Dollar 2 manata yaxınlaşır
Mərkəzi Bank dünən yaydığı açıqlamada növbəti devalvasiyası ilə bağlı məlumatları, eləcə də iqtisadçıların proqnozlarını təkzib etdi.
Xeberinfo.com: Dolların məzənnəsinin bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşdığı bildirildi. Dollar isə son iki gündə sürətlə bahalaşmaqdadır. Artıq bəzi valyutadəyişmə məntəqələrində dolların satış qiyməti 1.77, satışı isə 1.90 manatadək artırılıb.
Virtualaz.org saytının paytaxtın bank və valyutadəyişmə məntəqələrində müşahidə aparan əməkdaşı xəbər verir ki, banklara nisbətən valyutadəyişmə məntəqələrində satış və alış qiyməti daha yüksəkdir. Amma valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlıdır, bəziləri isə satışı dayandırıb.
“Yunayted kredit bank”ın Nəsimi şöbəsində dolların alışı 1.80, satışı isə 1.85 manatadır.
“NBC Bank”ın 2 saylı mübadilə şöbəsində alış 1.72, satış isə 1.78 manata təklif edilir.
“Atrabank”da dolların alışı ilə satışı arasında 20 manat fərq yaranıb.
Belə ki, dolların alışı 1.65, satışı isə 1.85 manatdır. Bank avronun alış məzənnəsini 1.70, satışını isə 1.97 manat müəyyənləşdirib. “NBC bank”ın Nəsimi şöbəsində dolların alış qiyməti 1.56, satışı isə 1.68 manatdır. “Kredo bank” alış 1.70, satış 1.85 manatdır.
Səməd Vurğun bağının yanındakı valyutadəyişmə məntəqələrində isə dolların alış qiyməti 1.78, satışı isə 1.83 manat təyin edilib. Nəsimi bazarının yaxınlığındakı valyutadəyişmə məntəqələrində alış 1.77, satış isə 1.90 manatdır.
Maraqlıdır ki, həm banklara nisbətən valyutadəyişmə məntəqələrində alıcılara rast gəlinir. Tahir Süleymanov adlı sakin əməkdaşımıza bildirib ki, dolları bankdan alıb, amma valyutadəyişmə məntəqəsində manata çevirir:
"“NBC” banka getdim, satışı sərf eləmədi. Bankla valyutadəyişmə məntəqəsi arasında hər 100 dollarda 12 manat itirirəm. Bu cür pərakəndəlik vaxt itkisidir”. Səməd Vurğun bağının yaxınlığındakı valyutadəyişmə məntəqəsinin sahibi Elnur İsmayılov isə dolların 2 manatadək qalxacağını gözləyir:
“Dekabrın 6-da dollar 1.69 manata satılırdı. İndi isə dolların satış qiyməti 1.83 manatadır. Buna görə də dolların yenidən bahalaşmayacağını heç kim söyləyə bilməz. Yaxın günlərdə qiymət 2 manata yüksələ bilər".
Mərkəzi Bank isə bir yandan növbəti devalvasiyanı şaiyə adlandırır, digər yandan isə ölkədə fəaliyyət göstərən banklarda dolların kursunun müəyyənləşdirilməsinə heç bir müdaxilə etməyəcəyini bildirir.
Onu da xatırladaq ki, bu gün siqaretin qiyməti artdı. Ərzaq və qeyri-ərzaq məhsulları hər gün bahalaşır.