“2016-ci ildə manat özünü qoruyub saxlayacaq”
2016-cı ilin dövlət büdcəsinin zərfi artıq Milli Məclisə daxil olub və gələn həftədən başlayaraq komitələrdə müzakirə olunacaq. Büdcə zərfi ilk növbədə parlamentin İqtisadi siyasət komitəsində müzakirəyə çıxarılacaq.
"Xeberinfo.com": Məlumata görə, modern.az komitə üzvlərindən büdcə zərfini necə dəyərləndiklərini öyrənib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvi Vahid Əhmədov bildirib ki, hazırda deputatlar büdcə zərfinin üzərində işləyir:
“Əlbəttə, dünyadakı qlobal maliyyə böhranı, neftin qiymətinin kəskin aşağı düşməsi fonunda hökümətin təqdim etdiyi büdcə layihəsini normal hesab etmək olar. Əsas bizi narahat edən məsələlər sosial sahə ilə bağlı idi və ora, ümumiyyətlə, diqqət artırılıb. Hətta keçən ildən də artıq, təxminən 35 faizə yaxın sosial sahəyə vəsait ayrılıb. Digər sahələrə, o cümlədən elmə, təhsilə, səhiyyəyə normal səviyyədə vəsait ayrılıb, elə bir ciddi problem yoxdur. Yalnız investisiya layihələri ilə bağlı problem var. Çünki dövlət büdcəsində keçən ilə nisbətən təxminən 25 faiz azalma var. Ona görə investisiya layihələri müəyyən müddətə saxlanılıb. Yəni əsas insanları narahat edən məsələ sosial layihələrin həyata keçirilməsidir ki, bununla bağlı heç bir ixtisar yoxdur, əksinə artırmalar var”.
Vahid Əhmədov dövlət büdcəsində neftin qiymətinin 50 dollardan götürülməsini normal qiymətləndirib: “Orta hesabla proqnozumuz belədir ki, 2016-ci ildə neft təxminən 55 dollar səviyyəsində olacaq. Ona görə də dövlət büdcəsinə ciddi iradımız yoxdur”.
Deputat qeyd edib ki, burada əsas yük bu il də olduğu kimi Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Gömrük Komitəsinin üzərinə düşür:
“2015-ci ilin 6 aylıq yekunlarına baxdım, Vergilər Nazirliyi bu sahədə çox mükəmməl iş görür. Çünki dövlət büdcəsi vergi və digər gəlirlərdən asılıdır. Fikrimcə, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu 2016-ci ildə öz işlərini yüksək səviyyədə quracaqlar, nəticədə dövlət büdcəsində problem yaranmayacaq. Manatın məzənnəsi ilə əlaqədar da hökumətin rəqəmləri 1,05 səviyyəsində göstərilib. Bu o deməkdir ki, 2016-ci ildə də manat özünü qoruyub saxlayacaq. Bunun üçün dövlətin 40 milyarda yaxın ehtiyatı var. Yəni 2016-ci ilin dövlət büdcəsi normaldır”.