Daşınmaz əmlakı satarkən nə qədər vergi ödəyəcəyik?
Daşınmaz əmlakın ƏDV vergisinə cəlb edilməsi müzakirə mövzusu olaraq qalır. Xüsusilə hər kəsi yaşadığınız mənzillərin satışının vergiyə necə cəlb edildiyi maraqlandırır.
"Xeberinfo.com": Məlumata görə, bu istiqamətdə sualına cavab verən “Value and Sources” konsaltinq şirkətinin direktoru Rəşad Əliyev bildirdi ki, satılan mənzil sizin ən azı son 3 ildə daimi yaşayış yeriniz olubsa, heç bir vergi tətbiq edilmir:“ Çünki Vergi Məcəlləsinin 102.1.9. bəndinə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir vergidən azaddır. Satılan mənzil 3 ildən az müddətdə daimi yaşayış eviniz olubdursa, bu halda satışdan əldə edən “xalis gəlir” gəlir vergisinə cəlb edilir. Xalis gəlir mənzili alış qiymətindən (həmin qiymət alqı-satqı müqaviləsində qeyd olunur və məbləğ bank əməliyyatında öz əksini tapır) baha qiymətə satıldıqda yaranır”.
Məlum olur ki, xalis gəlir əldə edilmədikdə vergi ödənilmir. Belə ki, əldə edilən xalis gəlir məbləği sizin qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəliriniz hesab edilir və VM-nin 101.2. bəndinə əsasən aşağıdakı dərəcələrlə vergiyə cəlb edilir:
- 30.000 manatadək gəlir olduqda – 14%;
- 30.000 manatdan çox olduqda - 4200 manat +
30 000 manatdan çox olan məbləğin 25 faizi.
Məsələn, 2014-cü ildə 95 000 manata aldığınız mənzili bu il 98000 manata satırsınızsa, bu halda sizin 3000 manat xalis gəliriniz yaranır (98000 AZN – 95000 AZN = 3000 AZN). Bu gəlir 30.000 manatdan az olduğu üçün 14%-lə vergi cəlb olunur və 420 manat (3000 AZN * 14% = 420 AZN) vergi öhdəliyiniz yaranır.
R.Əliyev deyir ki, əgər satılan mənzil sizin daimi yaşayış eviniz deyilsə və siz onu sahibkarlıq fəaliyyətində gəlir əldə etmək məqsədilə istifadə etmirsinizsə, bu halda alınma tarixindən asılı olmayaraq vergiyə cəlb edilir. Belə vəziyyətdə yenə də vergiyə ancaq xalis gəlir cəlb edilir. Xalis gəlir əldə edilmədikdə vergi ödənilmir. Əldə edilən xalis gəlir məbləği sizin qeyri-sahibkarlıq fəaliyyəti üzrə gəliriniz hesab edilir və VM-nin 101.2 bəndinə əsasən müvafiq vergi dərəcələri (yuxarıda göstərilib) ilə vergiyə cəlb olunur.
"Qeyd etdiyimiz kimi, bu növə aid mənzillər alınma ilindən asılı olmayaraq vergiyə cəlb ediləcək. Mənzili 2007-ci ildən əvvəl əldə edən fiziki şəxslərin bəxti bir qədər az gətirib... Bunun səbəbi odur ki, həmin müddətdən bəri mənzillər xeyli bahalaşıb. Bunu hardasa normal qəbul etmək lazımdır, çünki qazanc çox olubsa, deməli, vergi də çox olacaq. Digər tərəfdən, qeyd etmək lazımdır ki, ev alqı-satqısı bank vasitəsi həyata keçirilir. Bir çox hallarda alıcı və satıcı evin qiymətini alqı-satqı müqaviləsində aşağı qiymətə göstərirlər. Göründüyü kimi, bu, artıq əvvəlki dövrdə ev alanlara mənfi təsir göstərir (çünki gələcək əməliyyatda bu, onun xalis gəlirini artırır). Buna görə də tövsiyə edirik ki, vətəndaşlar ev aldığı hallarda alqı-satqı müqavilələrini real göstəricilərlə tərtib edilməsini tələb etsinlər”.
Publika.az