Pambıq istehsalı 220 min tonu keçib
On ayda xaricə 83,5 milyon dollarlıq mahlıc və iplik satılıb
Yenixeber.org: Azərbaycanda pambıq yığımı davam edir. Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, dekabrın 4-dək ölkə üzrə qəbul məntəqələrinə 221 min 284 ton pambıq təhvil verilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz çoxdur. Pambıq tədarükündə Saatlı (29 min 228 ton), Bərdə (24 min 122 ton), Ağcabədi (22 min 301 ton), Biləsuvar (21 min 25 ton) və Beyləqan (20 min 753 ton) rayonları irəlidə gedirlər. Pambıq yığımı davam edir.
Xatırladaq ki, 2018-ci ildə ölkəmizdə 132 min 512 hektar sahədə pambıq əkilib. Nazirlikdən bildirildiyinə görə, pambıq tədarükündəki artım məhsuldarlığın yüksəldilməsi hesabına təmin olunub: “Hazırda emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə dövlət tərəfindən fermerlərə 10 qəpik subsidiya verilir. Həmçinin bu il pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 50 manat olmaqla, 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün qiyməti 580-dən 630 manata, 3-cü növün qiyməti 540-dan 590 manata, 4-cü növün qiyməti isə 500-dən 550 manata qədər artırılıb”.
Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına görə, 2018-ci ilin yanvar-oktyabrında Azərbaycandan xaricə 42 min 798,15 ton pambıq mahlıcı satılıb ki, bundan da 64 milyon 518,56 min dollar gəlir əldə edilib. Bu dövrdə pambıq ipliyinin ixracı isə 7 min 642,85 ton olub ki, bundan da qazanc 19 milyon 53,40 min dollar təşkil edib.
Gələn il Azərbaycanda 104,9 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur.