Elman Rüstəmov: "kredit faizi enməyəcək"
Piramida formasındakı borclar vətəndaşa təzyiqdir, yaxın dövr üçün isə kreditlərin həcminin daha da artması gözlənilir...
"Xeberinfo.com": Məlumata görə, ölkə əhalisinin banklara olan borcu narahat edici səviyyədədir. Əksər ekspertlər bildirirlər ki, borclanma vətəndaşı təzyiq, cəmiyyəti basqı altında saxlama vasitəsidir. Onların fikrincə, borcu olan vətəndaşın ictimai və sosial fəallığı azalır, ölkədəki proseslərə diqqət ayırmaq istəmir. Ancaq ekspertlərin bu mövzuda fikirləri fərqlənir.
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, belə bir teoriya digər ölkələrdə də mövcuddur: “Tək Azərbaycana aid bir məsələ də deyil. Bir çox ölkələrdə, hətta Türkiyədə də bu barədə ciddi müzakirələr gedir. Onların ana müxalifət partiyası, digər müxalifət partiyaları, ekspertlər, yazarlar çox ciddi şəkildə bu məsələni müzakirə edirlər. Yəni bildirilir ki, hökumət bütün əhalini kredit ”iynəsinə" oturdub və siyasətdən aralamaq yolunu tutub. İnsanlar ancaq işləyib, qazanıb kreditlərini ödəmək haqqında düşünürlər. Ölkədə olan prosesləri diqqətlə izləmirlər. Yəni belə bir teoriya var. Ola bilər Azərbaycanda da belə bir yol tutulub. Hazırda Azərbaycanda problem ondan ibarətdir ki, bank sektoru çox kiçik və kövrək bir sektordur. Artıq rəsmi rəqəmlərə görə, 1 milyard manatdan çox toksik kreditlər var. Yəni geri qaytarılması mümkün olmayan kredit portfeli var banklarda.
Bu, çox böyük bir məbləğdir. Azərbaycan kimi kiçik dövlətin kiçik bank sektoruna çox böyük çətinliklər yarada bilən bir məbləğdir. Əgər bu, düşünülmüş siyasət olsa belə, bunun özündə də Azərbaycandakı stabilliyə, hökumətin önəm verdiyi stabilliyə ciddi təsirlər törədən elementlər var. Ən azından bank sektorunda getdikcə bu problemlər artır. Bank sektorunda çöküş baş versə, bütün ölkələrin iqtisadiyyatına yayıla bilər. Bu isə ümumiyyətlə ölkədə sosial vəziyyəti kəskin şəkildə pisləşdirə bilər. Yəni bankların batması həm də əmanətçilərlə problemlərə gətirib çıxara bilər. Düşünülmüş siyasət varsa, ona görə də yaxın gələcəkdə biz bunun fəsadlarını da görə bilərik. Çünki toksik kreditlərin, geri qayıtmayan kreditlərin həcmi artdıqca bank sektoruna basqı artacaq. Bank sektorunda hər hansı bir çöküş olsa, bu, ümumiyyətlə sosial gərginliyi həddindən artıq yüksək səviyyəyə qaldıra bilər. Çünki bu günün özündə belə beş bankın, çox kiçik bankın bağlanacağı haqqında məlumatların dolaşması insanlarda gərginlik yaradır. Gələcəkdə hansısa banklarda da bu problemlərin yaşana biləcəyi ehtimalını yüksəldir. Ona görə də bu tipli məlumatlar və bu tipli siyasət heç də həmişə gözlənilən nəticələri vermir.
Bunun dırnaqarası müsbət cəhətləri hökumət üçün varsa da, mənfi cəhətləri də var. Hətta getdikcə bu mənfi cəhətlər daha da ağırlaşmağa başlayacaq".
