Mərkəzi Bankdan dollarla götürülən kreditlər haqda açıqlama
Mərkəzi Bankın 21 fevral tarixində manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərara təkcə vətəndaşlar deyil, iqtisadçılar da təəccüblənib
"Xeberinfo.com": Məlumata görə, bu qərar əksər sahələrə təsir etdiyindən kredit götürənlər arasında da təşviş yaradıb.
Dolların kursunun 78-79 qəpik olduğu müddətdə dollarla kredit götürən hər kəsi indi bir sual maraqlandırır. Kreditimi hansı kursla qaytarmalıyam? Çünki birdən-birə dolların kursu manata nəzərən 35% bahalaşıb. Bu təxminən o deməkdir ki, 30%-lə götürdüyünüz krediti 65%-lə qaytarmalı olursunuz.
Elə qərar qüvvəyə mindiyi gündən etibarən iqtisadçılar, hüquqşünaslar bununla bağlı fikirlərini sosial şəbəkədə bölüşürlər. Hüquqşünas Anar Qasımlı qanuna əsaslanaraq bildirir ki, Mülki Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
Bu o deməkdir ki, tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borclu kredit müqaviləsi üzrə dollarla ödəməli olduğu kredit borcunu dolların bahalaşdığı gündən əvvəlki günün rəsmi məzənnəsi ilə manatla ödənilməlidir.
Müqavilədə başqa qayda nəzərdə tutulubsa?
Mülki Məcəllənin 442-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur.
Bu halda kreditorla borclu razılığa gələrək öz aralarındakı müqaviləni dəyişmiş şəraitə uyğunlaşdırmalıdırlar.
Tərəflər razılığa gəlməzlərsə?
Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər:
1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;
2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;
3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;
4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirməlidir.
Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə isə, müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.
Amma bu gün banklara müraciət edən şəxslərə bildirilir ki, indiki məzənnə ilə kredit borcunuzu qaytarmalısınız.
“Qafqazinfo” bu problemlə bağlı Mərkəzi Bankın da mövqeyini öyrənib. Mərkəzi Bankdan da bildirilib ki, bu məsələ ilə bağlı Mülki Məcəllədə boşluq var. Real olaraq dolların manata qarşı məzənnəsinə görə, kredit borcunuzu qaytarmalısınız.
İqtisadçı ekspert Natiq Cəfərli isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qanunlara nəzarəti Konstitusiya Məhkəməsi həyata keçirir: “Yaxşı olardı ki, tezliklə yığışıb bu məsələyə şərh versinlər. Amma məntiqlə desək, müqavilələrdə “öhdəlik yaranan gün” ifadəsi işlədilir. “Öhdəlik yaranan gün” ifadəsi qrafik üzrə hansı günlərdə ödənişin edilməsi gün anlamına gəlir. Ona görə də, banklar məcbur edəcəklər ki, kimin dollarla krediti varsa, müqavilədə qeyd olunan “öhdəlik yaranan gün” ifadəsindən istifadə edərək hansı ayın ödənişini edəcəklərsə, həmin gün Mərkəzi Bankın rəsmi kursu nə olacaqsa, həmin borcla da dollar müqavilində manat qəbul edəcəklər. Bu isə istehlakçılara ciddi ziyan vuracaq. Təbii ki, bununla bağlı Mərkəzi Bank insanlara doğru- dürüst açıqlama verərək məsələni izah etməlidir. Əgər bu baş verməsə, heç olmasa Konstitusiya Məhkəməsi qanunun şərhini verməlidir. Hərə bir şərh versə, banklar öz xeyrinə yozacaqlar. Müştərilər burada ziyan çəkəcəklər. Məsələn, Rusiyada devalvasiyadan sonra Mərkəzi Bank və hökumət birgə uzunmüddətli komissiya qurdu. İnsanlara izah etdilər ki, dollarla götürdükləri kreditin aqibəti necə olacaq. Düzdür, orada da məsələ tam həll olunmadı. Amma ən azından insanlara açıqlama verdilər. Mərkəzi Bankın hansı yol tutacağını demək isə asan deyil. Çünki son zamanlar verilən qərarların məntiqini tapmaq çox çətindir”.