Rubl böhranı nə ilə nəticələnəcək?
"Xeberinfo.com":Aşağı düşən neft qiymətləri Rusiyanı çox güclü təzyiq altında saxlayır. Rusiya Mərkəzi Bankı gələcəkdə süni yollarla rublun kursunun sabit saxlanılması üsulundan imtina etməyə hazırlaşır. Bunun isə ölkə üçün yekun nəticəsi hədsiz dramatik ola bilər. Rusiya prezidenti Vladimir Putin böyük masştablı gərara gəlib. Mərkəzi Bank bundan sonra hər hansı konkret səviyyəyə qədər rublun kursuna müdaxilə etməyəcək. Beləliklə də Putin ən kritik anda rus valyutasını(həm də ki, milli iqtisadiyyatı) maliyyə bazarının ixtiyarına buraxır. Moskvanın liberalizasiya kimi təqdim etdiyi bu əməliyyat, rublu 1998-ci və 2008-ci illərdəkilərdən də daha dərin böhrana sürükləyə bilər.
Moskvada təlaş: dollar ilk dəfə 48 rubldan baha olub
Cümə günü “rubl təlaşı” yaşandı. Öz tarixində dollar ilk dəfə 48 rubldan da baha qiymətə satıldı. Həmçinin, avroya olan nisbətdə də rubl tarixi minumuna qədər gerilədi. Ümumi atmosferin yüksək dərəcədə gərilməsi kredit bazarlarındakı vəziyyətə də təsirsiz ötüşmədi. Rusiyanın kredit reytinqi ciddi şəkildə aşağı düşdü. Bazar iştirakçıları növbəti defolt riskinin iki dəfə yüksək – 18% olacağını söyləyirlər. Müqayisə üçün Almaniyada bu göstərici 1,7% təşkil edir. Bu ilin əvvəlində rus rublu dollara nisbətdə öz ümumi dəyərinin üçdə bir hissəsinə bərabər qiymətdən düşüb. Dünyanın az-çox böyük olan heç bir ölkəsinin valyutası belə sürətlə dəyərsizləşməyib. Hətta bu yay növbəti defolt yaşamış Argentina pesosu belə “cəmi” 23,3% zəifləyib. “Citibank”ın strateji analitiki İvan Çakanov mövcud vəziyyəti ”rus rublyotkası” adlandırıb. O, bu barədə deyib: ”Rublun çöküşü ölkənin maliyyə stabilliyi üçün ciddi faktora dönüb”.
1998-ci ilin böhranını yada salarkən
Bir çox müşahidəçilər 1998-ci ilin defoltunu xatırlayırlar. Həmin ilin avqustunda rubl sürətlə göydən yerə çırpılmışdı. Tam xaos vəziyyətində Rusiya Mərkəzi Bankı maliyyə bazarına xilasetmə müdaxiləsini dayandırmışdı və nəticədə 1998-ci ilin sonuna kimi rubl öz ümumi dəyərinin dörddə üçünü itirmişdi. Hələlik belə bir əhatəli böhrandan söhbət getmir. Lakin ekspertlərin fikrinə görə, indiki düşüş nəzarətdən çıxan təlaşa çevrilə bilər.
“Hermitage capital” fondunun rəhbəri Bill Brauder bildirib: ”1998-ci ilin rubl böhranının təkrarlanması tamamilə mümkündür”. Onun sözlərinə görə əgər Rusiya Mərkəzi Bankı yeni rubllar çap etməyə başlayarsa, çox yaxın gələcəkdə bir dollar üçün 50, 60 və hətta 100 rubl veriləcək. Rublun sürətlə zəifləməsinin əsas səbəbi Qərbin sanksiyalarına məruz qalmış müəssisələrin böyük dollar çatışmazlığı ilə üzləşməsidir. Əvvəllər bu müəssisələr öz istiqrazlarını girov qoymaqla, beynəlxalq maliyyə bazarlarından valyuta əldə edə bilirdilər, amma onların artıq belə imkanları yoxdur. Bu yalnız problemlərdən biridir. Digər tərəfdən isə Rusiya şirkətləri dollarla borclanıblar. Hal-hazırda valyuta vəsaiti üçün onlar Mərkəzi Banka və ya “Dövlət Stabilizasiya Fondu”na müraciət edirlər. Təkcə yaxın yarım il ərzində dövlət neft konserni “Rosnef”tə 20 milyard dollar lazımdır.
Rusiyanın valyuta ehtiyyatları son beş ilin minumuna düşüb
Rusiya valyuta ehtiyyatları sürətə əriyir. On bir həftədir ki, dövlət xəzinəsi durmadan boşalır. Oktyabr ayının sonuna olan məlumata əsasən, Rusiyanın valyuta ehtiyyatı 426,6 milyard dollar təşkil edib ki, bu da son beş ilin ən aşağı göstəricisi sayılır. Daha acı və tale yüklü nəticə neftin qiymətinin kəskin aşağı düşməsi ilə də baş verə bilər. Onu demək tam yerinə düşər ki, 1998-ci və 2008-ci illərdəki maliyyə böhranları da məhz “qara qızılın” qiymətinin sürətli ücuzlaşması zamanı yaranmışdı. İndi bir çox ekspertlər 1985-ci ildə neft qiymətinin kəskin düşüşü nəticəsində Sovet İttifaqının dağılmasını yada salırlar. Planlı Sovet iqtisadiyyatı neftin qiyməti yalnız 20-30 dollar arasında qaldığı halda duruş gətirib, yaşaya bilərdi. Həmin dövrdə bir barel neftin 30 dollardan 9 dollara enməsi Sovetlər üçün sarsıdıcı zərbə olmuşdu.
Aşağıya doğru yuvarlanan neft qiymətləri Rusiya büdcəsini məhv edir
Neft qiymətlərinin indiki geriləməsi yeni rubl böhranına təkan verə bilər. Çünkü Rusiya büdcəsi neftin təxminən 100 dollar səviyyəsində bərqərar olmasına uyğun şəkildə planlaşdırlıb, lakin onun hazırkı qiyməti 77 dollardır. Yay aylarından indiyədək Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən ”qara qızıl” 30% dəyərdən düşüb. Ona görə də, ölkə istədiyi qədər xarici valyuta ala bilmir və bu da əlavə olaraq sanksiyaların mənfi təsirlərini daha da gücləndirir. Əgər Rusiya əhalisi banklarda yerləşdirdikləri 1,6 trilyon rubldan artıq olan pullarını götürməyə cumsalar, onda bu milli valyuta ehtiyyatının əlavə 35 milyard dollar ixtisara düşməsi və daha böyük maliyyə çöküşünə səbəb olacaq. Ekspertlər bildirirlər ki, bu tərzdəki maliyyə çöküşünü proqnozlaşdırmaq mümkün deyil. Belə ki, 1998-ci il Rusiya maliyyə böhranındakı hadisələrin inkişaf dinamikası çox sürətlə gedirdi. 2001-ci il Argentinadakı vəziyyət praktik olaraq anidən nəzarətdən çıxmışdı.
Moskvadakı vəziyyətin inkişafı maliyyə möhtəkirlərini də oyandırıb. İndi onlar Rusiya Mərkzi Bankının “zəif nöqtələrinin” harda yerləşməsini axtarıb tapmaqla yanaşı, onun necə davranmasını və nə zaman bazara müdaxilə edəcəyini də müəyyənləşdirib, hərəkətə keçirlər.