“Manatın ikinci devalvasiyası qaçılmaz olacaq”
Bundan sonra manatın taleyi necə olacaq? Son sözü neftin qiyməti deyəcək.
"Xeberinfo.com": Məlumata görə, bunu iqtisadçı Samir Əliyev bildirib. Ekspert indiki səviyyədə manatın yumşaq ucuzlaşması davam edəcəyini də istisna etmir:
“Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuata açıqlamasında qeyd edib ki, bu ilin sonuna kimi manatın məzənnəsində ciddi dəyişiklik olmayacaq. Baş bankir onu da əlavə edib ki, bu məsələ daha çox neftin qiymətlərinə bağlı olan məsələdir. Onun sözlərinə görə, neftin qiyməti 40 dollar olacağı təqdirdə ticarət balansı mənfi zonaya keçəcək.
Dəfələrlə AzTV ekranından əhalini manatın sabit qalacağına əmin edən dövlət rəsmisinin dünənki açıqlaması əhali tərəfindən birmənalı qarşılana bilməzdi. Bu da təbiidir. Çünki illərlə qazanılan etimadı bir andaca itirmək olar. Sözün məsuliyyəti bizə olan inamın qarantıdır. Hər hansı dövlət rəsmisinə inamsızlıq ümumilikdə hökumətə olan inamsızlığa rəvac verir. Nəticədə zərbə əhaliyə dəydi. Manat və bank sistemi isə illərlə yığdığı etimadı itirdi.
Elman Rüstəmovun dünənki açıqlamasından əhalinin yenidən sakitləşdirilməsi və hətta manatın məzənnəsinin ilin sonuna kimi dəyişməyəcəyi mesajını verməsi təəssüratı yaranırdı. Bu ilk baxışdan belədir. Mərkəzi Bank rəhbəri əvvəlki açıqlamalarından fərqli olaraq bu dəfə xeyli açıq danışdı. Və bu açıqlamada 2 əsas məqamı diqqətinizə çatdırmaq istəyirəm.
Birinci məqam ondan ibarətdir ki, E.Rüstəmovun manatın taleyinin daha çox neftin qiymətlərinə bağlı olan məsələ olduğunu etiraf edib. Hətta qeyd edib ki, neftin qiyməti 40 dollar olacağı təqdirdə ölkənin xarici balansı mənfi zonaya keçəcək. Bununla demək istəyib ki, artıq heç bir siyasi iradə manatın sabitliyi üçün qarant deyil və neft 40 dollara qədər ucuzlaşsa, İKİNCİ devalvasiya qaçılmazdır.
İkinci məqam isə manatın məzənnəsində ciddi dəyişikliyin olmaması fikridir. E.Rüstəmov cəmiyyətə çatdırmaq istəyir ki, söhbət ciddi dəyişikliyin olmamasından gedir, sabit qalmasından yox. Yəni mesaj ondan ibarətdir ki, manatın yumşaq ucuzlaşması prosesi baş verə bilər və bu ciddi dəyişiklik kimi qiymətləndirilməməlidir.
Devalvasiyadan sonra fevralın 24-də açıqlamamızda manatın gələcəyi ilə bağlı fikrimizi bildirmişdik və bir daha xatırlatmaq istərdik: Bundan sonra manatın taleyi necə olacaq? Son sözü neftin qiyməti deyəcək. Neft bahalaşsa, yəni 70 dollardan yuxarı çıxsa, sabitlik yaranacaq. Hətta müəyyən qədər möhkəmlənmə də mümkündür. Ancaq indiki səviyyədə manatın yumşaq ucuzlaşması davam edəcək. İlin sonuna kimi manat ən azı 10% ucuzlaşacaq. Böyük ehtimalla dollar 1,2 manata qədər bahalaşacaq. Neft 40 dollar həddinə yaxınlaşsa manatı ikinci devalvasiya təhlükəsi gözləyir.
Azpolitika.info