Azərbaycan İnvestisiya Holdinqi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatlara görə, İnvestisiya Holdinqinin keçirdiyi tender müsabiqəsinin qalibi “Push 30” MMC (VÖEN – 1306296231) olub.
Qeyd edək ki, “Push 30” MMC İnvestisiya Holdinqinin 110 nəfər əməkdaşına 1 il müddətində bədən tərbiyəsi və idman-sağlamlıq xidmətləri göstərəcək.
Tender şərtlərində qeyd olunur ki, bədən tərbiyəsi və idman xidmətləri göstərən salonlar müxtəlif ünvanlarda yerləşməlidir. Salonlarda iş saatından əvvəl və sonra, istirahət günləri isə bütün gün boyu istənilən vaxt xidmətlərdən istifadə mümkün olmalıdır. Salonlara gün ərzində iki dəfə giriş imkanı təmin edilməlidir. Bədən tərbiyəsi, idman və idmandan sonra əzələ və vətərlərdə olan gərginliyin azaldılması məqsədi ilə xidmətlərə bir və ya bir neçə idman növu daxil olmalıdır. Bu idman növlərinə fitnes, krossfit, açıq və ya qapalı hovuz və sairə idman növləri aiddir.
İnvestisiya Holdinqo “Push 30” MMC-yə 1 illik xidmət haqqı olaraq 195 min 998 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, bir nəfər əməkdaş üçün ödəniləcək illik məbləğ 1 782 manat (aylıq 148 manat) olacaq.
Məlumat üçün onu da qeyd edək ki, tenderin qalibi olan “Push 30” MMC 16 sentyabr 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mehdi Məmmədov, ev 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Adil Faiq oğludur.
Adil Qasımov
Onu da bildirək ki Adil Qasımov məşhur məhkəmə hakimi Faiq Qasımovun oğludur. Faiq Qasımov hazırda Pirallahı Rayon Məhkəməsinin hakimi və sədridir. O, 2000-2008-ci illərdə Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2008-2018-ci illərdə Bakı Apelyasiya Məhkəməsinin hakimi, 2018-ci ildən 2022-ci ilə qədər isə Bakı Apelyasiya Məhkəməsi Hərbi Kollegiyasının sədri olub.
Faiq Qasımov
Adil Qasımov ötən il mətbuata verdiyi açıqlamada bildirib ki, “Push 30” şirkətinin əsası “London School of Economics”in məzunu, “Sabah Lab” Akselerasiya Mərkəzinin CEO-su, “Mckinsey&Company” şirkətinin keçmiş əməkdaşı Rəhim Bayramlı və “LANDAU School”un həmtəsisçisi, “Sabah Lab” Akselerasiya Mərkəzinin CMO-su , “Humboldt University of Berlin” məzunu Rahul D’Mello tərəfindən qoyulub.
Rəhim Bayramlı
Qeyd edək ki, “Sabah Lab” Akselerasiya Mərkəzinin CEO-su kimi təqdim olunan Rəhim Bayramlı xarici işlər naziri Ceyhun Bayramovun oğludur.(yeniavaz)
Elnur Əli