Ekspert Qubad İbadoğlu isə bildirir ki, yaxın dövr üçün kreditlərin həcminin daha da artması gözlənilir:
“Düşünmürəm ki, bu, cəmiyyəti asılı vəziyyətdə saxlamaqdır. Çünki demokratik cəmiyyətlərdə də, məsələn, ABŞ-da da belə kredit borcları, banklara kifayət qədər borcu olan çoxdur. Çünki həm sahibkarlar, həm ev təsərrüfatları adətən bankların kredit vəsaitləri hesabına maliyyələşdirirlər. Kredit qoyuluşları kifayət qədər yüksəkdir. Azərbaycanda bir çox banklar özünün səhv siyasətinin nəticəsində kreditlərin həcmini artırır. Bu, təhlükəli tendensiyanı formalaşdıra bilər. Krediti götürən şəxsin banklara tarixçəsi var, banklar buna nəzər salmır. Hətta on banka kredit borcu olan şəxsə 11-ci bank kredit verir. ABŞ-da, Avropada banklar buna heç vaxt yol vermirlər. Onlar kredit tarixçəsi əsasında qərar qəbul edirlər. Təəssüflər olsun ki, bizdə kredit götürənlərin tarixçəsi olmasına baxmayaraq, yenə də banklar bu kreditləri çox böyük həvəslər ayırırlar. Krediti götürən adamlar da bir bankdan alıb digər bankın kredit borcunu bağlayırlar. Bu da piramida effekti yaradır. Nə vaxtsa bu, ciddi şəkildə krediti qaytarmaq sahəsində problemlərin qabarıq formada ortalığa çıxmasına səbəb olacaq. Bu baxımdan kifayət qədər böyük məbləğlərdə, milyardlarla istifadə olunan kreditlərin hesabına vətəndaşların borclu qalması məsələnin iqtisadi tərəfidir. Məsələnin siyasi tərəfinə gəlincə isə, təbii ki, krediti olan insanlar asılı vəziyyətdədirlər, ancaq burada bankların məqsədləri korporativ məqsədlərdir. Amma onu demək istəyirəm ki, Rusiyadakı vəziyyət və neftin ucuzlaşması səbəbindən investisiyaların maliyyələşdirilməsinin azaldılması və yaxud kəsilməsi son nəticədə əhalinin özünün də sərbəst maliyyələşməsinə gətirib çıxaracaq. Bu problem getdikcə şiddətlənəcək və kreditlərin həcmi, həmçinin geri qaytarılmayan kreditlərin ümumi kredit portfelində payı sürətlə artacaq. Bu, gələcəkdə sosial gərginliyə gətirib çıxara bilər. Bununla bağlı Azərbaycan hökuməti və Mərkəzi Bank narahatdır”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-noyabr aylarında maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilmiş kreditlərin məbləği artıb. Bu məbləğ 19,1 faiz artaraq, əvvəlki illərdə verilmiş kreditlər də nəzərə alınmaqla, 18,2 milyard manata çatıb. Kreditlərin 79,5 faizi uzun müddətə verilib, 5,4 faizinin isə ödəmə vaxtı keçib.
“İstehlak krediti adətən heç bir məqsəd göstərilmədən verilən kreditlərdir. Bizdə olan məlumatlara görə, bu cür kreditlər yüksək faizlə verilir. Çünki müştərilərdən heç bir təminat tələb olunmur. Burada heç bir bürokratiya, sənədlər, gəlir mənbələri və s. göstərilmir. Bank üçün risk böyükdür. Beynəlxalq təcrübədə də belə kreditlər - zənglə verilən kreditlər, sms-lə və ya kredit kartlarına verilən kreditlərin faizləri yüksəkdir”.
Bu sözləri isə Azərbaycan Televiziyasının “Günün nəbzi” verilişinə müsahibəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib (milli.az). “Biz bu problemi bilirik. Banklarla aktiv dialoqdayıq. Bütövlükdə kredit faizlərinə nəzər salsaq, bankların portfelinin 75%-dən çoxunu təşkil edən biznes kreditlərinin faiz dərəcələri əhəmiyyətli dərəcədə aşağıdır - 10-12%. Son illər faizlərin aşağı düşdüyünü müşahidə edirik”, - o əlavə edib.
Onun sözlərinə görə, bəzən dövlətin bu məsələni tənzimləməsi ilə bağlı çağırışlar olur. Ancaq bəzi ölkələrin təcrübəsi göstərir ki, belə məsələlərə dövlətin müdaxiləsi istənilən nəticələri vermir.
“Bəzi ölkələrdə qanunvericiliklə faizlərin ən yuxarı dərəcələri göstərilir, lakin həmin ölkələrdə qanunvericiliklə depozit faizi də müəyyənləşdirilir. Müştərilərə deyilir ki, sən hansı faizdən yuxarı olmayaraq vəsaitini banklara yerləşdirə bilərsən. İqtisadçı kimi deyə bilərəm ki, həmin ölkələrdə pullar açıq bankçılıqdan kölgə bankçılığına gedir. Sələmçilik inkişaf edir. Sələmçilik də çox ciddi problemdir. Çünki burada dövlətin nəzarəti tam zəifləyir. Həm kredit alanların, həm əmanət qoyanların hüquqları tam qorunmur”, - Mərkəzi Bankın sədri vurğulayıb.
müsavat.com