Xəbər verdiyimiz kimi millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov iqtisadiyyatda sağlamlaşma prosesinin hələ də başa çatmadığını, problemli kreditlərin azalmaqdansa, artdığını, bank sektorundakı böhranın ciddi problemlər yaratdığını, bu səbəbdən də sentyabr ayından sonra manatın məzənnəsində müəyyən dəyişikliklər gözlənildiyini bildirib. Sadalanan problemlər növbəti devalvasiyanın olacağından xəbər verir?
Yenixeber.org:Məsələ ilə bağlı "Qaynarinfo"ya danışan iqtisadçı-ekspert Azər Mehdiyev yaxın aylarda ciddi bir dəyişikliyin olmayacağını qeyd edib:
"Ölkə iqtisadiyyatının durumu sabit deyil. Hazırda manatın məzənnəsindəki nisbi sabitlik daha çox inzibati təsirlər altında baş verir. Eyni zamanda bu il Mərkəzi Banka kifayət qədər vəsait ayrılıb ki, manatın məzənnəsinin proqnozlaşdırıla bilən bir formada dəyişdirilməsi üçün addımlar atılsın. Təbii ki, bank sektorundakı böhran prosesləri davam edir., bu da istər-istəməz məzənnəyə təsir göstərir. Lakin indiki halda siyasi proseslərdə hər hansısa bir gözlənilməz dəyişikliklər baş veməsə, kəskin bir devalvasiyanın olması yaxın aylarda gözlənilmir".
Ekspert bildirib ki, FED dolların uçot dərəcəsini artırarsa, o zaman manatın məzənnəsində dəyişiklik ola bilər:
"Manatın məzənnəsində hər hansısa bir tədrici azalma ola bilər, ancaq bu yalnız manatla deyil, son vaxtlar dünya iqtisadiyyatında dolların məzənnəsində də azalmanın olması ilə əlaqədar ola bilər. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) dolların uçot dərəcəsini qaldırması gözlənilən hadisələrdən biridir. Əgər belə bir şey baş verərsə, təbii ki, bu, manatın məzənnəsinə də təsir edə bilər".