablaşdırma məsələsinə ciddi yanaşılmalıdır. Respublikanın böyük şəhərlərini qablaşdırılmış içməli su ilə təmin etmək üçün böyük su hövzələrindən səmərəli istifadə edilməlidir. Zəngin təbii sərvətlərə malik Kəlbəcərin qızıl və civə yataqlarının, qiymətli daşlarının işlənməsi və satışa çıxarılması cox gəlir gətirən sahələrə çevrilməlidir. Eyni zamanda, kənd təsərrüfatı, turizm, istehsalat sahələri üzrə ali və orta ixtisas təhsili müəssisələrinin yaradılması da Kəlbəcərin bərpası planına daxil edilməlidir”.
Müəllif: Elxan Salahov