“Nəinki Rusiya bankları, hətta ölkə iqtisadiyyatı bütünlüklə çökə bilər”
Rusiyanı məhv edəcək sanksiya gəlir
"Xeberinfo.com": Məlumata görə, Axar.az-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov Rusiya banklarının SWIFT sistemindən (Ümumdünya Banklararası Maliyyə və Telekomunikasiya Cəmiyyəti) çıxarılmasının nəticələrini şərh edib. Ekspertin sözlərinə görə, bankların bu sistemdən çıxarılması ilə Rusiyanın sonu yaxınlaşacaq:
“Rusiyaya qarşı tətbiq edilə biləcək ən ciddi sanksiya Rusiya banklarının 210 ölkənin 10 min maliyyə təşkilatının iştirak etdiyi SWIFT sistemindən çıxarılmasıdır. Bankların bu sistemdən çıxarılması nəinki Rusiya banklarının, hətta ölkə iqtisadiyyatının çökməsi ilə sonuclana bilər. Nəzərə alaq ki, Qərb belə sanksiyaları çox nadir hallarda istifadə edir. Belə sanksiyalardan istifadə edilməsi dövlətin çökməsinə gətirib çıxarır. Bu sanksiya tətbiq olunarsa, ölkədə fəaliyyət göstərən banklar digər banklarla transfertlər həyata keçirə bilməyəcək. Bank sektorunda başlanan böhran digər sektorları iflic edəcək”.
Ekspertin sözlərinə görə, bu, Rusiyaya qarşı genişmiqyaslı hücum anlamına gəldiyindən Qərb ehtiyatla davranır:
“Buna birmənalı yanaşılmır. Problem ondan ibarətdir ki, artıq bu, Rusiyaya qarşı genişmiqyaslı hücumdur. İstər Avropa, istərsə də ABŞ bu məsələdə birmənalı şəkildə dəstək qazanmır. Gələcəkdə Rusiya ilə Qərbin münasibətləri daha da gərginləşərsə, bu gərginləşmə askpektində problemlər yaranarsa, Qərb çox güman ki, bu sanksiyadan istifadə edəcək. Sanksiyadan istifadə isə o demək olacaq ki, Rusiya sonu görünməyən böhrana girəcək. Bu da Rusiya iqtisadiyyatı üçün nəinki qısamüddətli, orta və uzunmüddətli böhran olaraq qalacaq. Ümumilikdə götürsək, yeni sanksiyalar Rusiyanın gələcəyini sual altına ala bilər”.
Ekspert onu da bildirdi ki, Avropa Birliyinin (AB) Rusiyadan enerji asılılığı bu addımı ləngitsə də, ABŞ-ı saxlaya bilməyəcək:
“Əslində, burada Qərbin buna ehtiyatla yanaşması enerji asılılığı ilə bağlıdır. Bankların SWIFT sistemindən çıxarılması Rusiyanı qıcıqlandıra bilər. Bu addım təkcə Rusiya ilə yox, başqa dövlətlərlə də münasibətlərin kəskinləşməsinə gətirib çıxarar. Avropa çalışır ki, öncə Rusiyadan enerji asılılığını aradan qaldırsın, daha sonra bu sanksiyanı tətbiq etsin. Nəzərə alaq ki, ABŞ-ın Rusiyadan enerji asılılığı yoxdur. Güman olunur ki, bu sanksiyaya Avropa “yox” desə də, ABŞ birtərəfli olaraq tətbiq edəcək. Bu sanksiyanı təkcə ABŞ reallaşdırsa belə, Rusiya üçün çox ciddi nəticələri olacaq”.
Bildirək ki, ötən ilin sonuncu ayında Rusiyanın VTB Bankının rəhbəri Andrey Kostin qorxulu bəyanatla çıxış etmişdi. O, Rusiya banklarının gün ərzində təxminən 6 trilyon dollar dövriyyəsi olan SWIFT beynəlxalq ödəmə sistemindən uzaqlaşdırılmasının müharibə kimi başa düşüləcəyini, sistemin Rusiya bankları üçün fəaliyyətini dayandıracağı gün ABŞ səfirinin Rusiyanı tərk etməli olacağını bildirmişdi.
Bundan başqa, artıq rusiyalı ekspertlər də həyəcan təbili çalır. Belə ki, iqtisadçı ekspert Sergey Quriyev dünən verdiyi açıqlamada Rusiyanın Mariupola hücumunun yeni, daha ağır sanksiyaların tətbiqinə səbəb olacağını, ilk addımın Dünya Bankından gələcəyini bildirib.
Quriyev Dünya Bankının Rusiya banklarına tətbiq etdiyi sanksiyalardan sonra oliqarxlar və vəzifəli şəxsləri də hədəfə alacağını qeyd edib. Sanksiyaların Rusiya banklarına ciddi şəkildə təsir göstərəcəyini vurğulayan rusiyalı ekspert bankların yeni yaranacaq problemlərdən yaxa qurtarmalarının son dərəcə çətin olacağını etiraf edib.