Azərbaycanda ət ucuzlaşacaqmı?- ŞƏRH
Xaricdən ölkəyə gətirilən diri ətlik heyvanların gömrük rüsumun artırıldığı iddia olunur
Yenixeber.org: Ətlik heyvanların idxalı ilə məşğul olan bir qrup sahibkar bildirib.
Onlar qeyd ediblər ki, bundan öncə bir “tır” yük üçün gömrük postunda 7500 manat ödəyirdilərsə, son günlərdə bu rüsum artırılaraq 12000 manat olub. Sahibkarlar qeyd ediblər ki, bu səbəbdən yaxın günlərdə ölkədə ətin pərakəndə satışında qiyməti qalxacaq.
Dövlət Gömrük Komitəsindən cavab olaraq bildirilib ki, diri ətlik heyvanların idxalına görə alınan idxal rüsumlarının məbləğinin artırılması haqda deyilənlər əsassızdır: “Belə ki, son dövrlərdə ölkə ərazisinə diri ətlik heyvanlar əsasən Rusiya Federasiyası, Ukrayna və Gürcüstan respublikalarından idxal olunub.
Digər ölkələrdən (azad ticarət haqqında saziş olmadığı təqdirdə) Azərbaycan Respublikasının ərazisinə gətirilən diri ətlik heyvanlar mövcud qanunvericiliyinə əsasən həm gömrük rüsumuna, həm də əlavə dəyər vergisinə cəlb olunurlar.
Qeyd edək ki, 2016-cı ildə ölkəyə 13 782,6 min dollar dəyərində, yəni 5 257,9 ton ət idxal edilib.
Cari ilin 9 ayında ölkəyə 46 551.95 min dollar dəyərində, 30 387.31 ton ət idxal olunub. Bu da hesabat dövründə ət idxalının 91,57% artması deməkdir.
O ki qaldı ölkənin özünün ət istehsalına, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında ət istehsalı artaraq 405,2 min ton təşkil edib. 2017-ci il oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda 2 milyon 702,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 298,7 min baş inək və camış, 8 milyon 667,3 min baş qoyun və keçi mövcud olub.
Ekspertlərin rəyinə görə, hazırda ölkənin ət bazarında təklif tələbi ödəmir. Ümumdünya Səhiyyə Təşkilatının normasına görə, şəxs il ərzində 84 kiloqram ət istehlak etməlidir. Azərbaycanda isə bu rəqəm 25 kiloqramdır, idxalla bir yerdə il ərzində adambaşına 34 kiloqram ət istehlak edilir. Bu, tələbatın yarısı da olmur.
Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Oxu.Az-a açıqlamasında bildirdi ki, ölkədə ətə olan tələbat 820 min tondur: "Azərbaycan isə 290 min ton ət istehsal edir. Adambaşına illik ət istehlakı 84 kiloqramdır. İndiki şəraitdə il ərzində 29-30 kiloqram ət istehlakolunur. Ciddi fərqin olması ət satışı və idxalı ilə məşğul olan sahibkarlara manipulyasiya imkanı yaradır. Belə ki, onlar az ət istehsal etməklə və ya idxal etməklə ətin qiymətinin yüksək olmasına çalışırlar".
Ekspertin sözlərinə görə, Azərbaycan tələbatının 50 faizi qədər ət istehsal edərsə, bu məhsulun qiyməti ucuzlaşar: “Qiymətlərdə bu qədər fərq yaranmaz və ət orta təbəqə üçün əlçatan olar”.
V.Məhərrəmov deyir ki, örüş sahələrinin pambıq əkini üçün istifadəyə verilməsi ət idxalını iki dəfə artırıb.
O ki qaldı ətin qiymətinin necə dəyişəcəyinə, ekspert deyir ki, ət idxalına rüsumun artırılıb-azalması qiymətə təsir etmir: "Çünki bu sahədə ciddi çatışmazlıq var".
Sonda qeyd edək ki, hazırda ölkədə mal ətinin qiyməti 11 manat, qoyun əti 12 manat təşkil edir.